Xəbər lenti


InsideOver, İtaliya
07.09.2021


Müəllif: Emanuel Pietrobon
İkinci Qarabağ müharibəsi Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə 9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamə ilə başa çatıb. O vaxtdan xeyli müddət keçsə də, Cənubi Qafqazda müharibə qoxusu hələ də qalmaqdadır.

Müharibənin bitməsinin ardından Ermənistanda siyasi qeyri-sabitlik hökm sürür. Hökumət üzləşdiyi ictimai qınaq, həmçinin türklərdən qorxu fonunda Rusiya Federasiyası ilə diplomatik və geosiyasi münasibətləri yeni mərhələyə keçirir. Azərbaycanda isə xüsusilə Gəncə şəhərinin bombalanmasının yaratdığı travma, problemin tam həllinə mane olan minalar kimi narahatlıqlar qalır.

Minalı ərazilər
Qarabağda qanlı müharibə başa çatsa da, qan tökülməsi halları hələ də davam edir. Burada hələ də əsgər, mülki şəxs, hətta jurnalistlərin qanının axması müharibənin hələ də başa çatmadığını göstərir. İndi burada insanlar minaya düşərək həlak olurlar və onların sayı kifayət qədər çoxdur. Azərbaycanın öz suverenliyini ötən il bərpa etdiyi bu ərazilərdə Ermənistan silahlı qüvvələrinin 90-cı illərdən keçən ilədək kor-koranə basdırdığı minalar vaxtaşırı insane ölümünə səbəb olur. Üstəlik, belə bir vəziyyətdə Ermənistan minalı ərazilərin xəritələrini Bakıya təhvil verməkdən imtina edir.

Vəziyyətin nə qədər acınacaqlı olduğunu anlamaq üçün sadəcə rəqəmlərə nəzər yetirmək kifayətdir. Rəqəmlər minalanmış, amma bir o qədər də yenidən doğulmağa hazır olan bu torpaqlardakı real vəziyyəti tam ortaya qoyur. Bu torpaqlarda mülki əhali, həmçinin hərbçilər arasında ölüm hallarının davam etməsi sanki yaranın qaysaq bağlamasına imkan vermir, onu hər dəfə yenidən qanadır.

· Yerevanın Bakıya iyun-iyul aylarında təqdim etdiyi xəritələrə əsasən, Ermənistan silahlı qüvvələri yalnız Ağdam, Füzuli və Zəngilan rayonlarında 189 min piyada və tank əleyhinə mina bastırıb.

· Qeyd olunan xəritələrə inansaq, “Qafqazın Hiroşiması” adlandırılan Ağdam Qarabağda ən çox minalanmış ərazidir: 97 000 mina! Füzuli və Zəngilan rayonlarında birlikdə 92 min, yəni hər birində təxminən 46 min mina bastırılıb.

· Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən 2-7 avqust tarixləri arasında Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Şuşa və Zəngilanda 183 mina və 112 partlamamış mərmi aşkarlanıb.

· Ümumilikdə noyabrın ortalarından iyunun əvvəlinədək ANAMA 2051 hektar ərazidə araşdırma aparıb, nəticədə 18648 mina və partlamamış hərbi sursat aşkar edərək, zərərsizləşdirib.

· Azərbaycanın Rusiya Federasiyası sülhməramlılarının nəzarətində olan ərazilərinə gəlincə, burada 25767 ədəd partlayıcı maddə zərərsizləşdirilib.

· Minalar və partlamamış qurğular noyabrın ortalarından iyunun əvvəlinədək 27 azərbaycanlının ölümünə, 115 nəfərin yaralanmasına səbəb olub. Ölənlərdən 20-si, yaralananlardan isə 29-u mülki şəxsdir.

Minalar diyarı Qarabağ
“Diqqət, minalanmış sahə!”. Azərbaycanın 2020-ci il noyabrın 10-dan etibarən istər de-yure, istərsə də de-fakto suverenliyini bərpa etdiyi ərazilərdə hər addımda bu xəbərdarlıqla qarşılaşırsan. İndi burada hər kəs – istər mülki şəxslər, istərsə də hərbçilər son dərəcə diqqətli olmalıdır. Çünki atılan hər addım sonuncu ola bilər…
Xəbərdarlıq löhvələrinin üzərində insanlar diqqətli olmağa həm Azərbaycan, həm də ingilis dilində çağırılır. Bu lövhələrin üzərində kəllə sümüyü, partlamamış qurğu və əl-ayağı olmayan insan əksinə rast gəlmək mümkündür. Onlara “ruhlar şəhəri” Ağdamdan tutmuş, ta Cəbrayıl qəbiristanlığına, yenidən dirçəlməkdə olan Füzuli və Şuşadan keçən yollaradək hər yanda rast gəlinir.

Bir sözlə, Qarabağ postsovet məkanında ən sıx minalanmış ərazidir. O, dünyada da bu göstəriciyə görə ön sıralarda yer alır. Ermənistan silahlı qüvvələrinin Azərbaycana məxsus Qarabağda nə qədər mina basdırdığı dəqiq bilinməsə də, problemin kifayət qədər ciddi olduğu ortadadır.

Erməni mənbələrinin məlumatına görə, işğaldan azad edilmiş Ağdam, Füzuli və Zəngilan rayonları ərazisində 200 minə yaxın mina var. Təkcə bu rəqəm söhbətin nə qədər ciddi təhlükədən getdiyini ortaya qoyur. Müqayisə üçün qeyd edək ki, 51 min kvadrat kilometr ərazisi olan Bosniyada 80 minədək mina basdırıldığı təxmin edilir. Qarabağın ərazisi bu ölkənin ərazisindən az qala 10 dəfə kiçikdir – cəmi 4400 kvadrat kilometr.

Bildirilir ki, Yerevan 1990-cı illərdən indiyədək Qarabağın minalanmasına 350 milyon dollar xərcləyib. Bir piyada əleyhinə minanın qiyməti 3-30 dollar arasında dəyişir. Bu torpaqlarda isə milyonlarla mina basdırılıb. Üstəlik, ANAMA 1999-cu ildən bu günədək 665 mindən çox mina taparaq, zərərsizləşdirib.

Bu miqyaslı və lüzumsuz minalamanın nəticələri, xüsusilə şəxsən ziyarət etdiyimiz Füzuli rayonunda da görünür. Burada hər metrdə minaya rast gəlmək mümkündür. Füzulidən Cəbrayıla gedən yolda, 1200 metr uzunluğu və 60 metr eni olan kiçik bir ərazidə 1500-dən çox minanın basdırıldığı güman edilir. Şuşadan Füzuliyədək uzanan bu böldəgə gördüyümüz mənzərəni, qarşımıza çıxan dağıntıları unutmaq mümkün deyil. Ətrafda zərərsizləşdirilməsi üçün partladılan minalardan qalxan qara tüstü görünür. Buralarda hələlik ANAMA-nın cəsur mütəxəssislərindən başqa heç kim yaşamır.

Amma bütün bunlarla yanaşı, bu torpaqlara həyat tədricən yenidən qayıdır. Buralardan Azərbaycanın gələcəyinin ətri gəlir.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: InsideOver



Ana səhifəyə qayıt        Baxış: 3 815          Tarix: 7-09-2021, 16:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma