Xəbər lenti

İşgəncələrlə öldürülənlərin qarın nahiyəsində nal mismarları aşkarlanıb - beynəlxalq aləm niyə susur?

Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb. Belə ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb. “Aşkarlanan 6 nəfərə aid qalıqların qarın nahiyəsində nal mismarları aşkarlanıb”. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib. Onun sözlərinə görə, bu da onlara mismarların məcburən uddurulmasına dəlalət edir: “Həmçinin kəsici-deşici alətlərlə küt travmaların yetirilməsi, güllələnməsi, ətraf əzalarının kəsilməsi kimi hallar da aşkarlanıb”. “İşgəncələr nəticəsində vəfat edən əsir və girovlarımız xaotik və nalayiq vəziyyətdə Şuşa həbsxanasının ərazisində çirkab sularının yığıldığı quyuya atılıb” -  Zaur İsmayılov deyib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada aşkarlanmış daha bir kütləvi məzarlıq haqqında “X” (Twitter) sosial şəbəkəsində paylaşım edib. Paylaşımda deyilir: “Mülki şəxslərin və hərbi əsirlərin saxlandığı, onlara qarşı qeyri-insani rəftar edildiyi, həmin şəxslərin işgəncələrə məruz qaldığı, öldürüldüyü Şuşa həbsxanasının yaxınlığında 4000 nəfər itkin düşmüş azərbaycanlının daha bir kütləvi məzarlığı aşkarlanıb. Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir”.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər insanlığa xas deyil və hər dəfə yeni bir məzarlıq aşkar olunanda insanlarda bu topluma qarşı nifrət böyüyür: “Torpaqlarımız işğaldan azad olunan 3 ilə yaxın bir dövrdə 500-ə yaxın insanın qətlə  yetirilərək basdırıldığı ərazilər müəyyən olunub. Belə ərazilərdə basdırılan azərbaycanlılar ağır işgəncələrə məruz qoyulub. Şuşa şəhərində aşkarlanmış 17 şəxsə məxsus sümüklər erməni toplumunun cinayətkar mahiyyətini bir daha sübut edir. Hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərdə belə kütləvi məzarlıqlar və insanların atıldığı qoyular aşkar olmaqda davam edəcək. Çünki bu gün taleyi məlum olmayan əsirlikdə və girovluqda hesab olunan 4 min azərbaycanlıya qarşı eyni vəhşiliklər işlədilib. Biz bu faktları video və foto sübutlarla əsaslandırılmış şəkildə  beynəlxalq təşkilatlara göndərməliyik. Laçın yolunu bağlamaqda Azərbaycanı ittiham edənlərin və Xaçaturyanın azad olunmasını istəyənlərin gözünə bu faktları soxmalıyıq. Qoy onlar Ermənistanın iç üzünü yaxşı görsünlər. Bu dəlillər və faktlar informasiya mübarizəmizdə əsas silahımız olmalıdır. Biz bütün dünyaya erməni vəhşilklərini tanıtmalı və bu millət haqqında real fikir formalaşdırmalıyıq”.

QHT Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova da qeyd etdi ki, Cenevrə Konvensiyasının xüsusi bir bölməsi əsir və girovlarla bağlıdır: “Orada həmin o insanlarla davranış hərbi əhaliyə, hərbi kontingent və digər qruplarla davranış qaydaları aydın şəkildə ifadə olunub. Birmənalı olaraq aydın şəkildə özünü göstərir ki, Ermənistan tərəfindən Cenevrə Konvensiyasının şərtləri pozulub, əməl edilməyib. Ümumiyyətlə, biz bilirdik ki, işğal altından azad olunan ərazilərdə Azərbaycana məxsus olan kütləvi məzarlıqlar, eyni zamanda qalıqlar aşkarlamaq ehtimalı var idi. Çünki Şuşada əsir düşmüş mülki əhaliyə dəhşətli işgəncə verilib. Əsas işimiz həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılmasıdır.  İşğaldan azad olunan torpaqlarımızda aparılan vandallıqları artıq öz gözümüzlə görürük. Ərazilər var ki, insanlarla yanaşı, bütün maddi-mənəvi dəyərlərin hər biri məhv edilib. Buna heç vaxt səsini çıxarmayan Beynəlxalq Qırmızı Xaç Komitəsi bu gün eyni duruşu sərgiləməyib. Qərəzli olaraq Laçın dəhlizində baş verən hadisələr blokada adlandırıb. Halbuki bir ölkə digər ölkəni o zaman blokadaya alır ki, orada hər hansı bir keçid, sərhəd yoxdur. Humanitar yardımların daşınması üçün alternativ yolları Azərbaycan təqdim edib. Əsirlərlə, girovlarla davranış Beynəlxalq Qırmızı Xaç Komitəsinin gözünün qabağında olub və hər hansı bir addım atılmayıb. İndi Azərbaycan tərəfi bununla bağlı beynəlxalq təşkilatlara bir daha müraciət edə bilər. Beynəlxalq aləmin gözü qarşısında araşdırma aparıla bilər. Göstərilə bilər ki, I Qarabağ savaşında ermənilərin hərbi, mülki əhaliyə davranışı necə olub. Burada həm QHT-lərin üzərinə öhdəliklər düşür, həm də vətəndaş cəmiyyəti, ayrı-ayrı beynəlxalq mediaya çıxmaq imkanı olan şəxslər bu məlumatları çatdırmalıdır ki, Ermənistan tərəfi beynəlxalq hüquq normalarını vəhşicəsinə pozub”. 

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da bununla bağlı fikrini bildirib. O qeyd edib ki, bu gün Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində növbəti dəfə kütləvi məzarlıq aşkarlanıb və aparılan qazıntı işləri nəticəsində 17 şəxsə aid edilən sümüklər üzə çıxıb, onlardan 11-i bütöv, 6-sı isə skeletin hissələri şəklində tapılıb: “Şuşa həbsxanası ərazisindəki çirkab quyusunda aşkarlanmış kütləvi məzarlıqla bağlı dəhşətli faktlardan biri də 6 nəfərin qalıqlarının qarın nahiyəsində mismarların aşkarlanmasıdır ki, bu da həmin şəxslərə bu üsulla işgəncə verildiyini göstərir. Eyni zamanda qalıqlara keçirilən ilkin baxış zamanı həmin şəxslərin bədənləri üzərində güllələnmə izlərinin olduğu, müxtəlif küt zərbələr endirildiyi, kəsici-deşici alətlərdən istifadə edildiyi, habelə başlarının bədəndən ayrı olaraq dəfn edildiyi məlum olub.

Qeyd edək ki, Ermənistan tərəfindən işğal dövründə Şuşa həbsxanası ərazisində azərbaycanlı əsir və girovların saxlanılması, onlara işgəncələr verilməsi, qeyri-insani rəftara məruz qalmaları müxtəlif şahid ifadələri ilə təsdiqlənib. Bundan öncə iyun ayında da Şuşa həbsxanası ərazisində insan qalıqları üzə çıxmışdı".

Ombudsman əlavə edib ki, bu faktlar Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətinin, əsir və girovlarla amansız rəftarının daha bir təzahürüdür: “Təəssüf ki, beynəlxalq səviyyədə təzyiqlərin olmaması, uzun illər davam etmiş cəzasızlıq mühiti nəticəsində Ermənistan qanunsuz əməllərini rahatlıqla davam etdirir və dünya ictimaiyyətinin diqqətini öz dəhşətli əməllərindən yayındırmaq məqsədilə hazırda müxtəlif dairələrə müraciətlər ünvanlayaraq saxta iddialarını yeritməyə çalışır. Ümumilikdə, azad edilmiş ərazilərdə bu günədək çoxsaylı kütləvi məzarlıqlar üzə çıxıb, 500-ə yaxın insan qalığı tapılıb. Ermənistan tərəfi isə kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırır. Buna baxmayaraq, hazırda aidiyyəti qurumlar tərəfindən Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi məqsədilə növbəti kütləvi dəfn yerlərinin aşkarlanması və müvafiq ekspertizaların aparılması istiqamətində işlər davam etdirilir.

Azərbaycan Ombudsmanı olaraq, itkin düşmüş soydaşlarımızın taleyi məsələsini dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldırmış, həmin şəxslərin ailələrinin uzun illərdir davam edən iztirablarına son qoyulması üçün bu mövzuda ölkəmizə dəstək verilməsi ilə bağlı müraciətlər etmişəm.

Bütün qeyd olunanları nəzərə alaraq, bir daha beynəlxalq təşkilatları aşkar edilən bu cür faktlara qəti reaksiya verməyə, nifrət cinayətlərinin təkrarlanmaması üçün zəruri tədbirlər görməyə, Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə məlumatları açıqlamağa dəvət edirəm".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 3 316          Tarix: 17-08-2023, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma