Xəbər lenti

Qarabağ qazisi olan zərərçəkən məhkəmədə ilginc ifadə verdi; “Məni şərləyib tutdular, daha sonra salam verdiyim bütün adamları MTN-ə çağırıb soyublar”

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Prosesdə təqsirləndirilən şəxs Sahib Ələkbərov qısa çıxış edib. O, zərərçəkən Qulam Bağırovu və onun anasını yalan danışmaqda ittiham edib. Deyib ki, Bağırovlardan pul istəməyib. 

Sahib Ələkbərov Qulam Bağırovu cinayətkar adlandırmaqla onun, Azad və Ceyhun Seyidovların barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsinə peşman olduğunu deyib: "Seyidovları elə bir yerdən tapşırmışdılar ki, Mövlam Şıxəliyev də istəsəydi belə onlardan pul ala bilməzdi. Qulam Bağırovun da başında mənim keçəlim boyda şiş vardı, humanizm göstərib azad etdik, o da gedib xaricdə müalicə olundu".

Zərərçəkən Qulam Bağırov və Seyidovlar məhkəmə zalında olmadığından təqirləndirilən Sahib Ələkbərovun ittihamları cavabsız qalıb. 

Sahib Ələkbərov fikrini tamamlayandan sonra zərərçəkən Zaur Əliyevin bir neçə sualını cavablandırıb: - Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq, müstəntiq kimi prosessual şəxs olaraq cinayət işini kimə, hansı qaydada məruzə edirdiz? Kimin əmrini, tapşırığını yerinə yetirirdiz? 

Sahib Ələkbərov:

- Prosessual şəxs olmağıma baxmayaraq cinayət işi baş prokuror Zakir Qaralova, baş prokurorun 1-ci müavini Rüstəm Usubova və idarə prokuroruna məruzə olunurdu. Həmin məruzə idarə rəisi Mövlam Şıxəliyevin vasitəsilə həyata keçirilirdi.

- Tapşırıq və əmrlər hansı qaydada verilirdi?- Həmin qaydada da tapşırıq və əmr verilirdi. Biz də icra edirdik.Vəkil Osman Kazımov Sahib Ələkbərova dəqiqləşdirici sual verdi:- Siz icraatınızda olan cinayət işinin istintaqını əmr və tapşırıqla həyata keçirmisiz?Sahib Ələkbərov suala əsəbi şəkildə cavab verib:- Siz Azərbaycanda yaşamırsız? Bu məsələlər bilmirsiz necədir. Biz kimik ki? Zakir Qaralov, Rüstəm Usubov, Mövlam Şıxəliyev nə tapşırıb, onu da eləmişik!S.Ələkbərov vəkilin digər suallarını cavablandırmayıb.Bundan sonra iş üzrə zərərçəkən Orxan Abdullayevin atası Elman Abdullayev şahid qismində tribunaya dəvət olunub.Hakimin “təqsirləndirilən şəxslərdən kimi tanıyırsız" sualına Elman Abdullayev ətrafına baxaraq şəhadət barmağını Yasin Məmmədova tuşlayıb və ”bu şərəfsizi tanıyıram" deyib.

Hakim müdaxilə edərək şahiddən etik qaydaları gözləməsini tələb edib.Şahid deyib ki, Yasin Məmmədov qanunsuz olaraq oğlu Orxan Abdullayevi həbs edib:- Yasin Məmmədovla MTN-də xidməti otağında görüşdüm. Elə ilk söhbətdə barmağını yuxarı tutub “bunu ver, oğlunu buraxım” dedi. "Min manat istəyirsiz" - sual etdim. Gülüb dedi ki, 100 min verməsən, oğlun buradan çıxmayacaq.Şahidin sözlərindən məlum olub ki, Yasin Məmmədov ondan 50 min manat alaraq oğlunu azad edib.Kəlbəcər köçkünü, hazırda Gəncədə məskunlaşmış Ramiz Əliyev iş üzrə şahid olsa da, məhkəmədə deyib ki, faktiki olaraq zərərçəkəndir. MTN əməkdaşları onu həbs edəndən sonra təqsirləndirilən Yasin Məmmədov onun telefon kitabçasında adı olan 21 qızıl alverçisindən 200 min manat pul yığıb. Şahid sərbəst ifadəsinə başlamazdan əvvəl hakimin “təqsirləndirilən şəxslərdən kimi tanıyırsız” sualını cavablandırdı. “Yasin Məmmədovu tanıyıram, bəs onu niyə qəfəsə salmamısız” deyə hakimə qarşılıqlı sual ünvanladı. Hakim şahidin sualına cavab vermədi.

Ramiz Əliyev sərbəst ifadəsində bildirib ki, 2014-cü il oktyabrın 31-də MTN əməkdaşları tərəfindən həbs olunub. İstintaqı aparan Yasin Məmmədov ondan külli miqdarda pul tələb edib. 9 aylıq həbs müddətində onu hər hansı bir şəxslə üzləşdirməyiblər. Həbsdə olduğu müddətdə tanıdığı qızıl alverçilərini Yasin Məmmədov istintaqa çağırmaqla onlardan külli miqdarda pul alıb: " Həbsdən çıxandan sonra Bakıda, Mərkəzi Univermaqda qızıl satan Ağasalam Ağamalıyevlə gördüm. Təsəvvür edin ki, Ağasalamla mənim tanışlığım olub. Telefon nömrəsi də məndə vardı. Həbsə alınandan sonra Yasin Məmmədov telefonumu qabağına qoyub və kimin adı çıxıbsa, MTN-ə çağırıb, Bakıda və Gəncədə qızıl satan nə qədər dost-tanışım varsa, kimdən nə qədər bacarıbsa, alıb. Ağasalam Ağamalıyev də həmin qızıl satan tanışlardan biri idi. Onu mənə görə MTN-ə çağırıb soyublar. İndi o, bu iş üzrə zərərçəkəndir, mən isə şahid. Halbuki elə ən böyük zərəri mən çəkmişəm. Mən Gəncədən Bakıya, bu məhkəməyə gəlmək üçün qohumlardan borc almışam. Məni müflis duruma salan Yasin Məmmədovdur. Amma məni zərərçəkən kimi tanımırlar. Baş Prokurorluqda Əli Babayev var. O, 2015-ci ildə çağırıb məni dindirdi, sonra da zəng edib dedi ki, gözün aydın, muştuluğumu ver, bəs səni zərərçəkən kimi tanıdıq. Dedi ki, get Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadə ver. Sonradan mənə zəng elədilər, həmin idarəyə də getdim, ifadə verdim. Üstündən 7 il keçib, çağırıb soruşan yoxdur ki, bəs sən zərərçəkən idin axı?Kəşfiyyatçı olmuşam, bu gün də bədənimdə 48 qəlpə, 2 güllə yarası var. Məni 2014-cü il oktyabrın 31-də “Sınıq körpü”dən Azərbaycana keçəndən dərhal sonra tutdular. Olduğum taksinin qabağını bir maşın kəsdi, arxada da biri saxladı. Maşınlardan düşənlər dedilər ki, MTN-dəndirlər. Taksi sürücüsü Əli Əliyevi və məni MTN-in Qazax şöbəsinə, oradan da Bakıya, nazirliyin özünə gətirdilər. Mənə dedilər ki, səni güdmüşük, üzərində 398 qram qızıl var. Başqa nəsə olub-olmadığını soruşdum. Dedilər ki, səndə olan ancaq qızıldır. Dedim ki, üzərimdəki qızıldırsa, bu nə əməliyyatdır? Məni gömrükçülər tutmalı, bəyan etmədən qızıl keçirdiyimə görə cərimələməli, məsələ də həll olunmalı idi. Məgər üzərimdə atom bombası var ki, mənə qarşı belə bir əməliyyat keçirirsiz?"Şahidin sözlərinə görə, 6 ay davam edən istintaq zamanı gördüklərindən dəhşətə gəlib: “Dövlət mənə 45 manat təqaüd verirdi. Daha onu da vermirlər. Həmin pulla mən xəstə övladımı, 2-ci qrup əlil yoldaşımı, xəstə anamı və 2 uşağımı saxlaya bilməzdim. Ona görə də qızıl alverçisinə çevrilmişəm. Bunu məni tutan MTN-çilərə də dedim. Yasin Məmmədov deyirdi ki, kim olduğunu səndən yaxşı bilirik. Mənim Qarabağ veteranı olduğumu, kəşfiyyatçı olmağımla bağlı məlumatları, döyüş yolum haqda danışırdı. Üstəlik, dedi ki, sən 1992-ci il mayın 8-də Kəlbəcərdə ermənilərin "AN-24" təyyarəsini vurmusan. Bunu özüm də bilirdim. Amma Yasin Məmmədov mənə dedi ki, vurduğun təyyarədə erməni dövlət xadimləri ölüblər. Buna görə də Ermənistanda rəsmi matəm elan olunub. Təyyarəni vurduğuma görə mənə o dövrdə Kəlbəcərin icra başçısı İlham Həsənov 10 min rubl mükafat da vermişdi. Amma həmin təyyarədə ermənilərin dövlət xadimlərinin olduğunu, bu hadisəyə görə Ermənistanda matəm elan olunduğunu mənə MTN-də dedilər. İşi MTN-in İstintaq İdarəsinin müstəntiq qrupunun rəhbəri Yasin Məmmədov aparırdı. Ona dedim ki, bunları bilirsənsə, heç olmasa məni zaminə buraxın. Əli ilə 1 işarəsi göstərdi. Soruşdum, dedi ki, 100 min gətir, səni zaminə buraxaq. Erməni təyyarəsini vurduğuma görə bu məbləği istədiyini xəbər aldım. Cavab verdi ki, Azərbaycan təyyarəsini vursaydın, 300-400 min alardıq. Əsəblərim dözmədi, qışqırdım, qollarımı tutdular. Yasin Məmmədov kresloya yayxanıb dedi ki, "get yat, ağlın başına gələr”.

MTN-də soyğuna məruz qalan qızıl alverçilərinin siyahısı Bakıda Mərkəzi Univermaqda qızıl alveri edənlər - Elçin Əhmədovdan 30 min manat, Ağasalam Ağamalıyevdən 50 min manat, Moskva Univermağından - Məhəmməd Hüseynov 20 min manat, Azad Rəşidovdan 30 min manat, Məzahir Manafovla Teymur Ağalarovdan alınan məbləğləri dəqiq bilmirəm. Amma onları da orada Yasin Məmmədov soyub. Məhərrəm Məmmədov 2 min manat, Gəncə şəhərində Eldar Əliyev, Samir Hüseynov 20 min manat, Şahmalı Məmmədov, Fizuli, Gülnarə, Şəkidən Əlidən 10 min manat və 2 taksi sürücüsü - Aqil və Hafizdən dəqiq bilmirəm nə alıblar. Əlavə 3 nəfər var ki, bu adamları, ümumiyyətlə, tanımıram - Vüqar Həsənov, Əliməmməd Məmmədov və Ayaz Vəliyev.Bu şəxslərin hər birinin evində qeyri-qanuni olaraq axtarış aparıblar. Gəncə Mərkəzi Univermağında “Zaminbank”ın şöbəsində valyutadəyişmə məntəqəsində işləyən Vüqarı da saxlayıblar. Ondan 20 min manat alıblar. Mənə salam vermiş qızıl alverçilərinin başına zülm-zillət gətiriblər. Bu adamlardan 200 min manatdan çox pul yığıblar. Mən azad olunandan sonra bu adamlar mənimlə düşmən münasibəti saxlayırlar. Deyirlər ki, sənə görə bizim dərimizi soyublar, bizi böyük ziyana salmısan. Mən etdiyim əmələ görə cəzamı çəkməyə hazır idim. Amma bunlar məni camaatla düşmən ediblər. Üstəlik, Yasin Məmmədov işim üzrə dindirdiyi adamların başına oyun açıb. Onların milyonlarla manat dəyəri olan qızıl-brilyantlarını siyahıya alıb, günlərlə saxlayıb ki, məcbur olub istədiyi məbləği ödəsinlər. Mən adamların orada incidilməsini tutulandan 6 ay sonra bilmişəm. O adamlarla məni üzləşdirməyiblər.Mən qızılı ehtiyac üzündən Tiflisdən gətirmişəm. Bunu gizlin etmişəm. Heç kimə deməmişəm. Kimə deməliydim ki, Gürcüstanda ucuz mal var? Elə həmin adamlar da gedib qızılı oradan alardılar da. Təsəvvür edin ki, mənim bədənim qəlpə içindədir. Kəlbəcər, Ağdərə, Laçında döyüşmüşəm. Mən 1992-ci il mayın 8-də Ağdərənin Narınclar kəndində “İqla” raketindən Ermənistanın “AN-24" təyyarəsini vurmuşam. Bundan bir neçə gün sonra 2-ci erməni təyyarəsini vurmuşam. 4 tank da vurmuşam. "Kəlbəcərdən qızıl mədənindən Ermənistana gedən dəmir yolunu şəxsən partlatmışam"
Ətraflı

Kəlbəcərin polis rəisi və komendantı Nizami Məmmədov məni yaxşı tanıyır. Bilir ki, mən hansı əməliyyatları həyata keçirmişəm. Kəlbəcərdən qızıl mədənindən Ermənistana gedən dəmir yolunu şəxsən partlatmışam. Erməni qızılı daşıyıb satırdı, əvəzinə silah alıb üstümüzə hücuma keçirdi. Ağdaban hadisəsində düşmənin arxasında olmuşam, orada diversiya törətmişəm.

MTN-in həkimləri bədənimdə 48 qəlpə, 2 güllə yarası sayıb işə əlavə elədilər. Psixoloji durumumu isə 4 ay sonra yoxladılar. 6 ay guya istintaq apardılar, işi məhkəməyə göndərdilər. Qardaşım Zahid Əliyevdən işimi yüngülləşdirməkdən ötrü Yasin Məmmədov 2 qızıl onluq və 13 min dollar almışdı. Lakin işi məhkəməyə ağır maddə ilə göndərmişdilər. İttiham aktında Yasin Məmmədov şəxsiyyətimi xarakterizə edən məlumatlarda yazır ki, Qarabağ veteranıdır, yoldaşı 2-ci qrup əlildir, himayəsində ağır xəstə olan azyaşlı övladı var, anam himayəmdədir, ağır xəstədir, məcburi köçkünəm, Gəncədə məskunlaşmışam və altdan da yazır ki, yüngülləşdirici hal qeydə alınmadı".

“Gedin evinizdə fəxrlə uşaqlarınıza deyin ki, ermənilərə güllə atanlara işgəncə veririk!”

Yasin Məmmədov şahidin sözünü kəsərək deyib ki, Ramiz Əliyevin Qarabağ veteranı olması, yaralanması, erməni təyyarəsini vurmasından məlumatsız olub.

Ramiz Əliyev isə sağ əlini yuxarı qaldıraraq şəhadət barmağı ilə baş barmağının kökündən kəsilməsini nümayiş etdirib: " Yasin Məmmədov, sən 6 ay məni az qala hər gün otağına çağırıb saatlarla mənasız suallar verirdin. Görmürdün ki, barmaqlarımı qəlpə aparıb? Sən deyildin mənə deyən ki, ermənilərin təyyarəsini vurub bütün Ermənistanı matəmə qərq etmisən? İndi burada özünü bilməməzliyə vurmaqla deyil! Unutmusan ki, sənə də, sənin qrupunda olan müstəntiqlərə də deyirdim ki, gedin evinizdə fəxrlə uşaqlarınıza deyin ki, ermənilərə güllə atanlara işgəncə veririk! Burada yalan danışmaqla deyil. Qeyrətin, kişiliyin varsa, düzünü danış."

Yasin Məmmədov şahidin sözlərinə reaksiya verməyib.

Rüstəm Usubovun yaxın qohumu 5 min aldı, mənə “yaşıl işıq” yandırıldı

Şahid ifadəsini davam etdirərək deyib ki, bundan sonra cinayət işini Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər: "Məhkəmədə qardaşlarıma demişdilər ki, məsələnin həlli yolu var, amma MTN-dən razılıq verilməlidir ki, həll edək. Hakim ortada olan adamlar vasitəsilə 70 min manat pul tələb etmişdi. Demişdi ki, ittiham aktını təsdiq edən şəxsdən də razılıq alınmalıdır. İttiham aktında Yasin Məmmədovla baş prokurorun 1-ci müavini Rüstəm Usubovun imzası vardı. Ona görə də qardaşım Rüstəm Usubovun Gəncədə yaşayan yaxın qohumu ilə əlaqə saxlamışdı. O da 5 min manat qarşılığında məsələni həll edə biləcəyini demişdi.

Bazar günü idi, mən Gəncə İstintaq Təcridxanasında oturub məhkəmənin nə zaman yekunlaşacağını gözləyirdim. Bir da baxdım ki, nəzarətçi gəldi, dedi ki, hazırlaş, paltarlarını da yığ, səni məhkəməyə göndərirlər, yəqin ki, azad olunacaqsan. Məni Gəncə Ağır Cinayətlər Məhkəməsinə apardılar. Orada dedilər ki, Baş Prokurorluqdan, MTN-dən razılıq alındı, sənə “yaşıl işıq” yandırıldı. Məhkəmə oldu, o zaman iş üzrə “şərikim” kimi təqdim olunan sürücü Əli Əliyevi gördüm. 9 ay idi ki, Əlini görmürdüm. Əli məhkəmədə mənə qarşı çox qəzəbli idi. Ona da mənimlə bərabər qaçaqmalçılıq ittihamı verilmişdi. Halbuki Əlinin heç nədən xəbəri yox idi. Məhkəmə cəmi 10 dəqiqə oldu, bizə şərti cəza verib azad etdilər. Orada məhkəməni yarımqapalı keçirdilər. 3 ay məhkəmədən sonra məni və heç bir günahı olmayan Əli Əliyevi 5 il şərti cəzaya məhkum etdilər." Şahid onun da iş üzrə zərərçəkən kimi tanınmasını tələb edib.Proses iyunun 13-nə qədər təxirə salınıb. (musavat.com)



Ana səhifəyə qayıt        Baxış: 3 651          Tarix: 9-06-2022, 10:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma