Xəbər lenti

Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır.

Mütəxəssislər bildirirlər ki, bu, ətraf mühit üçün kifayət qədər təhlükəli haldır. Çünki zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq.

Ərazidə zavodun tikintisinə 70 milyon dollar Amerika sərmayəsinin qoyuluşu nəzərdə tutulur.

Təbii ki, bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə “Nuhçıxan” qəzetində məlumat yayılıb.

Bu torpaqda 30 il əvvəl erməni işğalçıları ilə döyüşlərdə 150-dən artıq şəhid vermişik. Müstəqillik illərində bu yurd yerimiz abadlaşıb, kompleks quruculuq işlərindən öz nəsibini alıb. Ötən əsrin 90-cı illərində ermənilərin hücumu zamanı vəhşicəsinə dağıdılan evlər yenidən bərpa olunub, məskunlaşma artıb. Bu günlərdə Ermənistan mətbuatında “Ermənistan Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşır” sərlövhəli məqalə sədərəklilərin də ciddi narahatlığına və narazılığına səbəb olub. Sakinlər bildirir ki, zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarındadır. Və zavoddan çıxan tullantılar, sözsüz ki, Araz çayına axıdılacaq.

Ekspertlər mövcud durumu Ermənistanın növbəti ekoloji cinayəti kimi qiymətləndirirlər. Araz çayının bir qolu olan “Şir Arxı” da dəfələrlə ermənilər tərəfindən çirkləndirilib, canlılar məhv olub. Ermənistan zavod tikmək istəyirsə, sərhəddən kənarda, öz ərazisinin mərkəzinə yaxın yerlərdə də bunu edə bilər. Bu cür davranışla növbəti təxribatını törədir və bu, onun özü üçün yaxşı nəticə ilə bitməyəcək.

Bu zavodun inşası sərhəddə yerləşən Sədərəkdə mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki təsərrüfatlarda Ermənistandan gələn “Şir Arxı”nın suyundan istifadə edilir.

Ekologiya və təbii sərvərlər nazirinin müşaviri Rasim Səttarzadə qeyd edib ki, Finlandiyanın Espo şəhərində imzalanmış “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır:

“Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə yalnız Ermənistan deyil, eyni zamanda, Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr keçirilməlidir”.

Xatırladaq ki, ermənilər Araz çayını ekoloji fəlakətin qurbanına çeviriblər. Araz çayı, sözün əsl mənasında, Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin kollektoruna çevrilib. Araşdırmalar göstərir ki, hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirkləndirilir.

Bundan əlavə faktlar göstərir ki, Ermənistan təkcə Azərbaycan üçün deyil, ümumi region və dünya üçün təhlükəlidir. Söhbət artıq 40 ildən çoxdur ki, istifadə edilən və istismar müddətini çoxdan başa vuran Metsamor AES-dən gedir.




Ana səhifəyə qayıt        Baxış: 2 769          Tarix: 6-06-2023, 23:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma