Xəbər lenti


IRNA, İran
28.07.2021


Azərbaycanda istirahətin, asudə vaxtın səmərəli keçirilməsi daha çox keçmiş Sovet dövründən qalmış təcrübəyə əsaslanır. Ancaq dünyada gedən proseslər, dəyişən şərait, xüsusən qloballaşma və internet, ucqar bölgələrə belə, texnologiyanın yayılması bu ölkə vətəndaşlarının da həyat tərzinə ciddi təsir göstərib.

Keçmiş Sovet İttifaqı dövründə istirahət, mədəniyyət, idman mərkəzlərinin, çoxsaylı kurortların fəaliyyət göstərməsi Azərbaycan vətəndaşlarının müxtəlif təbəqələrinin dincəlməsi, asudə vaxtlarını səmərəli keçirməsi üçün əlverişli şərait yaratmışdı. Ancaq SSRİ-nin dağılması və sonrakı tənəzzül nəticəsində bu mərkəzlərin çoxu bağlandı.

Azərbaycanın müstəqillik qazandığı ilk on ildə Sovet İttifaqının dağılması nəticəsində yaranmış bir çox iqtisadi problem üzündən vətəndaşların asudə vaxtının idarə olunması ilə bağlı məsələlər hökumətin diqqət mərkəzində deyildi. Həmin dövrdə vətəndaşlar özləri də istirahət və asudə vaxt haqqında düşünmür, daha çox öz gündəlik iqtisadi ehtiyaclarını qarşılamaqla məşğul olurdular.
Kurort və istirahət mərkəzlərinin fəaliyyəti
Neft gəlirlərinin artması, iqtisadiyyatın inkişafı və xalqın rifahının yüksəlməsi ilə Azərbaycan dövləti vətəndaşların istirahətini təşkil etmək üçün bir sıra proqramların icrasına, bu sahəyə investisiya yatırmağa da başlayıb. Keçmiş Sovet İttifaqından qalmış kurort və istirahət mərkəzlərinin yenidən qurulması, həmçinin Azərbaycanın müxtəlif bölgələrində yeni istirahət mərkəzlərinin tikilməsi hökumət tərəfindən bu sahədə həyata keçirilən tədbirlər sırasındadır. Bu, təbii ki, ölkədə turizmin çiçəklənməsinə də təkan verib.

SSRİ dövründən qalmış təcrübəyə əsasən, bir sıra dövlət qurumlarının işçiləri illik məzuniyyətlərini ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən kurortlarda və istirahət mərkəzlərində keçirir. Həmin kurortlarda, istirahət mərkəzlərində qalmaq xərcinin yarıdan çoxunu hökumət həmkarlar ittifaqı təşkilatları vasitəsi ilə öz üzərinə götürür. Müxtəlif sahələrdə, eləcə də elm, mədəniyyət və təhsil sektorlarında fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatları işçilərin sosial təminat məsələlərini həll etməklə yanaşı, istirahətinin təşkilinə görə də məsuliyyət daşıyır. Başqa sözlə, Azərbaycanda dövlət işçiləri bu gün də ölkənin müxtəlif bölgələrində istirahətlərini həmkarlar ittifaqı təşkilatlarının maliyyə yardımı ilə keçirirlər.

Son illərdə Azərbaycanın müxtəlif regionlarında kurort və istirahət mərkəzlərinin yaradılmasında özəl sektor da fəal iştirak edir. Lakin belə məkanlarda qalmaq xərcləri dövlətə bağlı kurort mərkəzləri ilə müqayisədə xeyli yüksəkdir.

Azərbaycanda yayda fəaliyyət göstərən tələbə düşərgələri də asudə vaxtı zənginləşdirmək, fərdi və sosial inkişaf, şagirdlərin bacarıqlarının artırılması üçün əlverişli yer sayılır. Sovet dövründə belə düşərgələrdə şagirdlərin bir ay qalmaq xərci tamamilə dövlət tərəfindən ödənilirdisə, indi bu xərclərin bir hissəsini şagirdlərin valideynləri qarşılayır.

Amma hazırda Azərbaycanın mənzərəli ərazilərində yerləşən bu düşərgələr COVID-19 epidemiyası üzündən bağlıdır.
Olimpiya mərkəzləri, Gənclər evləri...
Azərbaycan hökuməti son 10 ildə məşğulluq və asudə vaxtın təşkil olunması daxil olmaqla, gənclərə diqqəti əhəmiyyətli dərəcədə artırıb. Bununla bağlı bir neçə qanun və qərar qəbul edib, müxtəlif dövlət proqramları icra olunub. Gənclərin elm, mədəniyyət və incəsənət sahələrindəki təşəbbüslərinin dəstəklənməsi üçün xüsusi fond da yaradılıb.

Hazırda Azərbaycan hökuməti ölkənin 10 milyonluq əhalisinin 24%-dən çoxunu təşkil edən gənclərlə bağlı siyasətində idmanın inkişafını qarşıya əsas məqsədlərindən biri kimi qoyub. Bununla əlaqədar, Azərbaycanın müxtəlif bölgələrində 30 yeni Olimpiya mərkəzi tikilərək, gənclərin istifadəsinə verilib. Bu, gənclərin asudə vaxtlarını səmərəli keçirmələrində mühüm rol oynayır.

Azərbaycanın müxtəlif bölgələrində onlarla Gənclər evi də istifadəyə verilib. Burada da məqsəd gənclərin asudə vaxtlarını səmərəli keçirməsinə, hərtərəfli inkişafına kömək etməkdir.

Azərbaycan hökuməti “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” da qəbul edib. Bildirilir ki, məqsəd cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına nail olmaq, yaradıcı və innovativ potensialın üzə çıxarılmasına dəstək vermək, gənc nəslin sağlamlığının qorunması, təhsil və məşğulluğa daha çox diqqət yetirilməsi, müasir texnologiyalardan səmərəli istifadə, sağlam həyat tərzinin təşviqi, gənclər arasında narkomaniya və alkoqollu içkilərdən asılılığın, cinayətkarlığın qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsidir.

Yaşayış sahələrinin təmir və bərpası, əyləncə parklarının yaradılması
Son illərdə Heydər Əliyev Fondu yanında fəaliyyət göstərən IDEA İctimai Birliyinin təşəbbüsü ilə Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərdə yaşayış binalarının həyətləri, əyləncə və idman parklarının yenidən qurulması istiqamətində geniş işlər aparılıb. Məqsəd yaşayış massivləri sakinlərinin asudə vaxtlarını açıq havada keçirməsi üçün lazımi şəraitin yaradılmasıdır. Bu işləri təşkil edən IDEA İctimai Birliyinə Azərbaycan prezidentinin qızı Leyla Əliyeva rəhbərlik edir. Birliyin gördüyü işlər dövlət tərəfindən də dəstəklənir.

IDEA-nın inkişaf planı çərçivəsində vətəndaşların istirahəti, yayda asudə vaxtlarını Xəzər dənizi sahillərində keçirməsi üçün Bakı və Sumqayıt şəhərlərinin sahil əraziləri yenidən qurulub. İnsanlar bu ərazilərin imkanlarından pulsuz istifadə edirlər.

Sahilyanı bölgələrdə özəl sektor da müxtəlif istirahət obyektləri açıb. Lakin burada vətəndaşlar müəyyən ödəniş etməklə dincələ bilərlər.
(Fars dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: IRNA


Ana səhifəyə qayıt        Baxış: 4 401          Tarix: 28-07-2021, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma