Xəbər lenti


Bəşəriyyət əleyhinə bu cinayətin başında dayananların mühakimə olunacağı gün də uzaqda deyil...   

Erməni canilərinin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımının 29-cu ildönümü tamam olur. Əslində bu soyqırım aktı təkcə bizim xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş insanlıq suçudur...
Xatırladaq ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti, Ermənistan ordusu və Qarabağdakı erməni terrorçular tərəfindən törədilib. Heç şübhəsiz ki, insanlığa qarşı törədilmiş bu dəhşətli cinayət Ermənistan Respublikasının ovaxtkı siyasi rəhbərliyi tərəfindən təşkil edilib. Günahsız insanlara qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Bu bəşəriyyət əleyhinə cinayətin başında dayananların mühakimə olunacağı gün də uzaqda deyil. Necə ki, Qarabağın işğaldan azad edilməsinə olan inamımız 44 günlük savaşda gerçəkləşdi. Xocalı soyqırımı, Qarabağın və millətimizin ən ağır yara aldığı günü məhz Xocalıda anmaq istərdik, amma hələ ki mövcud reallıqlar səbəbindən bu, mümkün deyil. Amma Xocalı soyqırımını bu dəfə fərqli qarşılayırıq. Qarabağ Zəfərimiz var, Şuşa daxil, torpaqlarımızın böyük hissəsini azad etdik 44 günlük savaşda. Üstəlik, Xocalını göz baxışı ilə görəcək durumumuz var. Xocalının qisasını işğalçı Ermənistandan və qatil erməni komandanlarından alan qüdrətli ordumuza güvənirik. İnşallah, bu siyasət və bu iddia ilə ən yaxın zamanlarda Xocalının özünü də tam kontrolumuza alacağıq. Beləliklə, gələn il bu zaman anım şamlarını və şəhidlərin ruhlarına fatihələri birbaşa Xocalıda icra edəcəyik.

Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək. Bu barədə “Yeni Müsavat”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, hər il olduğu kimi, bu il də xalqımız Xocalı soyqırımı qurbanlarının unudulmaz və əziz xatirəsini böyük kədər və hüznlə qeyd edəcək, vətəndaşlarımız anım mərasimlərinə qatılacaqlar. “Lakin bu zaman onların koronavirus infeksiyasına yoluxma riskinin çox olmasını və mövcud karantin rejiminin tələblərini nəzərə alaraq bu il Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonu ərazisində yerləşən abidəni ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək. Belə ki, ”Ana harayı" abidəsini ziyarət etmək istəyən vətəndaşlar mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdır. Ona görə də vətəndaşlar abidənin ətrafına beş nəfərlik qruplarla daxil olmalı və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxmalıdırlar. Abidənin ətrafında insanların toplaşması yolverilməzdir. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə “Ana harayı” abidəsi istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu tələblər yalnız vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması məqsədi daşıyır və əminik ki, ziyarətçilər anlayışla qarşılayacaqlar", -məlumatda vurğulanıb.

Beynəlxalq jurnalist təşkilatı Global Journalism Council (Küresel Gazeteciler Konseyi - KGK) və Türkiyənin “Haber Global” televiziyasının təşkilatçılığı ilə bir qrup xarici jurnalist Xocalı soyqırımının 29-cu ildönümündə iştirak etmək üçün Bakıya gəlib. Dünyanın müxtəlif yerlərindən gələn jurnalistlər həm Azərbaycan həqiqətlərini daha yaxından bilmək, həm Xocalı soyqırımı zamanı günahsız insanların başına gətirilən hadisələri işıqlandırmaq, həm də işğaldan azad edilmiş ərazilərimizdə törədilmiş erməni vandallığını öz gözləri ilə görüb dünyaya çatdırmaq üçün ölkəmizdədirlər.
Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə görülməli olan işlər də az deyil. Bu işlər cinayətkarların cəzalandırılmasınadək yorulmadan davam etdirilməlidir.

 Musa Qasımlı 
Deputat, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “Yeni Müsavat”a bildirdi ki, bu il Xocalı soyqırımı qurbanlarının xatirəsini fərqli mühitdə qarşılayırıq: “Şuşa şəhəri və digər ərazilərimiz işğaldan azad edilib. Millətimiz qalib, ordumuz müzəffərdir. İnşallah, Xocalıda da dövlət bayrağımız ucaldılacaq. Xocalıda işğalçı Ermənistanın törətdiyi soyqırımı haqqında həqiqətlərin dünyaya  çatdırılmasında cənab Prezidentimiz İlham Əliyevin bir neçə il əvvəl müəyyənləşdirdiyi hücum diplomatiyasının yerinə yetirilməsi mühüm rol oynadı. Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun fəaliyyətləri bu baxımdan bir örnəkdir. Fondun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı ”Xocalıya ədalət" kampaniyası çərçivəsində xeyli işlər görüldü. Kitab və məqalələr yazıldı, filmlər çəkildi, dünyanın bir sıra ölkələri bu soyqırımını tanıdı. Diaspora təşkilatları da yaxşı işlədilər". M.Qasımlı rəhbərlik etdiyi institutun gördüyü işlərdən də bəhs etdi: “Qafqazşünaslıq İnstitutu olaraq biz soyqırımı haqqında həqiqətlərə dair Azərbaycan, ABŞ, Fransa,  Özbəkistan, Türkiyə, Gürcüstan, İsrail və Rusiya alimlərinin iştirakı ilə bir kitab nəşr etdik, xaricdə məqalələr dərc olundu. Keçirdiyimiz beynəlxalq forumlarda Xocalıda törədilən soyqırımı haqqında məruzələr dinlənildi. Amma hesab edirəm ki, görəcəyimiz işlər hələ çoxdur. Hər birimiz daha çox fəal olmalı, diasporamız olduqları ölkələrin parlamentinə müraciətlər yollamalı və geniş informasiya yaymalıdır”.

 Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a dedi ki, bu il Azərbaycan xalqı Xocalı faciəsini tamam fərqli ab-havada qeyd edir: “Azərbaycan xalqı 44 günlük müharibədə hərb meydanında qələbəsini təmin etdi. Bu il Xocalının ildönümünü qalib xalq kimi qeyd edirik. Ancaq münaqişə mərhələsi arxada qalsa da, mübarizə davam edir”. C.Məmmədov əlavə etdi ki, erməni xalqı hələ də zərərli ideologiya və xəstə təxəyyüldən xilas ola bilməyib: “Ona görə səbirlə, təmkinlə prosesə adekvat reaksiya verməyi bacarmalıyıq. Hazırda iki ölkə arasında çox ciddi informasiya müharibəsi gedir. Bu müharibədə uduzmamaq üçün bir neçə istiqamətdə ciddi və ardıcıl işlər getməlidir. Xaricdəki səfirlikərimiz erməni yalanlarının ifşası və vəhşiliyinin təbliği istiqamətində səylə çalışmalıdırlar”. Deputat bildirdi ki, bunun üçün kifayət qədər fakt və sübutlar var: “Bunlardan maksimum yararlanmalıyıq. Burada diaspor qurumlarının üzərinə də ciddi vəzifələr düşür. Onlar da yaşadıqları ölkələrdə fəal və ardıcıl iş aparmalıdırlar. Həmçinin hər bir Azərbaycan vətəndaşı bu prosesdə aktiv olmalı, bu işə öz töhfəsini verməyə çalışmalıdır. Burada sosial şəbəkələrin imkanlarından səmərəli istifadə də xüsusi əhəmiyyət daşıyır. Bu prosesə Türkiyə və Azərbaycan diasporunun birgə əməkdaşlığı da ciddi töhfə verə bilər. Əvvəlki dövrlərdə bir sıra birgə tədbirlərin təşkili daha səmərəli nəticələr verdi. Bu istiqamətdə birgə fəaliyyəti daha da gücləndirməliyik”.

 Qafar Çaxmaqlı 
Emənişünas alim Qafar Çaxmaqlı isə qəzetimizə bildirdi ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayət kimi həmişə Ermənistanın başında bir “Domokl qılıncı”dır və biz bundan istifadə edərək ermənilərin üzərinə getməliyik: “Xocalı bir soyqırımı kimi qəbul edilməlidir. Dünyanın ən müxtəlif ölkələrində, beynəlxalq təşkilatlarda onu hüquqi baxımdan soyqırımı kimi tanıtmaq lazımdır. Bu il deyirik ki, 41 ölkədə Xocalı soyqırımı anılacaq. Yaxşıdır. Amma bu ölkələrin sayı ikiqat, üçqat olsa belə, onu beynəlxalq təşkilatlar soyqırım olaraq tanımasalar, heç bir əhəmiyyəti olmayacaq. Biz bundan sonra Ermənistanın özünə bu soyqırımı törətdiyini qəbul etdirmək siyasətini aparmalıyıq. Bunun üçün imkanlar yarana bilər”. Q.Çaxmaqlı hesab edir ki, Xocalı soyqırımını 30-cu ilini məhz Xocalıda anmaq üçün bu gündən hazırlaşmalıyıq: “Ən başlıcası nə edəcəyimizi, hansı addımları atmağımızı bilməliyik”.

Ermənişünas alim bildirdi ki, bəzi hallarda dünya “bizim erməniləri öldürdüyümüzdən və Dağlıq Qarabağı onların əlindən almaq istədiyimizdən”narahat olub, hətta bir çox ölkələrdə Xocalı faciəsinin dəhşətli fotoları ermənilər tərəfindən ermənilərə edilmiş soyqırımı kimi qələmə verilib: “Biz isə sadəcə təkzib etməklə məşğul olmuşuq. Bəzi hallarda isə Xocalı ilə bağlı erməni iddialarını yalanlamaqda gücsüz qalmışıq, çünki ”özümüzünkülər" ermənilərin əlinə imkan vermişlər ki, bu gerçək soyqırımından danışa bilməyək, onu gündəmə gətirə bilməyək".

Q.Çaxmaqlı şübhə etmir ki, ermənilər bu gün Xocalıda törətdikləri gerçək soyqırımı faktından qorxurlar: “Amma biz bu illər ərzində onların üzərinə qərarlı şəkildə getməmişik. Əlimizdə olan bu unikal faktlardan istifadə edərək Xocalı faciəsini soyqırımı olaraq qəbul etmək üçün qanun layihəsi hazırlanmalıdır, bu layihənin içəriisində soyqırımı olaraq bilinən bütün sənədlər qoyulmalıdır. Bunu etməsək, faciənin 100-cü ilində belə heç nəyə nail ola bilməyəcəyik. Məsələnin beynəlxalq həllinə nail olmaq üçünsə ayrıca fəaliyyət lazımdır. Ortada Bosniya nümunəsi var,

Serebrenitsa soyqırımının qəbul edilməsi praktikasından faydalana bilərik. Pis örnək də olsa, ermənilərin qondarma ”1915 soyqırımı" və onun 21 ölkə parlamentlərindən keçirməsi nümunəsi də var. O layihənin içinə nələri qoyurlar ermənilər, “Mavi kitab”dakı iddiaları, Morgentaunun xatirələrini, saxtalaşdırdıqları digər “sənədləri”, yalan-palan fikirləri. Amma bizim sənəd saxtalaşdırmağa ehtiyacımız yoxdur. Hər şey ortadadır. Soyqırımı törədənlər də məlumdur: Köçəryan, Sərkisyan, Ohanyan - yaşayırlar, hamsının ünvanı da bəllidir".
Xocalı soyqırımı qurbanlarını, bütün şəhidlərimizi böyük sayğı ilə anırıq. Əminik ki, uşaq qatilləri bütün cinayətlərinə görə layiqli cəzalarını alacaqlar və Xocalı qurbanlarının da ruhu şad olacaq.

Elşad PAŞASOY,

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 2 802          Tarix: 26-02-2021, 09:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma