Xəbər lenti


“İran bu münaqişədə Ermənistana qəti dəstək mövqeyi nümayiş etdirir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyada fəaliyyət göstərən tanınmış şərqşünaslardan biri, tez-tez Rusiya mərkəzi telekanallarının qonağı olan Karine Qevorkyan söyləyib.

Onun fikrincə, İran artıq Türkiyənin Cənubi Qafqazdakı mövcudluğunun əleyhinə səsləndirdiyi sərt bəyanatlarla Qarabağ münaqişəsində Ermənistanın tərəfində olduğunu ifadə etmiş olub: “Tehranda yaxşı başa düşürlər ki, baş verənlər İrana və Rusiyaya qarşı yönəlib. Və Rusiyadan fərqli olaraq, İran daha qəti mövqe nümayiş etdirməkdədir.”

Daha sonra K.Qevorkyan qeyd edib ki, İran hakimiyyəti ölkənin şimalındakı əhalinin Azərbaycanı dəstəkləməsinin qarşısını sərt şəkildə alır: “Azərbaycanı dəstəkləməyə çağıran fəallar ya saxlanılıb, ya da həbs olunublar.”

Erməni mütəxəssis hesab edir ki, İranın üzərindən silah embarqosu götürülən kimi, Tehran Ermənistana sərbəst şəkildə silah verə biləcək: “Oktyabrın 18-də İranın üzərindən silah embarqosu götürüləcək və İran Ermənistana silah sata, göndərə biləcək.”
K.Qevorkyan xatırladıb ki, İranla “Altılıq ölkələri” arasında 2015-ci ilin iyulunda imzalanmış razılaşmaya görə, İranın üzərinə qoyulmuş silah satışı və alışına dair 5 illik embarqonun müddəti bu il oktyabrın 18-də bitir. İranın həmin tarixdən etibarən istənilən ölkə ilə silah alış-verişində sərbəst olduğunu İran Prezidenti Həsən Ruhani də nazirlər kabinetinin toplantısındakı çıxışında söyləyib.

Nəhayət, K.Qevorkyan qeyd edib ki, İran artıq çoxdandır Azərbaycanla sərhəddə qoşun və xüsusi təyinatlı dəstələr yerləşdirir.
Xatırladaq ki, İran hökumətinin rəsmi mövqeyi münaqişənin dinc yolla həlli və Azərbaycanın ərazi bütövlüyünə hörmət üzərində formalaşıb.

Belə ki, son olaraq Ruhani hökumətinin rəsmi sözçüsü Əli Rəbii deyib: “İki qonşu olan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasındakı mübahisənin sülh yolu ilə həlli yolu var. İran, Türkiyə və Rusiya bu iki qonşunun fikir ayrılıqlarını həll etmək üçün BMT qətnamələrinin həyata keçirməsinə kömək edə bilər. Problem sülhlə yoluna qoyulmalıdır”.



Ana səhifəyə qayıt        Baxış: 2 576          Tarix: 16-10-2020, 16:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma