![](/templates/Wmediat51/images/vetendash.jpg)
Şair-publisist Heydər Oğuzun ədalətsiz məhkəmə prosesi nəticəsində cəzalandırılmasına növbəti reaksiya Müasir Azərbaycanın ən öndə gedən mətbuat orqanlarını özündə birləşdirən Müsavat Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğludan gəldi.
Rauf Arifoğlu Ovqat.com-a verdiyi açıqlamasında sözügedən məhkəmənin ümumiyyətlə olmaması gərəkdiyini söyləyərək yuxarı instansiyaları bu səhvi düzəltməyə çağırara bildirdi:
“Suraxanı rayon məhkəməsinin tanınmış jurnalist, KİV rəhbəri Heydər Oğuza qarşı qərarını doğru saymıram. Bu qərar ölkə Konstitusiyasına, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara və media azadlığı anlayışına ziddir. Ümid edirəm ki, yuxarı instansiya məhkəmələrində bu absurd və mənfi mənada analoqu olmayan qərar ləğv ediləcək. Azərbaycanın məhkəmə sistemində islahatlar uğurla davam edir. Əminəm ki, bu islahatlar ən qısa zamanda rüşvət, korrupsiya girdabında batan rayon məhkəmələrini də əhatə edəcək. Birinci instansiya məhkəmələrində belə bir anlayış var: jurnalisti kim məhkəməyə verirsə, o haqlıdır, jurnalist haqsızdır. Bu münasibəti illərlə biz də yaşamışıq və əziyyət çəkmişik. İlk instansiya məhkəməsindəki hakimlərin böyük əksəriyyətinin KİV haqqında qanundan, söz azadlığı ilə bağlı beynəlxalq standartlardan və beynəlxalq məhkəmə təcrübəsindən, məşhur presedentlərdən xəbəri yoxdur. Bütün bunların hamısı konkret məhkəmə nümunəsində Heydər Oğuzu haqlı çıxardır. Bu məhkəmə ümumiyyətlə olmamalı idi. Təəssüf ki, oldu və Məhkəmə Hakimiyyətinin Azərbaycan mediasına növbəti zərbəsi kimi tarixə düşdü. Bu yanlışın daha yuxarı instansiya məhkəməsində düzəldilməsi olduqca vacibdir.
Heydər Oğuzun, söz və ifadə azadlığının və onun Azərbaycanda daha yüksək səviyyədə qorunmasının tərəfindəyik”.
Paylaş: