Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən tədbirlər davam etdirilir.
Strateq.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, dekabrın 5-də Baş İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis İdarələrinin əməkdaşları rayon ərazisində növbəti belə tədbir keçiriblər:
“Bu zaman Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığındakı mağazanın sahibi paytaxt sakini Anar Kazımlının yetkinlik yaşına çatmayan 11-ci sinif şagirdinə tütün məmulatı satması müəyən edilib.
Fakt təsdiqini tapandan sonra həmin mağazanın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və o, qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə edilib.
Daxili İşlər Nazirliyi alkoqollu içkilər və tütün məmulatlarının satışı ilə məşğul olan şəxslərə xəbərdarlıq edərək bildirir ki, azyaşlılaraq və yetkinlik yaşına çatmayan şəxslərə qeyd edilən məhsulların satışı qanunla qadağan edilib. Paytaxt, eləcə də regionlarda bu qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütəmadi reydlər və qətiyyətli tədbirlər bundan sonra da davam etdiriləcək.
Paylaş: