Xəbər lenti

 
Əfqanıstanın böyük hissəsini ələ keçirən bir çox yüksək səviyyəli Taliban üzvləri, ağır silahlı döyüşçüləri və cihad mədrəsələrindən məzun olan komandoları ilə paytaxt Kabilə axın etdilər. Kabilə gəlməyən yalnız bir nəfər qalıb, o da 2016-cı ildən "əmir əl-muminin" (möminlərin əmiri) olaraq təşkilata rəhbərlik edən Molla Heybetullah Axundzadədir.
 
Molla Ömərin öldürülməsindən sonra təşkilatı sərt güc mübarizəsindən və parçalanmadan xilas edən bu din xadimi o vaxtdan bəri qrupun liderliyini öz üzərinə götürüb.
 
Özünü tələbə hərəkatı olaraq təqdim edən təşkilat, qurucu lideri Molla Muhammed Ömərin ölümündən sonra daxili qarşıdurmalara məruz qaldı, qruplar arasında liderlik mübarizəsi başladı və bir -birinin ardınca baş verən hadisələr zamanla münaqişə səviyyəsinə çatdı. 
 
Heybətullah Ahundzadənin ümumi profili dini bayramlarda yayımladığı təbrik mesajları ilə məhdudlaşır. Ölkəni ələ keçirən təşkilatın zirvəsində yer alan bu şəxsin gündəlik həyatı haqqında isə, demək olar ki, heç nə məlum deyil. Təşkilatın yayımladığı tək bir fotoşəkil istisna olmaqla, lider heç vaxt ictimaiyyət qarşısına çıxmayıb və harada olduğu da bilinmir.
 
 
Taliban sözçüsü Zabihullah Mücahid, bu həftə təşkil etdiyi mətbuat konfransında Axundzadənin harada olduğuna dair bağlı suala "Ümid edirəm ki, tezliklə onunla görüşəcəksiniz", - sözləri ilə cavab verdi.
 
Gizli və sirli keçmiş
 
Təşkilatın ən ali liderlərinin pərdə arxasında gizli qalmalarının uzun bir tarixçəsi var. “Taliban”ın mistik qurucusu Molla Məhəmməd Ömər özünəməxsus həyatı ilə tanınırdı və təşkilat 1990-cı illərdə hakimiyyətdə olanda Kabili nadir hallarda ziyarət edirdi. Molla Ömər Qəndəhardakı düşərgəsində tənha həyat sürür, onu ziyarət etmək istəyən nümayəndə heyətləri ilə də görüşmürdü.
 
Beynəlxalq Böhran Qrupu Asiya proqramının direktoru Laurel Miller Molla Axundzadənin də Molla Ömər kimi "özünəməxsus həyat tərzi seçdiyinə" inanır.
 
Axundzadənın sələfi Molla Əxtar Mansurun ABŞ-a məxsus pilotsuz uçuş aparatı zərbəsi ilə öldürüldüyünü xatırladan Miller gizliliyin, təhlükəsizlik səbəblərindən biri ola biləcəyini düşünür.


 
"Taliban sözçüsü, liderlərinin tezliklə ortaya çıxacağını söylədi. Təşkilatın liderin sağmı, yoxsa ölümü olduğunu göstərmək üçün bunu etməsi lazımdır. Axundzadənin özünü (ictimaiyyətə) göstərdikdən sonra Molla Ömər kimi inzivaya çəkilib uzaqdan öz səlahiyyətlərini həyata keçirməsi də mümkündür”, - Miller bundan bir qədər əvvəl AFP -yə verdiyi müsahibəsində belə demişdi.
 
Molla Heybətullah Axundzadənin ortalıqda görünməməsi bu yaxınlarda Covid-19-da yaxalandığıma və ya bombardman nəticəsində öldüyünə dair şayiələrə, habelə sağlamlığı ilə bağlı illərdir davam edən dedi-qodulara yol açır və şübhələri artırır.
 
“Taliban” lideri isə bu şayiələrin əksini sübut etməyə çalışmır.
 
Axundzadənin gizlənməsi “Taliban”dakı üsyançı qrupun baş qaldırdığı həssas dövrlə üst -üstə düşür. “Taliban” daxilində Əfqanıstanın hər yerindən müxtəlif kəsimləri təmsil edən çoxsaylı qruplar var. Təşkilat rəhbərliyinin 2015-ci ildə qətlə yetirilən Molla Ömərin ölümünü illərlə gizlətməsi “Taliban”ı tərk edən ən azı 1 böyük qrupla qısa, lakin qanlı hakimiyyət mübarizəsinə səbəb olmuşdu.
 
Mütəxəssislərin fikrincə, üsyançı hərəkat olmaqdan uzaqlaşıb yenidən dövlət gücünə çevrilən təşkilatın, öz daxilindəki çoxsaylı qrupların maraqlarını tarazlaşdırması və gücünü möhkəmləndirməsi çox vacibdir.
 
Onillər boyu silahlı mübarizə aparan, daxili savaşlarda on minlərlə döyüşçüsünü itirən, liderləri sui-qəsdlərə qurban gedən və ya Guantanamo həbsxanasında saxlanılan, bütün bunlara baxmayaraq, mövcud olmağı bacaran hərəkat baş verə biləcək bir avtoritar boşluq nəticəsində stabilliyini itirib dağıla bilər.
 
Bəzi ekspertlər mövcud gizliliyi ABŞ-ın rəhbərlik etdiyi xarici hərbi qüvvələrin ölkəni hələ də tam tərk etməməsi ilə əlaqələndirirlər. "Xarici qoşunlar Əfqanıstan ərazisində olduğu müddətcə “Taliban” özünü cihadçı olaraq görəcək və çox güman ki, liderlərini o vaxta qədər gizli saxlayacaq", - pakistanlı təhlükəsizlik eksperti İmtiyaz Gül bildirib.
 
Gülə görə, "bu səbəbdən ali dini lider məhz bu səbəbdən gözə görünmür".
 
Euronews
 
Tərcümə Ovqat.com-a aiddir


Ana səhifəyə qayıt        Baxış: 6 065          Tarix: 28-08-2021, 19:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma