Xəbər lenti

 Bu gün səfərdə "Sumqayıt"la keçirəcəyi Azərbaycan Premyer Liqasının VIII tur matçı ərəfəsində "Qəbələ" klubu 3 mərkəz müdafiəçisinin xidmətindən məhrum olub.

Klubdan “Report”a verilən məlumata görə, bunlar Vitali Vernidub, Voyislav Stankoviç və Deyv Bultuisdir.

Ukraynalı V.Vernidub son məşqlərdən birində zədələnib. Tibbi müayinə nəticəsində 29 yaşlı oyunçunun ayaq sümüyündə qırıq aşkarlanıb. O, yalnız 15 gündən sonra məşqlərə başlaya biləcək.

Serbiyalı V.Stankoviç ötən tur "Kəpəz"lə oyun zamanı xəsarət alıb və 34-cü dəqiqədə yerini D.Bultuisə verib. Lakin hollandiyalı müdafiəçi də "Neftçi" ilə yoxlama matçında arxa əzələlərində ağrılar hiss etdiyindən meydandan çıxmalı olub.

Bu oyunçularla yanaşı, İlqar Qurbanovla Filip Ozobiç də zədəlidir. Beləliklə, "Qəbələ" bugünkü görüşə 5 aparıcı futbolçu itkisi ilə çıxacaq. Mərkəz müdafiəçilərinin yoxluğunda baş məşqçi Roman Qriqorçukun bu mövqedə Rasim Ramaldanovla Ürfan Abbasova şans verəcəyi gözlənilir.

Qeyd edək ki, Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək oyun saat 18:00-da başlanacaq.




Ana səhifəyə qayıt        Baxış: 954          Tarix: 14-10-2017, 10:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma