İnkişaf edən texnologiya sayəsində insanlar bu gün daha çox internet üzərindən alış-verişə üstünlük verir. Xüsusilə də, Feysbuk kimi istifadəçi sayı milyardlara çatan sosial şəbəkilərdə bu ticarət növü daha geniş yayılıb.
Qiymət ucuz olduğu üçün insanlar çox vaxt aldanıb bu cür məhsullar alır. Amma sonradan məlum olur ki, məhsul ya oğurluqdur, ya da keyfiyyətsiz. Bu kimi hallar ən çox da telefon ticarəti zamanı baş verir.
Müştəri məhsulu alıb evinə gətirir və sonra problemlər bir-bir su üzünə çıxır. İşə polis qarışdısa, vəziyyət tamam mürəkkəbləşir.
İnternet üzərindən mənbəyi məlum olmayan şəxslərdən telefon alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
"Mənbəyi bəlli olmayan yerlərdən telefon almaq təhlükəlidir”
Bunu açıqlamasında İnformasiya Texnologiyaları (İT) mütəxəssisi Eyvaz Kərimov bildirib.
Onun sözlərinə görə, hər bir kəsin telefonunun İMEİ kodunu bilməsi vacibdir:
"Dükandan alınan telefonun heç bir qorxusu yoxdur. Çünki telefonun İMEİ kodu orada qeyd olunur. Telefon oğurluq çıxsa belə, alınan mənbə bəllidir deyə sonradan onu qaytarmaq mümkündür.
Mənbəyi bəlli olmayan yerdən telefon alarkən, satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini tələb edin. Yaxud da, telefonun İMEİ kodu ilə qutusunun üzərində qeyd olunan İMEİ kodun uyğunluğunu yoxlayın. Əgər kod üst-üstə düşərsə, deməli telefon oğurluq deyil”.
İMEİ kodu nədir və bunu necə öyrənmək olar?
"İstehsalata buraxılan zaman hər bir telefona ayrılıqda İMEİ kod verilir. Telefon itirilən, yaxud da oğurlanan zaman polisə İMEİ kodla müraciət olunur. Bu kodun buraxdığı şəbəkə sayəsində telefonu asan şəkildə tapmaq olur.
İMEİ kodunu öyrənmək çox asandır. Onu telefonun öz bazasına baxmaqla, yaxud da *#06# YES yığaraq öyrənmək mümkündür”./metbuat.az/
Paylaş: