ABŞ-da aktiv neft quyularının sayı 7-13 oktyabr həftəsində 5 ədəd və ya 0,67% azalaraq 743 ədəd təşkil edib. ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı isə hesabat həftəsi ərzində 8 ədəd və yaxud 0,85% azalaraq 928 ədədə geriləyib.
Bu barədə "Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir.
Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 311 və yaxud 72%, qaz quyularının sayı isə 80 ədəd və ya 76,2%, ümumilikdə isə neft-qaz quyularının sayı 389 ədəd və yaxud 72,2% artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,35 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 53,8% aşağıdır.
"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-60 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidəcək, 55 dollar/bareli ötməsi isə quyuların sayının artmasını sürətləndirəcək". Hazırda aktiv quyuların sayında müşahidə olunan azalmanın səbəbi kimi baş vermiş qasırğalar göstərilir. Qısa müddət ərzində aktiv quyuların sayında kəskin artım müşahidə oluna bilər.
Qeyd edək ki, cari il avqustun 11-də ABŞ-da aktiv neft quyularının sayı bu ilin maksimum həddinə çataraq 768 ədəd təşkil edib və hazırda aktiv quyuların sayı bu səviyyədən 25 ədəd və ya 3,26% aşağıdır. Aktiv neft quyularının sayında azalmanın olmasına baxmayaraq, ABŞ-da neft hasilatı ötən həftə 9,48 mln. barel/gün təşkil edib və 9,61 mln. barel/gün rekord hasilat həcminə yaxın olub.
Paylaş: