Xəbər lenti

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ağır texnikası poliqona torpaq sahələrindən keçərək gedir və bu zaman taxıl əkinlərini məhv edir. Ermənistanın Şirak vilayətinin Marmaşen kəndinin sakinləri onlara dəyən ziyana görə təzminat tələb edirlər. Ancaq kimə müraciət edəcəklərini bilmirlər.

 «Keçən il dolu vurdu, bu il də tanklar. Buranı özlərinə yol eləyiblər, özlərinə daha kəsə yol tapıblar. Solyarkanı boş yerə işlətmək istəmirlər, ona görə də sahələrimizi əzib keçirlər», – deyə kənd sakinləri “Azadlıq” radiosunun erməni xidməti ilə söhbətdə gileyləniblər.

«Kamxud» poliqonu dörd kənd icmasının yaxınlığında yerləşir. Artıq bir neçə ildir ki, Rusiya hərbi texnikası kənd təsərrüfatı sahələrinin üzərindən keçərək hərəkət edir. Ancaq əgər əvvəllər yalnız bilavasitə poliqona bitişik sahələr ziyan görürdüsə, indi Rusiya tankları yollarını qısaltmaqdan ötrü daha çox əkin sahəsini əzərək keçir. Beləliklə də zədələnmiş ərazilərin sahəsi artır.

Marmaşen kəndinin sakinləri deyirlər ki, hələ bu il onlara dəymiş zərərin məbləğini hesablamayıblar. Əvvəlki illərin ziyanına görə heç vaxt təzminat almayıblar. Kəndin başçısı Gurgen Yeghoyan vilayət administrasiyasının sonuncu iclasında kəndlilərə dəyən ziyan məsələsini qaldırıb.

 «Məsələ burasındadır ki, sahənin zədələnmiş hissələri təkrar əkilib. Ancaq artıq 10 gündür ki, ardıcıl, demək olar, hər gün rus tankları eyni yolla hərəkət edir», – o deyir.

Şirak vilayətinin keçmiş qubernatoru Hovsep Simonyan Rusiyanın Gümrüdəki hərbi bazasının nümayəndəsi ilə görüşüb. O, bildirib ki, Rusiya tərəfiylə hərbi texnikanın, tankların kəndlilərin əkin sahələri ilə getməməsi üçün onların hansı marşrutu seçməli olduğunu müzakirə ediblər.

«Kənd başçılarının qaldırdığı məsələ yetərincə ciddi problemdir. Belə nəticəyə gəldik ki, onlar öz texnikalarının tərkibini maksimum dəyişməlidirlər», – deyə keçmiş qubernator qeyd edib. O deyib ki, söhbət yüklərin tırtıllı yox, təkərli texnikayla daşınmasından gedir.

Kənd sakinlərinə vurulan zərərin əvəzinin ödənilməsinə gəlincə, zərərin məbləğini hesablamağa komissiya yaradılacaq və ziyanı kimin ödəyəcəyi müəyyən olunacaq. Odur ki, hələlik, təzminatları Rusiya, yoxsa Ermənistanın ödəyəcəyi bəlli deyil.

102-ci hərbi bazanın komandiri Vladimir Yelkanov məzuniyyətdə olduğundan sözügedən görüşə onun müavini qatılıb. Bazanın komandiri məzuniyyətdən qayıdandan sonra daha bir görüşün keçirilməsi planlaşdırılır. Gözlənildiyinə görə, həmin görüşdə yekun razılaşma əldə ediləcək. Kənd sakinlərinin özlərinə gəlincə, onların təzminat alacaqlarına bir o qədər də ümidi qalmayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 917          Tarix: 12-06-2017, 17:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma