Rusiyalı ekspertdən sual doğuran yeni açıqlamalar; ekspertdən fərqli mövqe: “Rusiyada Azərbaycanın iki konsulluğu varsa, Qarabağda konsulluq açmaq niyyəti anlaşılan olmalı...”
Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər komitəsinin rəhbəri Qriqori Karasinin mayın 27-də Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə Xankəndində konsulluq açmaq niyyətləri ilə bağlı dedikləri gündəmin ən çox müzakirə olunan mövzusuna çevrilib. Karasin 2024-cü ilin sonuna doğru diplomatik nümayəndəliyin açılması məqsədilə yaxın günlərdə hazırlıq başlayacağını da deyib. Moskva Qarabağda konsulluq açmaq niyyətini “regionda qalmaq niyyəti” ilə əsaslandırıb, bu da ciddi müzakirələrə və fikir ayrılıqlarına səbəb olub.
Hələlik Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə hər hansı reaksiya bildirməyib. “Kavkazskiy Uzel”in hesabatına əsasən, qeyri-sabit Cənubi Qafqaz regionunda Rusiyanın iştirakını davam etdirməyə yönəlmiş strateji cəhd kimi qarşılanan bu qərar Azərbaycanda ekspertlərin geniş etirazına səbəb olub.
Tanınmış politoloq, Rusiya İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının müdiri doktor Andrey Koşkin bu təşəbbüsün hazırkı geosiyasi iqlimdə dərin kök saldığını bildirib. “Geosiyasi vəziyyət gərginləşir, xüsusən də Cənubi Qafqazda. Dağlıq Qarabağda (belə inzibati ərazi yoxdur - red.), bu yaxınlarda intensiv münaqişənin şahidi olan regionda konsulluq açılması siyasi sabitlik yolunda atılan addımdır”, - deyə o, “Kavkazskiy Uzel”ə bildirib.
Onun sözlərinə görə, bu diplomatik nümayəndəlik Rusiyanın sülhməramlıları çıxardıqdan sonra belə Qarabağa təsirini qoruyub saxlamasına (?! - red.) imkan verəcək: “Bu konsulluq Moskvanın Qarabağda strateji maraqlarını əks etdirərək, Rusiyanın ən vacib regional məsələlərə dair danışıqları davam etdirməsinə imkan verəcək. Rusiya regionda mövqelərini möhkəmləndirməyə çalışdığı bir vaxtda bu addım Bakı ilə əlaqələrin möhkəmlənməsinə də şərait yarada bilər”.
Öz növbəsində hərbi ekspert Vasili Dandıkin təşəbbüsün böyük ehtimalla Moskvaya aid olduğu ilə razılaşır. Lakin o qeyd edib ki, Azərbaycan da bu razılaşmada üstünlüklər görə bilər: “Bu, görünür, Rusiya və Azərbaycan arasında Rusiya sülhməramlılarının çıxarılması ilə bağlı daha geniş razılaşmanın tərkib hissəsidir. Hələlik sülhməramlıların gedəcəyi, diplomatik missiyanın isə qalacağı haqqında razılıq əldə olunub”.
Dandıkin Rusiya və Ermənistan arasında gərgin münasibətlərə diqqət çəkib, Ermənistanın Qərbə üz tutması fonunda Moskvanın regionda iştirakını möhkəmləndirməyə çalışdığını təxmin etdiyini qeyd edib. “Rusiya bu konsulluğu yaradaraq, əsas problemlər həll olunmamış qalsa belə, Dağlıq Qarabağda (? - red.) və bütünlükdə Cənubi Qafqazda iştirakının davam etdiyinə işarə edir”.
Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun baş elmi əməkdaşı Aleksey Qunya da bu fikirləri dəstəkləyərək, konsulluğun yaradılmasını siyasi cəhətdən səmərəli addım adlandırıb. “Rusiyanın bu regionda mövcudluğunu diplomatik missiya ilə ifadə etməsi təcrübi əhəmiyyətə malikdir, məsələn, Qarabağın mədəni irsinin öyrənilməsi üçün platforma yaradır”, - deyə o vurğulayıb.
Doğrudanmı konsulluq məsələsi Bakı ilə Moskva arasında Rusiya sülhməramlılarının çıxarılması ilə bağlı geniş razılaşmanın tərkib hissəsidir? Yəni ilkin anlaşma var?
Politoloq Elxan Şahinoğlu bildirib ki, Kreml konsulluq xidməti vasitəsilə yenidən Qarabağa qayıtmaq və itirdiyi mövqeləri bərpa etmək istəyir: “Rusiya Xankəndidə niyə konsulluq xidməti açmaq istəyir? Axı Xankəndidə Rusiya vətəndaşı yoxdur, hərbçiləri də bölgəni tərk edib. Türkiyənin Şuşada konsulluq xidməti açılmadan Rusiyanın Qarabağda konsulluq xidmətinin açılması doğru deyil. Görünür, Kreml konsulluq xidməti vasitəsilə yenidən Qarabağa qayıtmaq və itirdiyi mövqeləri bərpa etmək istəyir. Bu isə Azərbaycanın maraqlarına cavab vermir. Müxtəlif mövzularda fərqli fikirlərə hörmətlə yanaşıram və normal diskussiyasının tərəfdarıyram. Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılmasını müsbət qiymətləndirənlər də var. Onların arqumenti belədir ki, bəs, Fransa və İran Qərbi Zəngəzurda konsulluq xidmətləri açmaqla Ermənistana dəstəklərini ifadə etdikləri halda, bunun qarşılığında Rusiya Xankəndidə konsulluq xidməti açmaqla Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərindəki suverenliyinə dəstək vermiş olacaq.
Qarabağın Azərbaycana məxsusluğunu heç Ermənistan şübhə altına almır, Rusiyanın Xankəndidə konsulluğu olmasa bunu şübhə altına alacaq? Fransa və İran Qərbi Zəngəzurda konsulluq açmaqla öz məntiqlərinə görə bu bölgəni guya Azərbaycandan qorumuş olurlar. Halbuki, Azərbaycan bu bölgəni nəzarət altına almaq istəsə, müxtəlif ölkələrin konsulluqları buna mane ola bilməyəcəklər. Təhlükə halında bölgəni birinci elə xarici ölkə təmsilçilikləri tərk edəcək. Ermənistan indi və gələcəkdə Azərbaycana qarşı təxribat həyata keçirməyəcəyi halda, Qərbi Zəngəzuru Şərqi Zəngəzura birləşdirmək kimi planımız yoxdur. Rusiya Xankəndidə konsulluq açmaq əvəzinə Kreml sahibinin belaruslu həmkarı Aleksandr Lukaşenko kimi Bakıdan sonra Şuşanı ziyarəti konsulluq xidməti açmaqdan daha faydalı olar".
Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Xankəndidə Rusiyanın konsulluq açmasıının rəsmi razılaşdırılmış məsələ əsasında olub-olmadığını söyləmək çətindir: “Amma istisna etmirəm ki, bununla bağlı ən azı rəsmi şəxslərin arasında müəyyən fikir mübadiləsi aparılıb. Razılaşmanın olub-olmadığını isə söyləmək hələlik çətindir. Daha az ehtimal etmək olar ki, Rusiya tərəfi verilən bu açıqlama ilə bir növ ictimai rəyi yoxlamaq məqsədi də güdə bilər. Rusiyanın konsulluq açmaq niyyəti gerçəkləşə də bilər. Birinci, onu nəzərə almaq lazımdır ki, Rusiyanın bu bölgədən tamamilə çəkilib getməsi gözlənilmir. Ona görə ki, Rusiyanın özü bölgə dövlətidir. İkincisi, Rusiya Azərbaycanda hərbi mövcudluğa son qoyandan sonra ən azı diplomatik formada mövcudluğunu saxlamaq cəhdi də başadüşüləndir. Burada ziyanlı bir şey görünmür. Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədirsə, Rusiyada Azərbaycanın səfirliyi ilə yanaşı iki konsulluğu varsa, Rusiyanın Qarabağda konsulluq açmaq niyyəti başa düşülən olmalıdır. Rusiya Şərqi Zəngəzurun iqtisadi inkişafında iştirak etmək niyyətindədir. Konsulluğun açılması həmin bölgədə Rusiyanın gələcəkdə iqtisadi, ticarət, humanitar, mədəni əməkdaşlığının olacağından xəbər verir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Paylaş: