Xəbər lenti


Pol Tavinyo
“Le Monde”, 30.12.2020
 
“Bu axmaqlar nə edir axı!” – deyə sükan arxasında oturan Azərbaycan əsgəri söyür. Qarşısında rus sülhməramlılarının zirehli maşını bazadan çıxmaq və noyabrın 8-də ermənilərdən geri alınan Şuşa şəhəri səviyyəsində olan Laçın dəhlizini bloklayan nəzarət-buraxılış məntəqəsinə yola düşmək üçün dönməyə çalışır. Üzərinə qoyulan vəzifədən qürur duyan gənc rus əsgəri ucbatından komandir Ərşad (Şuşa administrasiyasının rəhbəri) və polkovnik Məmmədovun (bölgənin hərbi başçısı) oturduğu 2 yolsuzluq avtomobili artıq 10 dəqiqədir ki, yerindən tərpənə bilmir.
Onların düz burunlarının ucu yanından erməni mülki maşınları keçir. Bəzən endirilən pəncərələrdən (10°-lik şaxtaya baxmayaraq), erməni dilində, görünür, xoşagəlməz qışqırıqlar eşidilir. Azərbaycan hərbçiləri buna əhəmiyyət vermirlər. Komandir Ərşad dəbilqə və maskalı, yalnız gözləri görünən bir rus əsgəri ilə danışmaq üçün maşından çıxır. Nəticə əldə edə bilmədiyindən yorğun şəkildə maşına qayıdır.
Qara rəngli zirehli PDM, nəhayət, bazadan çıxır və yolu tamamilə kəsir. Stulların, masaların və digər mebellərin onun damına bağlandığı aydın olur. Zabitlərin əsəbiliyi şənlənməylə əvəzlənir və bu, yalnız rus hərbçi hər cür şəkildə əsgərləri “lənətləməyə” başladıqda güclənir (söyüşlü lənətlər bütün postsovet məkanında başa düşülür), çünki tabeliyində olan gənc əsgərlər səhra mətbəxini qoşquya düzgün bağlaya bilməyiblər. Nəhayət, bütün bu qəribə qoşqular 150 metr məsafədə yerləşən başqa bir Rusiya bazasına tərəf aparılır.
 
Yeganə yol
Dövlət təhlükəsizliyi forması geyinmiş polkovnik Məmmədov deyir: “Ruslar bizim üçün həyatı çətinləşdirir. Şuşanın təhcizatı üçün onlardan asılıyıq. Ancaq bu müvəqqətidir”. 9 noyabr gecəsi atəşkəs [razılaşması] imzalanarkən, şəhər Azərbaycan ordusunun Dağlıq Qarabağda maksimum irəliləmə nöqtəsinə çevrilib.
Şəhər 1500 metr yüksəklikdə olan təbii bir qaladır. Bu rəmzi məkan 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağdakı əməliyyatda Azərbaycan hökumətinin minimum hədəfi idi. Dekabrın 26-da “Le Monde” münaqişə bitdikdən sonra şəhərə daxil olan ilk xarici media orqanı olub.
Şuşaya gedən yalnız bir yol var, o da rus sülhməramlılarının nəzarətindədir. Bu yol Qarabağ erməniləri üçün bölgəni Ermənistanla bağlayan əsl şah damarıdır. İndi, 44 gün davam edən döyüşlərdən sonra (ekstremal iqlim şəraitinə və dağlıq əraziyə baxmayaraq,) Azərbaycan geri qaytara bildiyi ərazi boyunca yeni bir yol çəkir.
Buna görə də, hələlik Şuşaya tədarük edən Azərbaycan nəqliyyatı Rusiya bayrağının dalğalandığı bir yolsuzluq avtomobilinin müşayiəti ilə erməni kəndlərindən keçərək 42 kilometrlik bir yolu qət etməli olur. Üstəlik, bununla bağlı cədvəldə razılığa gəlməyi lazım hesab etmir və bir neçə gün ümumiyyətlə görünməyə bilər. “Axşam saatlarında münaqişə riski artır, çünki ermənilər içir və təcavüzkar olurlar, – deyə polkovnik əlavə edir. – Daim insidentlər olur. Bir həftə əvvəl nəzarət məntəqələrimizdən birinə əl qumbarası ilə yaxınlaşan bir ermənini vurduq”.
Onun sözlərinə görə, “müharibə bitməyib, erməni hərbçiləri getməyiblər, zirehli maşınları gizlədir və anbarları silahla doldururlar”. O, atəşkəs razılaşmasının 4-cü bəndinə istinad edir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”. Ancaq ruslar heç bir şey olmamış kimi davranırlar.
 
“Bıçaq və tüfənglə”
“Ermənilər gedənə qədər qışın ortasında dağlarda çadırlarda yataraq sağlamlıqlarına xələl gətirən gənc əsgərlərimizi tərxis etməyəcəyik”. Polkovnik döyüşmək istədiyini gizlətmir: “Daha irəli getməyə hazırıq. İndi yalnız qoşun deyil, tanklarımız da var”.
Necə olursa-olsun ki, qış Şuşada yerləşən minlərlə Azərbaycan əsgəri üçün sərt olacağını vəd edir. Noyabr ayının ilk həftəsində şəhəri ələ keçirən xüsusi təyinatlı qüvvələrin komandiri İdris Məhərrəmov deyir: “Beş aydır ailəmi və doğmalarımı görmürəm”.
Şuşada yerləşən əsgərlər onu qəhrəman hesab edir və bir neçə min nəfər onun əmrindədir. Əsgərlər deyir: “Onların zirehli maşınları və pilotsuz təyyarələri yox idi. Əllərində bıçaq və tüfənglə Şuşanı azad ediblər. Bu şücaət dünyanın bütün hərbi məktəblərində öyrəniləcək”. Buna baxmayaraq, İdris Məhərrəmova əməliyyatın təfərrüatlarını açıqlamaq qadağandır, bu əməliyyatlar Prezident İlham Əliyevin özü açıqlayana qədər gizli saxlanılır.
Hazırda Şuşada yaşamaq bal yemək deyil. Elektrik enerjisi sarıdan şəbəkə bağlantısı yoxdur və bir ovuc generator ən vacib binalara enerji verir. Hərbçilər təzək yandırılan sobalarla qızınırlar. Soba boruları qırıq pəncərələrdən və divarlardakı dəliklərdən çölə çıxır. Zabit yeməkxanası şəhər yüksəkliklərindəki böyük bir evdə yerləşir. Yalnız sobanın yerləşdiyi otağın qapısı var.
“Şuşanı yenidən firavan bir şəhərə çevirəcəyik, hər şey yenidən qurulacaq. Mülki əhali buraya yayda qayıdacaq”, – deyə komandir Ərşad vəd edir. Elektrik təchizatı 2 həftə ərzində bərpa olunmalıdır. Mobil rabitə artıq qurulub və əsgərlər yaxınları ilə asanlıqla ünsiyyət qura bilirlər. Çörək sexi artıq tam gücü ilə işləyir və bu yaxınlarda bir baqqal dükanı açılmalıdır.
Yalnız bir neçə bina təmirə ehtiyac duymasa da, şəhərin hər yerində şüşələr qırıqdır. Komandir Ərşad deyir: “Şuşa ələ keçirildikdən sonra ermənilər hər biri atəşə tutulma ilə başlayan 2 əks-hücum həyata keçirməyə çalışdılar. Zərəri özünüz görə bilərsiniz”. Şəhər Azərbaycan ordusu tərəfindən də atəşə tutulub. Erməni Kazançetsots məbədi kimi simvolik binalar xaricində konkret dağıntılar üçün kimin cavabdeh olduğunu söyləmək çətindir.
İçəridə yalnız Azərbaycan əsgərlərinin qraffiti yazıları ilə zibil və boşluq var, yazıların üstünə təzə boya çəkilib. Burada “ermənilər özləri məbədi bombaladılar”, -deyirlər. Əslində, ona oktyabrın 8-də damı şərq tərəfdən deşən iki “hava-yer” raketi atılıb. “Human Rights Watch” fəalları raket qalıqlarını 2 gün sonra götürməyə müvəffəq olublar: modeli qəti şəkildə müəyyənləşdirmək mümkün olmayıb, ancaq göründüyü kimi, söhbət idarə olunan raketlərdən gedir.
 
Tərk edilmiş miras
Hər iki zərbə bir saat fərqlə baş verib və raketlər demək olar ki, eyni yerə düşüb: yayınma cəmi 2 metr idi. Bundan əlavə, həmin gün Şuşadan atəş açılmayıb. Erməni kilsəsi Kanaç Jam daha ciddi ziyan görüb və iki zəng qülləsini itirib. Yerli əsgərlər bunların ermənilər tərəfindən işğal edilmiş rus kilsələri olduğunu iddia edirlər, lakin heç bir tarixi mənbə bunu təsdiqləmir.
Gövhər Ağa – şəhərinin əsas məscidi bombalardan zərər görməyib, lakin onun görünüşü komandir Ərşadı əsəbiləşdirir: “Ermənilər bu məscidin bizə aidiyyətını məhrum etmək naminə iranlıları bərpa üçün dəvət ediblər. Bundan əlavə, sistemli şəkildə Şuşadakı bütün Azərbaycan binalarını söküblər”. O, divarları çökməyə hazır olan başqa bir böyük məscid, bir saray və köhnə evləri göstərir – 30 il baxımsız qalan Azərbaycan irsi.
19-cu əsrdə bu şəhər yalnız Tiflisin rəqabət apara biləcəyi, Qafqazın mədəniyyət paytaxtı idi. Şuşa Azərbaycan mədəniyyətinin, ilk növbədə, musiqi və poeziyanın beşiyidir.
Şəhərin kökləri barədə mübahisələr var, lakin burada bir neçə əsrdir ki, qarışıq Azərbaycan-erməni əhalisi yaşayıb. Dinc yanaşı yaşamaq, əks-sədaları XX əsrdə davam edən qarşılıqlı qırğınla 1905-ci ildə sona çatıb. Noyabr ayının əvvəllərində şəhər azərbaycanlıların ixtiyarına keçib, lakin onun çoxmədəniyyətli kökləri o qədər əziyyət çəkib ki, ağac artıq meyvə verə bilməz.
Tərcümə: Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 2 845          Tarix: 31-12-2020, 12:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma