Xəbər lenti

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov U-21 yığmasının Norveçlə keçirdiyi Avropa çempionatının seçmə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

U-21 millisinin İsrail və Norveçlə keçirdiyi matçları izlədiniz. Gənclərdə perspektiv görürsünüz?

– Perspektivimizin olduğunu düşünə bilərik. Amma bu, digərlərində daha çoxdur. Elə Norveçlə İsraili buna misal gətirə bilərəm. Onların komanda və oyunçu potensialı bizdən qat-qat yuxarıdır. Hər birinin oynadığı komandalara baxsaq, inkişafa doğru gedirlər. Bizdə isə təlim-məşq toplanışında bir neçə oyun keçirib düzəlirlər və burdan gedəndən sonra bir ay ərzində baxsaq, 3-4 nəfər çempionatda ya oynayar, ya da yox. Qalanları isə I Divizionda olur, ya da ehtiyatda vaxt keçirirlər.

Millinin baş məşqçisi kimi düşünmürsünüzmü ki, bir neçə ildən sonra mən bu uşaqlarla nə edəcəyəm?

– “Hazırda ümidverici nə görünür” sualına cavab axtarsaq, “böyük bir şeyi bir neçə ilə əldə edəcəyimizi” söyləsək, yalan olar. Çünki rəqiblərimiz bizdən qat-qat sürətli inkişaf edirlər. Ona görə də bizdən bu gün üçün daha üstündürlər. Təbii ki, fərq edəcək. Ola bilsin, bir ildən sonra bu futbolçular daha yaxşı oynayacaqlar. Amma təəssüf ki, digər komandalar daha çox irəli gedəcək və yenə də səviyyə baxımından bizdən yuxarılarda olacaqlar.

Həm əsas, həm də U-21 yığmasında oyun təcrübəsinin azlığını vurğulamısınız. Bunun çıxış yolu nədədir?

– Görünən odur ki, bu, 3-5 günün işi deyil. Bu oyunlara baxdıqdan və öz oyunlarımızı keçirdikdən sonra rəqib komandaların çempionatları ilə daha çox maraqlanmağa başlamışıq. Bu gün həddən artıq böyük işlər görülməlidir. Bəlkə də çox şeyi təzədən başlamaq, uzunmüddətli layihə götürüb, onun üzərində çalışmaq lazımdır. Fikrimcə, işbirliyi həddindən artıq çox və geniş miqyaslı olmalıdır.

Sizcə, sıfırdan başlamaq, futbolçuları lazımi səviyyəyə çatdırmaq üçün ən azı 5 il vaxt lazım deyil?

– İş ondadır ki, 4-5 il əvvəl bu ölkələrdə çempionatın səviyyəsi elə də yüksək deyildi. Hətta bəzi liqaların səviyyəsi aşağı enmişdi. Lakin artıq onlar çox sürətlə irəliləyiblər, çempionatlarının səviyyələrini qaldırıblar və futbolçularını Avropa bazarlarına çıxarıblar. Bütün ölkələrin yığmalarına, ayrı-ayrılıqda futbolçularına baxsaq, hamısı çox yaxşı liqalarda çıxış edir. Lakin bizim əvvəllər çox yaxşı çempionatımız var idi, son vaxtlar isə zəifləməyə doğru gedir. Dəfələrlə qeyd etmişəm ki, 5-7 il əvvəlki çempionatımızdakı komandalar, rəhbər şəxslər, məşqçilər, legionerlər tam fərqli idilər. Heç biri digərindən geri qalmırdı. Belə bir şəraitdə yerli futbolçuların da səviyyələri istər-istəməz qalxmalı idi. Bunun da şahidi olurduq. Amma son vaxtlar çempionatımız zəifləməyə doğru getdi, səviyyəli legionerlər azalmağa başladı, bir neçə klubu AFFA maliyyələşdirməyə başladı. Belə problemlər davam etməkdədir.

Kosovo və Malta ilə UEFA Millətlər Liqasının oyunlarında iki fərqli hissə izlədik. Bu, nə ilə əlaqədar idi?

– Bu gün nəsə desəm, bəlkə də şablon fikirlər olacaq. Futbolda belə epizodlar olur, belə hallara rast gəlinir. İnanmıram ki, həyəcanla bağlı olsun. Turnirə start verməmişdən öncə futbolçularda qrupu birinci pillədə başa vurmaq istəyi var idi. Bu, indi də var. Təbii ki, bunlar tələb olunanda həyəcan olur. Normal bir şeydir. Futbolun özəlliklərindən biridir.

Ruslan Qurbanov Kosovaya qarşı oynasa da, Malta ilə oyunun 23-lüyünə salınmadı. Nəzərə alsaq ki, ipə-sapa yatmayan futbolçudur, onu heyətə salmamağınızın səbəbini açıqlaya bilərsiniz?

– Öz qərarım idi. Bunun səbəbini açıqlamağa ehtiyac yoxdur.

“Qarabağ”ın Avropa Liqasıdakı oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirməsini istəmədiyiniz barədə məlumatlar var. Tofiq Bəhramov adına Respublika stadionuna qayıtmaq variantınız yenə var?

– Verilən qərarlar məsləhətləşdirilir. Ötən il Çempionlar Liqasındakı matçları da BOS-da keçirmişdik. Biz “Arsenal”la oyunu BOS-da, digər iki matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirmək istədik. Amma UEFA-nın reqlamenti var. “Arsenal” və “Sportinq” Çempionlar Liqası səviyyəsində olan komandalardır. Bir oyunu burda, digərini başqa yerdə keçirmək düzgün deyil. Bu qərarda hamının razılığı olub. Ötən il Bakı Olimpiya Stadionunun azarkeşlərlə dolması ölkə başçısı tərəfindən də müsbət qarşılanmışdı. Bu qərar hamının razılığı ilə qəbul olundu.

Barış Ekincieri özünüz üçün qeyd etdiniz?

– Qeydiyyatda olanlar var. Amma ad çəkmək düzgün olmaz. Hamının üstün və zəif cəhətləri qeyd edilib. Bir neçə oyunçu daim diqqətimizdədir/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 490          Tarix: 12-09-2018, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma