Xəbər lenti

 

Dünən yenə Ağdam uğrunda döyüşmək lazım idi. Amma 17 il əvvəl olduğu kimi əlində silah döyüş meydanında yox, futbol meydanında. Axı Ağdamın işğalının 17-ci ildönümü bu qədər səssiz, sanki hər şey unudulubmuş kimi keçə bilməzdi. Avropada anlamalıydılar ki, bizim üçün heç kim və heç nə unudulmayacaq. 23 iyul, Ağdamın işğal tarixindən cəmi 6 gün sonra "Qarabağ" yenə Avropaya səs saldı.
Krakovdakı oyunun ilk dəqiqələri "Qarabağ" üçün çətin keçirdi. Topa nəzarət, ərazi üstünlüyü "Visla"nın tərəfində idi. Amma Hollandiyanın, Norveçin, Finlandiyanın futbol meydanlarında bərkə-boşa düşmüş oyunçularımız meydanın hər qarışı uğrunda mübarizə aparırdı...

Samir Abbasov "Qarabağ"a lazımdırmı? "Visla" ilə oyun bu suala da cavab oldu. İlk baxışdan "Qarabağ"ın oyun üslubuna uyğun gəlməyən Abbasov dünən çox faydalı oynadı. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Samir rəqib hücumlarının qarşısını almaqla və hava mübarızələrındə yaxşı oyunu ilə diqqət çəkirdi.

Dünən bir daha əmin oldum ki, oyundan oyuna artıran Ansi Aqolli də uğurlu transferdir. Və Vüqar Nadirov. Həmişə demişəm ki, Vüqar çox böyük potensiala malikdir. Onun çatışmayan cəhəti qol imkanlarını sağa-sola xərcləməsidir. Bir az dəqiq oynasa, həm "Qarabağ"ın, həm də milli komandanın əsas üzvü olacaq. Fərhad Vəliyev başda olmaqla digər futbolçular da möhtəşəm idilər.

Bu komandada birlik var. İnam və iman var. Həmin o birlik komandanın oyun üslubuna da sirayət edib. Sanki döyüşə çıxan futbolçular sona qədər mübarizə aparırlar, bir-birini sığortalayırlar.  Bütün bu amillər "Qarabağ"ın əzəmətini artırır. Məhz ona görə
"Bakı"da sönən Adamiya "Qarabağ" da iddiasını ortaya qoya bilir.

Krakovda "Qarabağ" "Visla"nı, Qurban Qurbanov isə Quzanlıda istefa qışqıran azarkeşləri susdurdu. Maraqlıdır, bir neçə ay əvvəl Quzanlıda istefa qışqıranlar bu gün hansı hissləri keçirirlər? Görəsən etdikləri hərəkətə görə xəcalət çəkirlərmi?

Azərbaycanda futbolçu yoxdur deyənlər, məhz Azərbaycanlı futbolçuların sayəsində sevinir. Hanı o "səviyyəli" legionerlər? Niyə beynəlxalq arenada bizi sevindirmirlər?
"Qarabağ" bir daha sübut etdi ki, mövsümü titulsuz başa vursa da, Azərbaycanın bir nömrəli komandasıdır. "Qarabağ" bizim qürurumuzdur. Qurban Qurbanov bizim fəxrimizdir.
"Qarabağ"ın uğursuzluqları da olacaq. Bu futboldu və futbolda hər şey olur. Amma sizdən ricam var: Yalnız yaxşı günündə deyil, həm də pis günündə qəhrəmanlarınızın yanında olun. Onlar buna haqq etdilər.




Ana səhifəyə qayıt        Baxış: 496          Tarix: 5-09-2019, 01:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma