Xəbər lenti

 

Əhməd Əsəd Uras adı indi bizə çox uzaq olsa da, onun ata-babaları vaxtilə Azərbaycan ərazisindən Türkiyəyə köç ediblər.

Özü 1882-ci ildə Amasiyanın Kumacık məhəlləsində Hacı Nuri bəyin övladı olaraq doğulub. Ataları vaxtilə Şirvan–Kürdəmir bölgəsindən gələn Şirvanizadələr ailəsinə mənsubdurlar. Şamaxıdan Amasiyaya gələn babası İsa Ruhi əfəndi Mövlanə İsmayıl Şirvanizadənin qardaşı oğlu və kürəkənidir. Bu ailədən Əli Rüşdi paşa Osmanlıda sədrəzəm olub. Əsəd Urasın atası Hacı Nuri bəy qazı olub.

Uras Fateh Əsgəri rüşdiyyəsində və Vəfa Edadisində orta təhsil alıb. 1904-cü ildə Mülkiyə məktəbinin siyasi elmlər fakultəsini bitirib. Bir müddət İzmir liseyində fransız dili müəllimi olaraq çalışıb, ardınca Mudurnu, Zonquldak, Ahtabolu, Van ilçələrində kaymakam vəzifəsini daşıyıb. Vanda işlədiyi müddətdə Akdamarda ermənilərlə danışıq aparan heyətin sədri olub.

Əsəd bəy Mülkiyyədə tələbə ikən və İzmitdə işləyərkən Sultan II Əbdülhəmidin xüsusi dəstəyi ilə bir ermənidən ingilis və erməni dillərini öyrənib. 1908-ci ildə Van-Gevaş kaymakamı olduğu zaman Akdamardakı erməni yazıları ilə maraqlanıb və onları oxuyub.

Birinci Dünya müharibəsində Osmanlı kəşfiyyatında çalışıb, 1916-cı ildə siyasi şöbə müdiri vəzifəsinə yüksəldilib. 1916-cı ildə Daxiliyyə nəzarətinin istəyi ilə erməni dəstələrinin əməl və hərəkətləri ilə bağlı kitab hazırlayıb. Erməni dilini mükəmməl bildiyi üçün İsveçrəyə gedib, oradakı erməni təşkilatlarına özünü erməni kimi təqdim edib, onların gizli nəşriyyatlarını və nizamnamələrini ələ keçirib. 280-nə qədər topladığı ermənicə nəşrləri 1950-ci ildə TBMM kitabxanasına hədiyyə edib.

Osmanlının məğlubiyyətindən sonra bağlanan Mudros (1918) müqaviləsindən sonra bir çox türk siyasətçiləri və ziyalıları kimi o da həbs olunub, Bəkirağa bölüyünə göndərilib. Beş aylıq həbs müddətindən sonra Şuray-i dövlətin qərarı ilə azad edilib. Anadoluya keçən Əsəd Uras Türkiyə Böyük Millət Məclisi (TBMM) hökuməti üçün çalışıb. Milli mücadilə illərində Ankarada Əmniyyət genəl müdiri olub, Qars anlaşmasında iştirak edib. 1921-ci ildə Qars, 1922-ci ildə Rizə mutasarrıfı (Osmanlıda idari vəzifələrdən biri) vəzifəsinə təyin edilib.
Lozan anlaşmasında müşavir olan Uras 1923-cü ildə Amasiyanın millət vəkili olub.

1924-1931 illərdə partiya müfəttişi kimi Qars, Bəyazid, Ərzurum, Artvin və Ərzincanı dolaşıb. “Hakimiyyəti-milliyyə” qəzetində bir neçə romanı dərc edilib. Türk Tarix Qurumunun üzvü olub.
1950-ci ilə qədər millət vəkili olan Uras ömrünün son illərini Ankarada yaşayıb. 11 yanvar 1957-ci ildə Ankarada vəfat edib.

Əsəd Uras ermənilər haqqında ən yaxşı əsərin müəllifi hesab olunur. “Tarixdə ermənilər və erməni məsələsi” kitabı 1950-ci ildə Ankarada nəşr olunub. Əsər ingilis dilinə də çevrilib.

Ə.Uras bir neçə kitabın da tərcüməçisidir. 1942-ci ildə onun tərcüməsində “Təhmasqulu xanın təvarihi”, 1943-cü ildə “Rusçuk ayanı Alemdar Mustafa paşanın həyatı və qəhrəmanlıqları”, 1956-cı ildə “Niğbolu xaçlı səfəri” adlı kitablar işıq üzü görüb.

Qaynaq:
1. Yunus Zeyrek. Esat Uras ve Ölümsüz Eseri Tarihte Ermeniler ve Ermeni Meselesi
2. Ali Çankaya. Yeni Mülkiye Tarihi ve Mülkiyeliler. 3-cü cild, 1968. \\Teleqraf.com

 

  




Ana səhifəyə qayıt        Baxış: 400          Tarix: 17-12-2019, 00:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma