Bəlkə də bir ildən çox idi ki, Zülfüqara zəng etmirdim. Dünən birdən-birə yadıma düşmüşdü. Zəng edib hal-əhval tutmaq istədim. Zəngimə cavab vermədi. Üzərindən bir neçə saat keçdikdən sonra mənə səsli mesaj atdı. Mesajında Kəlbəcərdə olduğunu, ata-baba yurdunu ziyarət etdiyini və oralarda telefonunun tutmadığı üçün zəngimə cavab verə bilmədiyini bildirmişdi. Demişdi ki, buralarda telefon yalnız dağ başında tutur. İndi vacib işi var, dağdan enməlidir. Bir də dağa çıxanda mənə zəng edər, doyunca danışarıq.
Açığı, bu gün ondan zəng gözləyirdim, ölüm xəbərini aldım. Çox üzüldüm. Əslində dünən öz dilindən Kəlbəcərdə olduğunu eşidəndə dalağım sancmışdı. Çünki onun Kəlbəcərə nə qədər bağlı olduğunu bilirdim. Hər il yay aylarında Naxçıvana gedib Salvartı zirvəsindən Kəlbəcər dağlarına baxdığını və hətta açıq havada doğma kəndlərinin aydın göründüyünü özü mənə demişdi. Kəlbəcəri bu qədər sevən, doğma yurdunu görmək ümidiylə Bakıdan Naxçıvana gedən və Salvartı dağına çıxan adamın ona qovuşarkən, üzərində gəzib havasını udarkən hansı hisslər keçirəcəyini dünən öz üzərimdə hiss etmişdim. Düşünmüşdüm ki, Zülfüqarın riqqətə gələn ürəyi bu vüslətə dayana bilməz. Üstəlik, yüksək şəkəri də var. Birdən bu bədbin fikirlərimin nəhs gətirəcəyini düşünüb onu beynimdən qovmuşdum.
Bu gün isə Zülfüqarın ölüm xəbərini oxuyanda yanılmadığımı gördüm. Oysa həyatımda bəlkə ilk dəfə idi ki, bu qədər yanılmaq istəmişdim.
Sonuncü dəfə 1 ildən uzun müddət öncə ona zəng etməyimə baxmayaraq, Zülfüqarla çox yaxın münasibətlərimiz vardı. Dərdimiz kimi bəzən son tikəmizi də bölüşmüşdük. Çox mərd adam idi rəhmətlik. Mənim ikinci dəfə mətbuata qayıtmağımda onun da xidməti az olmamışdı. 2013-cü ildə rəhbərlik etdiyi Moderator.az-ın təsisçisi Pərviz Həşimli həbs olunanda mənə zəng etmiş və yazılarımla saytın çıxmasına köməklik göstərməyimi istəmişdi. Təbii ki, belə çətin anında Zülfüqarı tək buraxa bilməzdim. Mən isə o zaman diş texnikliyi ilə məşğul idim. Gücüm çatdığı qədər sayta yazılar yazıb ayaqda qalmasına çalışdım. Beləcə, bizim dostluğumuz da gücləndi və tədricən özümü yazı-pozuya verincə, diş işi də əlimdən çıxdı. Dönüb yenidən jurnalist oldum.
Zülfüqar xüsusilə mənim şeirlərimin vurğunu idi. Yeni şeirlər yazıb Facebookda paylaşanda onları mütləq toplayıb "Moderator"da yayımlayırdı. Bəzən mənimlə dava edirdi ki, niyə şeirlərimi Facebookda paylaşıram, "Moderator"a yükləmirəm. Mən isə Zülfüqarın mənə göstərdiyi bu diqqətdən süi-istifadə etmək istəmirdim.
Bəzən iştirak etdiyi məclislərdən mənə telefon açar, bəyəndiyi şeirlərimdən birini oxumağımı xahiş edərdi. Mən isə adətim üzrə şeirlərimi xatırlamaz, misraların qol-budağını qıra-qıra əziz dostumun buyuruğunu yerinə yetirməyə çalışardım. Əksər vaxtlarda sözümü yarımçıq kəsib şeirimin davamını özü səsləndirərdi. Hiss edərdim ki, mənim şeirlərimi özümdən yaxşı əzbərləyib.
Etiraf edim ki, şeirlərimdən birini onun təklifi ilə yazmışdım. Şeir Salyanın sabiq icra başçısı Tahir Kərimliyə həsr olunmuşdu. Məlumdur ki, işdən çıxarılmamışdan əvvəl Tahir Kərimlinin məşhur fotosu yayılmış, sosial şəbəkələrdə ciddi müzakirəyə çevrilmişdi. Ardınca da Prezidentin sərəncamı ilə Tahir Kərimli işdən azad olunmuşdu. Həmin vaxt Zülfüqar mənə zəng edib niyə bu hadisəyə bir şeir yazmadığımı soruşmuşdu. Məni inandırmışdı ki, onun işdən çıxarılmasının səbəbi həmin fotodur. Fotoda Salyan məktəbliləri əllərində tutduqları güllə qarşı-qarşıya dayanaraq sıralanır, Tahir Kərimli isə onların arasından keçirdi. Həmin vaxt Türkiyə telekanallarında yayımlanan “Möhtəşən Yüzil” serialında Qanuni Sultan Süleyman da əllərində qılınc tutan əsgərlərinin arasından eyni şəkildə keçirdi. Görünür, icra başçısının özünü sultana bənzətməsi həqiqətən də Azərbaycanıın siyasi iradəsinin xoşuna gəlməmiş və Tahir Kərimli cəzalandırılmışdı. Mən də Zülfüqarın bu təklifini nəzərə alıb həmin şeiri yazmışdım. Şeirin son bəndi belə idi:
“O bir qızılgüldü, güllərin şahı,
Nə saman çöpüydü, nə quru otdu.
Səni tutmaz idi Salyanın ahı,
Səni çüçək ahı, gül ahı tutdu”.
Şeir Zülfüqarın o qədər xoşuna gəlmişdi ki, onu həftələrlə manşetdə saxlamışdı. Getdiyi hər yerdə səsləndirir, məni təbliğ edirdi. Həmin vaxt telefonum susmur, Salyandan və ölkənin digər rayonlarından xeyli təşəkkür mesajları alırdım.
Bir sözlə, Zülfüqarla bağlı çox xatirələrim var. Üzgünəm ki, o xatirələr Zülfüqarın özündən çox yaşayacaq. Bu, əslində yaxşı haldırmı, pismi, bunu da deyə bilmirəm. Çünki hər kəs enində-sonunda özü boyda xatirə buraxıb dünyanı tərk edəcək. Özündən sonra yaxşı xatirələrlə yad olunmaq bəlkə də həyatın insan oğluna ən böyük mükafatıdır. Zülfüqar məndən 2 yaş balaca olsa da bu “yarışda” məni xeyli qabaqladı. Yaxşı xatirələrimizi heç vaxt unutmamaq və bir gün haqq dünyasında görüşmək ümidiylə,
Allah sənə rəhmət eləsin, Zülfüqar!
18.06.2023.
Heydər Oğuz
Paylaş: