“Həyatım “Qalatasaray”da keçdi. İstəyimizdən asılı olmayaraq, bəzən ayrılıqlar baş verir”. Bu sözləri “Qalatasaray” klubunun yeni baş məşqçisi Fatih Terim deyib. Təcrübəli mütəxəssisin “cim-bom”a qayıdışı rəsmiləşib. Terim İstanbul klubu ilə 1,5 illik müqavilə imzalayıb.64 yaşlı çalışdırıcı təqdimat mərasimində maraqlı fikirlər səsləndirib. O, yerinə keçdiyi İqor Tudora minnətdarlıq edib: “Qalatasaray”ın mənə ehtiyacının olduğunu eşidəndə əlimi daşın altına qoymalı olduğumu anladığım üçün burdayam. Görüləsi çox işimiz var. Belə bir camiənin ilklər etməli olduğunu düşünürəm. Klub prezidenti, mən, rəsmilər və möhtəşəm “Qalatasaray” fanatları klubu haqq etdiyi yerə daşımalıyıq. İki gün sonra çox sevdiyim “Göztəpə” komandası ilə qarşılaşacağıq. Bu gün komandanı ilk məşqə çıxartdım. Ən qısa zamanda qollarımızı çırmalamalı, çatışmazlıqları aradan qaldırmalıyıq. Yerinə keçdiyim həmkarım İqor Tudora “Qalatasaray”da gördüyü işlər üçün təşəkkür edirəm”.
Terim transfer məsələləri haqda da fikirlərini bildirib: “Heyətdə 19-20 futbolçu var. Müdafiənin sol cinahında çıxış edən solaxay oyunçumuz yoxdu. Olan da əməliyyat edilib. Bu vaxta qədər solaxay olmayan futbolçunu heç vaxt sol cinahda oynatmamışam. Amma “Göztəpə” ilə matçda ilk dəfə bu prinsipimə zidd hərəkət edəcəm. İki gün içində mümkün olan şeyi edəcəyik. İxtiyarımızda olan futbolçuların performansını yaxşılaşdırmalıyıq. Hakan Balta olsaydı, müdafiənin solunda onu oynadardım. Amma əvəzedici komandaya göndərildiyi üçün adı siyahıda yer almır. Naycel de Yonqu da məşqə çıxmaq üçün çağırdım”.“İmperator” ləqəbli çalışdırıcı “Qalatasaray” azarkeşlərinə də səslənib: “Onlar xoşbəxtdisə, klub uğurlara imza atacaq. Fanatlarımıza təşəkkür edirəm. “Qalatasaray” gələn il mütləq Avropada olmalıdı. Bunun üçün mövsümü yaxşı yerdə bitirməliyik. Futbol nəticəyə hesablanmış oyundu. Skaut dostlarımız transferlərlə bağlı bir siyahı tərtib ediblər. Bir yerdə əyləşib, çatışmazlıqları aradan qaldıracağıq. Qarşıdakı matçlarda “Qalatasaray” 3 xalı qazanmaq üçün meydanda hər şeyi edəcək. Xüsusilə derbilər heç kimin məğlub olmaq istəmədiyi qarşılaşmalardı. Uduzanda belə sona qədər mübarizə aparmaq mənim üçün çox önəmlidi. Komanda məğlub olanda da ruhunu ortaya qoymalıdı”.
Terim 4-cü dəfə “Qalatasaray”ın “sükanı arxası”na keçməsinə də toxunub: “Qaldığımız yerdən yola davam etmək vaxtı çatdı. Keçmişdə imza atdığımız uğurlardan artığını əldə etmək üçün burdayam. Ümid edirəm ki, qaldığımız yer edəcəyimiz işlərin başlanğıcı olar. “Qalatasaray”ı daha yaxşı yerlərə çatdırmalıyıq. Bu klub mənim üçün bir komandadan artıqdı. “Qalatasaray”ın hər çağırışına gələrəm. “Get” deyəndə gedirəm, “gəl” deyəndə gəlirəm. İkincisi, mənim də komanda ilə bağlı öz xəyallarım var. Böyük işlər görürük. Həyata keçməsi çətin olan xəyallarımızı “Qalatasaray”da gerçəkləşdirdik. Yupp Haynkes yenidən “Bavariya”nın başına keçdi. Mən isə 4-cü dəfədi burdayam. 1996-cı ildə ilk dəfə “Qalatasaray”ın baş məşqçisi təyin olunanda həmin vaxt “Arsenal” Arsen Vengerlə anlaşdı. Üstündən 22 ilə yaxın vaxt keçib. “Qalatasaray”da o qədər qalsaydım, necə olacağını düşünə bilmirəm. Düzdü, mənim də səhvlərim oldu. Fürsətdən istifadə edib, “Beşiktaş”ı təbrik edirəm. Şenol Günəş yaxşı işlər görür. “Başakşəhər” və “Fənərbaxça” da çempionluğa namizədlərdəndi. Çempionluğa oynayan komandaların sayı nə qədər çox olsa, bir o qədər maraqlı olur”.// Apasport.az
Paylaş: