"Almaniya öz silahları ilə Rusiya Federasiyasının dərinliklərinə endirilən zərbələrə qoyulan məhdudiyyəti ləğv etmək fikrində deyil".
Musavat.com xəbər verir ki, Almaniya kansleri Olaf Şolts dünən belə bir bəyanatla çıxış edib.
Onun bu çıxışı kritik vəziyyətdə olan Ukraynaya ciddi zərbə sayılır.
Sitat: “Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyirik və bütün qərarlarımız Rusiya ilə NATO arasında müharibənin qarşısını almaq üçün ölçülür”.
O, açıq şəkildə bildirib ki, Berlin hələ də “Taurus” uzaqmənzilli raketlərini Kiyevə ötürmək niyyətində deyil. Onun sözlərinə görə, Almaniya “Ukraynaya hansı silah növlərini ötürə biləcəyini və hansı silahları verə bilməyəcəyini açıq şəkildə izah edib”.
Yəni biz özümüz bilərik, Ukraynaya nəyi veririk, nəyi vermirik!
Avropanın ən qüdrətli dövlətinin bu münasibəti Kollektiv Qərbin Ukraynaya münasibətinin güzgüsüdür. Döyüşən Ukrayna ordusuna verilən silahların əksəriyyəti müdafiə xarakterlidir və Rusiya hücumlarını səngitmək üçün assimmetrik zərbə taktikasına imkan vermir. Qərb guya 3-cü Dünya müharibəsinin qarşısını almaq üçün savaşın Ukrayna ərazisindən çıxmasına imkan vermir, bütün hərbi əməliyyatların burada getməsinə şərait yaradır. Bu da daha çox ukraynalının ölməsi, ərazilərin dağıdılması və işğal olunması deməkdir.
Paylaş: