Fransanın müstəmləkəçilik siyasəti artıq çox ağır günlər yaşamağa başlayıb. Əsrlərlə tarixi olan bu siyasət dünya tarixində bir çox bəlaların səbəbkarı olub. Xüsusən Afrikada törədilən qətliamlar, soyqırımı, qətllər Fransa adına dünya tarixinin utanc mənbəyinə çevrilib. Təbii ki, beynəlxalq hüquqa hörmət bəsləyən, ümumbəşəri dəyərlərə hörmət edənlər üçün, Fransa bu qəbildən hesab edilə bilməz...
Fransanın riyakarlıq dolu keçmişinə “sadiq”liyi bu gün daha qabarıq şəkildə özünü büruzə verir. Rəsmi Parisin müstəmləkəçilik siyasətinə xüsusən son illər ağır zərbə vurulsa da, bu ölkə yenə də son cəhdlə orta əsrlərin çirkabına bulanmış xəttindən möhkəm yapışıb buraxmaq istəmir.
Bu “bağlılıq” isə dünya ictimaiyyətinə Fransanın əsl simasını görmək fürsəti verir.
Belə ki, son günlər Yeni Kaledoniyada baş verən iğtişaşlar Makron hakimiyyətinin demokratiya pərdəsi altında müstəmləkəçilik siyasəti yeritdiyini ortaya qoyur. Fransa bu ölkəyə qarşı orta əsrlər strategiyaları tətbiq edir, növbəti qırğınlar üçün zəmin yaradır.
Əvvəlcə onu qeyd edək ki, hər zaman olduğu kimi hegemonluq eqosu Parisin baxış bucaqlarını məhdudlaşdırır, Fransa günahı öz sərhədləri daxilində, Yelisey sarayında axtarmır, uzaq diyarlara qədər dilini uzadır. Bu ölkənin daxili işlər naziri Jerald Darmanenin hədəflərindən biri də Azərbaycan olub. Fransız nazir “qibtə olunası” riyakarlıqla Azərbaycanı ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib. Təbii olaraq artıq bu riyakar çıxışa rəsmi Bakı cavab verib və sadə dildə desək, Fransanı öz işi ilə məşğul olmağa, öz əməllərini götür qoy edib, dərs çıxarmağa çağırıb. Fransa kimi qaranlıq keçmişə malik, dünya ölkələrinə müdaxiləyə cəhd göstərən bir dövlətin hər hansı bir ölkəyə irad tutması gülünc görünür, xüsusən bu Azərbaycandırsa, rəsmi Paris ən yaxşı halda ağzına su alıb oturmalıdır. Azərbaycana qarşı qarayaxma və böhtan kampaniyalarının beşiyinə çevrilən Fransadan hansısa doğru, dürüst bir açıqlama gözləmək də olmazdı. Lakin dünya arenasında hər kəs Azərbaycanın digər ölkələrin daxili işinə qarışmadığını, daim beynəlxalq hüquqa əsaslandığını gözəl bilir. Elə isə indiki halda fransız nazirin çıxışı ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil.
Qayıdaq Yeni Kaledoniya məsələsinə... Fransanın baş verən hadisələr fonunda davranışı və addımları bölgə əhalisinin böyük təhlükə altında olduğunu göstərir. Miqrantların hesabına bölgədə seçkilərdə uğur arxasınca qaçan, bu məqsədlə miqrantlara seçki hüququ verməyi planlaşdıran Fransa yerli əhalini sıxışdırmaq, assimilyasiya etmək, öz müstəmləkə siyasətinin ən iyrənc tərəflərini tətbiq etmək niyyətindədir. Sirr deyil ki, qatil hər zaman qətli gizlətmək, ört-basdır etmək istəyir. Bu mənada ölkədə Yeni Kaledoniyada “TikTok” platformasına girişin dayandırılması başadüşüləndir. Fransa bölgədə kanaklara qarşı törətdiyi cinayətlərin üstünün açılmasını istəmir. Ancaq onu da qeyd edək ki, BMT-nin Dekolonizasiya üzrə xüsusi komitəsinin iclasında iştirak edən Yeni Kaledoniya nümayəndəsi artıq BMT ölkələrini baş verənlərdən agah edə bilib. Nümayəndə çıxışında Parisin qanunsuz əməllərini ifşa edib.
Bölgədə vəziyyət gərgin olaraq qalmaqdadır. Komendant saatı tətbiq edilib, iğtişaşları yatırtmaq adı altında bölgəyə ordu yeridilib. Artıq azadlıq uğrunda uzun illərdir mübarizə aparan kanaklardan 10 nəfəri qətlə yetirilib, yaralıların sayı 200-ü keçib.
Bu sayın artacağına zəmanəti isə Fransa tarixi verir. Xüsusən Afrikadakı müstəmləkələri əlindən çıxmaqda olan Fransa Yeni Kaledoniyadan möhkəm yapışıb və son damla qanı içənə qədər buraxmaq istəmir. Adanın 270 mindən çox əhalisinin 40%-dən çoxunu təşkil edən kanaklar isə artıq uzun illərdir mübarizə aparırlar. Beynəlxalq ictimaiyyətin onların səsinə səs verməsini gözləyərək Fransa zülmündən xilas olmağa çalışırlar. Hər halda Fransa bir xalqın hüquqlarını yox saymaqla, azadlığını əlindən almaqla zülmə əl atır və bu vəziyyət getdikcə daha ağırlaşır.
Hadisələrin gedişi onu göstərir ki, Fransa qətliam və cinayətləri XXI əsrdə də törətməkdən çəkinmir, özündə bu haqqı görür. Əks halda nüvə dövləti kanakların üzərinə ordu yeridərdimi? Fransa öz kölgəsindən qorxur, yoxsa qanlı keçmişini yaşadır?
İstənilən halda Yeni Kaledoniya xalqının öz hüquqları uğrunda mübarizəsi mühüm əhəmiyyətə malikdir. Bu mübarizə artıq dayaqları sarsılmış Fransa müstəmləkəçiliyini tarixin tozlu səhifələri arasına ata, yerlə bir edə bilər...
oxu.az
Orxan Tağıyev
Paylaş: