Xəbər lenti


Əfqanıstanın 34 əyaləti var. Onun 19-u tamamilə “Taliban”ın nəzarətindədir. Amma bu o demək deyil ki, Əşrəf Qani hökuməti digər 15 vilayətə nəzarət edir. Yerdə qalan vilayətlərdən 8-də hakimiyyətin kimin əlində olduğu bilinmir. Hökumət qüvvələri də, “Taliban” da bu vilayətlərin öz nəzarətləri altında olduğunu bildirirlər
 
Digər 7 vilayət də əslində tam olaraq hökumət qüvvələrinin əlində deyil. Hökumətin nəzarət etdiyi vilayətlər deyəndə həmin inzibatı ərazilərin tamamı nəzərdə tutulmur. Söhbət burada yalnız vilayət mərkəzlərindən gedir. Vilayətlərin kənd hissələri isə nəinki indi, hətta uzun illərdən bəridir, “Taliban”ın nəzarətindədir. 
 
Əslində son 20 ildə Əfqanıstanı “Taliban”dan qurtarmaq üçün 1 milyard dollardan çox pulu havaya sovuran ABŞ da məhz bu səbəbdən ölkəni tərk etdi. Qurduğu kukla hökumətlərin yalnız mərkəzi şəhərlərdə söz sahibi olduğunu, qırsal kəsimlərdə isə “Taliban”ın at oynatdığını görüb, ölkədən çəkilməyə qərar verdi.
 
Bəs, bilirsinizmi, Əfqanıstan əhalisinin neçə faizi kənddə, neçə fazi şəhərlərdə yaşayır?
 
Yəqin ki, təxmin edə bilməzsiniz. Elədirsə, icazənizlə, mən deyim. Aqrar ölkə olduğundan Əfqanıstan əhalisinin cəmi 23%-i şəhərlərin, 77%-i isə kəndlərin payına düşür. Bu məntiqlə, ABŞ-ın Əfqanıstanı 20 illik işğalı dövründə ən çox nəzarət edə bildiyi ərazi və əhali ölkənin cəmi 23% idi. Qalan 77% isə onsuz da “Taliban”ın əlində idi


 
“Taliban” bu 20 illik işğal ərzində kəndlərdəki ABŞ-a bağlı hökumət qüvvələrini sıxışdırıb çıxarmış, vilayətlərin gözə görünməyən hakimləri olmuşdur. Təşkilatın son bir həftə ərzində 19 vilayət mərkəzini ələ keçirə bilməsinin əsl səbəbi də budur – kukla hökumətlərin simvolik xarakter daşıması, ABŞ-ın 1 trilyon dollarını yeyib əvəzində heç bir iş görməməsi. Sonunda ABŞ da kukla hökumətlərin “Məşədi İbadı”na çevrildiyini anladı və şələ-şüləsini yığışdırıb Əfqanıstanı tərk etdi.
 
ABŞ-ın Əfqanıstandan çıxmasından sonra “Taliban” vilayət mərkəzlərini asanlıqla ələ keçirdi. Yalnız bir yerdə - Ləşgərgahda ciddi itki ilə üzləşdi. Bu da ABŞ hərbi təyyarələrinin bombardımanı nəticəsində yaşandı. Əksər vilayət mərkəzlərində isə müqavimətlə də qarşılaşmadılar. Bəzilərində yerli sakinlərin alqışları altında şəhərlərə girdilər. Bəzilərində sakinlər hökumət qüvvələrini qovub hakimiyyəti “Taliban”lara verdilər.


 
Əfqanıstan xalqının “Taliban”a bu cür dəstək verməsinin bir çox səbəbləri var. Bunlar üzərində çox dayansaq, yazı uzanar və mövzudan yayınmış olarıq. Qısaca bir nüansı qeyd etmək istəyirəm. Xalqın “Taliban”a qucaq açmasının başlıca səbəbi Əfqanıstan hökumətlərinin demək olar hamısının hakimiyyət yetkisi və maliyyə bölgüsü məsələsində “közü öz tərəfi”nə çəkməsi idi. Korrupsiya, tayfabazlıq, maliyyə resurslarının paylaşılmaması və s. kimi amillər ölkədəki əşirət liderlərinin Kabildən üz döndərməsi ilə nəticələndi. Və onlar “Taliban” liderlərinə qucaq açdılar və bu təşkilatın rəhbərliyi altında qurulacaq hökumətfə hakimiyyət bölgüsündə yer tutacaqlarına dair zəmanətlər aldılar. Beləcə, ABŞ-ın Əfqanıstandakı kukla hökumətləri hər kəsin arxa çevirdiyi amorf rejimə çevrildi.
 
Məsələyə bu nöqteyi nəzərdən yanaşanda görə bilərik ki, bu gün istefa verməyəcəyini açıqlayan Əşrəf Qani hökumətinin əlində cəmi 7 şəhər qalıb. Onların isə 3-ü böyük şəhərdir. Həmin şəhərlərdə belə hökumət qüvvələri sevilmir, fürsət düşən kimi daşlanır. Eynilə bu videoda olduğu kimi.

Video bu link


Heydər Oğuz,
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 416          Tarix: 14-08-2021, 17:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma