Azərbaycan “Şərq tərəfdaşlığı” layihəsində birləşən keçmiş SSRİ-i ölkələrinin bəzilərindən fərqli olaraq assosiasiya haqqında sazişi imzalamayan ölkədir.
Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Rossiya-24” televiziya kanalına müsahibəsində bildirib.
"Mən onu əvvəldən axıradək oxumuşam. Başa düşdüm ki, bu, saziş deyil. Bu, təlimatdır. Bunlar bizim əməl etməyimiz üçün yuxarıdan göndərilən təlimatlardır. Mən öz komanda üzvlərimə sual verdim. Bu təlimat bizim nəyimizə lazımdır? O, bizə nə verəcək? Burada Azərbaycan üçün hər hansı əməli fayda varmı? Mən şəxsən bunu görmədim. Ona görə də biz Avropa Komissiyasına bunun yerinə bizim üçün faydalı olacaq, Azərbaycan vətəndaşlarına bu addımı nədən ötrü atdığımızı izah edə biləcəyim ikitərəfli saziş üzərində işləməyi təklif etdik. Axı, biz kiminsə xoşuna gəlmək üçün və ya sadəcə ondan bizdə də var demək xətrinə saziş imzalaya bilmərik. Biz bu cür işləmirik. Bizim əldə edəcəyimiz hər hansı saziş, hər hansı razılaşmanın konkret nəticələri olmalıdır.
Biz bu gün Rusiya-Azərbaycan münasibətlərindən bəhs etdik. Görürsünüz, hər məsələdə konkret nəticə var, bizim razılıq əldə etdiklərimizin və imzaladıqlarımızın hamısı həyata keçirilir. Biz Avropa Komissiyasına da bunu təklif etdik və deməliyəm ki, yeni saziş üzrə danışıqlar bütövlükdə pis getmir. Bəndlərin 90 faizindən çoxu razılaşdırılıb. Lakin razılıq əldə olunmayan bəndlər bizim üçün qətiyyən qəbuledilməzdir. Əgər Avropa İttifaqının mövqeyində dəyişiklik baş verərsə, onda biz nəticəyə hesablanmış danışıqları davam etdirə bilərik", - Prezident qeyd edib.
Paylaş: