Xəbər lenti


İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fridrix fon Hayek “Azadlığın konstitusiyası” kitabında yazıb: “Biz texnoloji imkanların inkişafının şüurumuzun üzərində nəzarəti epoxasının astanasında dayanmışıq”.  

Yaşadığımız informasiya cəmiyyətində bizim bütün həyatımız İnternetin ətrafında cərəyan edir.  Jurnalistlər İnternetin təkamülü prosesinin bir mərhələsində anladılar ki, onların yerini blogerlər tutublar. Jurnalist olmaq üçün ali məktəb bitirmək, analitik yazılar, oçerklər yazmaq, təhlilər aparmaq lazımdır. Bloger üçün bunların heç biri vacib deyil. O, özü-üzünü elan edir. Başqa sözlə, özü-özünün ağasıdır. O, senzurasızlıqdan və nəzarətsizlikdən istifadə edib, istənilən məsələyə, bir çox hallarda şüursuz şəkildə,  subyektiv, qərəzli münasibətini püskürür. İnternet yarananda onun mərkəzi ierarxiyası yox idi. İnternetə bağlı olan bütün komputerlər eyni hüquqa malik idilər. Barak Obama 2012-ci ildə maraqlı bir açıqlama ilə çıxış etdi: “İnternet öz-özünə yaranmayıb. İnterneti alimlər dövlətin sifarişi əsasında yaradıblar”.

İndi isə dövlətin nəzarətindən çıxıb! Dünyada İnternetə nəzarəti edən ölkələrin sayı durmadan artır. Dövlətin və xalqın mənafeyinə toxunan məsələlər ortaya çıxandan sonra ona senzuranın tətbiqi üzərində düşünməyə başladılar. 2016-cü ilin məlumatına görə artıq 50-dən çox ölkə bu addımı atıb. Bir sıra ölkələrin səyləri nəticəsində  Birləşmiş Millətlər Təşkilatının nəzdində 193 ölkənin üzv olduğu “Beynəlxalq elektrik rabitə İttifaqı”  İnternet üzərində nəzarəti həyata keçirməyə nail ola bilib.  Bura domenlərin qeydiyyatından tutmuş, İnternetdə anonimliyin aradan qaldırılmasına qədər tədbirlər daxildir. İllər ötdükcə, sosial şəbəkələrin yeni məziyyətləri ortaya çıxır və müşahidələr göstərir ki, ölkənin əleyhinə olan qüvvələrin şəbəkələri genişlənir. Təhqir, söyüş, təhdidlər sanki sosial şəbəkələrdə böyük bir kəsimin gündəlik həyat tərzinə çevrilib. Görürük ki, bunların çoxu müəyyən qüvvələrin təsiri altına düşərək məqsədli şəkildə hansısa maraqlar çərçivəsində xalqımızın əleyhinə işlər aparırlar. Son günlərin hadisələri dediklərimi sübuta yetirdi. Süni bəyənmələr və bəyənənin şəxsiyyətinin qeyr-müəyyənliyi ictimaiyyəti çaşdırmağa xidmət edir, onları isə “ruhlandırır.”

Almaniya, Fransa, ABŞ, Rusiya və bu günlərdə qardaş Türkiyənin sosial media platformalarında qanunsuz məlumatların yayılması, paylaşmaların edilməsi ilə bağlı qəbul etdikləri qanunlara nəzər saldıqda görürük ki, Azərbaycanda da bu sahədə boşluqlar mövcuddur. Düşmənlərimiz və əlaltıları isə bu boşluqdan rahatca istifadə edərək öz məkrli fəlaiyyətlərini həyata keçirirlər.  Türkiyədə 2007-ci ilin 4 may tarixində “İnternet məkanınında yayımların tənzimlənməsi və bu yayımlar vasitəsilə işlənən cinayətlərlə mübarizə aparılması haqqında” Qanun qəbul edilib. Və son olaraq Türkiyə Böyük Millət Məclisi tərəfindən 29 iyul tarixində sosial mediaya aid tənzimləmələri özündə ehtiva edən 9 maddədən ibarət dəyişikliklər qeyd olunan Qanuna əlavə edilib. Almaniyada olduğu kimi, bundan sonra Türkiyədə də sosial  mediada böhtan, təhqir və təcavüz kimi cinayətlərin qarşısı bu yolla alınacaq. Twitter, Facebook və digər böyük sosial media platformaları ölkədə nümayəndəlik açmaq məcburiyyətində olacaq.

Düşünürəm ki, Azərbaycanda da belə bir qanunun qəbul olunması olduqca vacibdir. Bunu etməklə cəmiyyətdə sağlam-mənəvi mühitin dərinləşməsi və saflaşmasına töhfəmizi vermiş olarıq. Yalan informasiyalar, təhdidlər, təhqirlər gənclərin şüuruna mənfi təsir göstərir. Azərbaycan sivil ölkədir və hesab edirəm ki, sosial şəbəkələrdə bu cür arzuolunmaz halların aradan qaldırılmasında cəmiyyətin bütün təbəqələri iştirak etməli və bunun hüquqi həllinin tapmasına dəstək verməlidirlər.modern.az






Ana səhifəyə qayıt        Baxış: 3 023          Tarix: 31-07-2020, 14:12      


Paylaş:   

Ən çox oxunanlar