ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaq niyyətini bəyan etməsindən sonra "The Times" münaqişənin sona çatması ilə bağlı dörd "realist" ssenarini təqdim edib.
Musavat.com xəbər verir ki, 1-ci ssenari Ukraynanın dəstəksiz qalmasıdır:
Əgər Rusiya danışıqlara getməzsə və ABŞ Ukraynaya dəstəyi dayandırarsa, Kiyev zəifləyərək məğlubiyyətə uğrayacaq. Lakin "The Times" qeyd edir ki, Tramp belə bir nəticədən qaçmağa çalışacaq.
2-ci ssenari: “Pis sülh”
Bu halda Ukrayna məğlubiyyətə uğrayar və bölünər. Sülh olsa da, bu, ölkənin parçalanması deməkdir.
3-cü ssenari: Atəşkəs və dondurulmuş münaqişə
Atəşkəs yalnız münaqişənin tam həlli ilə nəticələnərsə, Ukraynanın "sağ qalmasına" imkan yarada bilər. Bu, bölgədə sabitlik yaradıb, Ukraynanın müəyyən təhlükəsizlik və iqtisadi təminatlar əldə etməsinə şərait yarada bilər. Lakin müharibənin sadəcə dondurulması Moskvanın istədiyi vaxt hərbi əməliyyatları yenidən başlatmasına imkan verə bilər. Qeyd edilir ki, ABŞ-ın yeni dövlət katibi Marko Rubio uzunmüddətli razılaşmanı dəstəkləyir.
4-cü ssenari: Danışıqlar yolu ilə həll
Vaşinqton Kiyevə "güclü mövqedən" sülh danışıqları aparmaq imkanı yaratmalı və təhlükəsizlik zəmanətlərini təmin etməlidir. Əgər Rusiya bu danışıqlardan yayınarsa və ya qeyri-səmimi iştirak edərsə, sanksiyalar tətbiq edilə bilər. Tramp Ukraynanı silah və maliyyə dəstəyi ilə təmin etmək öhdəliyini götürməlidir. Lakin bu variantda belə, Rusiyanın işğal etdiyi ərazilərin geri qaytarılması ehtimalı azdır.
"The Times" vurğulayır ki, Ukraynanın qələbəsini və ya məğlubiyyətini nə torpaq məsələləri, nə də sərhəd xətləri müəyyən edəcək. Əsas məsələ münaqişədən sonra ölkənin hansı təsir dairəsində olacağıdır.
Paylaş: