Elçin Qurbanov
Vergilər Nazirliyinin vergi ödəyicilərinə göndərdiyi yeni və çoxsaylı məktubların mahiyyəti icarə haqlarının bazar qiymətləri ilə nəzərə alınması haqqında bildirişlərdir.
Qeyd etmək istəyirəm ki, icarə haqlarına tətbiq edilməli olan vergilər ən möhtərəm iqtisadi təlimlərin təbirinə uyğundur. Staqfiliyasiya risklərinin azaldılması, istehsalın və məşğulluğun səviyyəsinin artırılması məqsədilə istehsala tətbiq olunan vergilər azaldılmalıdır.
Məlum olduğu kimi, daşınmaz əmlakın icarəsindən əldə olunan gəlir fiziki şəxslərə münasibətdə qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər kateqoriyasına aid edilir. Lakin son dövrlərə qədər bu sahəyə bir o qədər də əhəmiyyət verilməməsinin əsas səbəbi əmlak sahiblərinin əksəriyyətinin yüksək çinli məmurlar olmasıdır. Məsələyə yeni müstəvidən yanaşmaq, zənnimcə, qismən təqdirəlayiqdir. Üzərində dayanılması gərək olan məsələ odur ki, ötən günlərdə daşınmaz əmlakı icarəyə verən subyektlərin vergi məbləğləri vergi orqanları tərəfindən təhlil olundu və büdcəyə alınması barədə müvafiq tədbirlər də görüldü. Ardından isə dərhal həmin mülkiyyətçilər təhlil nəticəsində il ərzində ödəməli olduqları vergi məbləğlərinin hər ay bərabər həcmdə ödənilməsi barədə vergi orqanı ilə razılaşma əldə etdilər. Bu isə o deməkdir ki, mülkiyyətçi ilə icarəçi arasında müəyyən olunmuş əvəzli əqdin ( müqavilə qiymətinin) tərkibi bazar qiymətinə uyğunlaşdırılıb. Bu hadisənin üzərindən heç bir ay keçməmiş müqavilənin digər iştirakçılarına bildiriş göndərilməsinə başlandı. Yəni vergi orqanları həm əmlakın sahibindən , həm də icarəçidən ayrı-ayrılıqda icarə haqqının bazar qiyməti üzrə ödəmə mənbəyində verginin ödənilməsini tələb edir. Bu da eyni mənbədən verginin təkrar ödənilməsinin tələb edilməsi effektini yaradır. Yəni Az. Res. Konstitusiyasının 73-cü maddəsinin II – hissəsi ilə ziddiyyət təşkil edir.
Digər problem isə vergilər üçün bütün rezervlərin tükədilməsidir. Məlumdur ki, son dövrlər ölkənin monetar siyasi kursu konservativ elementlərlə müşahidə olunur. Dövlət tədavüldə olan pul kütləsinin və əmakhaqlarının artım səviyyəsini məhdudlaşdırır. Dövlət büdcəsinin xərcləri azaldılır, bank faizləri yüksək həddə qərarlaşdırılır. Bu isə o deməkdir ki, dövlət inflyasiyanın qarşısının alınması tədbirlərini həyata keçirir. Lakin beynəlxalq təcrübə göstərir ki, belə konservativ monetar proqram həyata keçirilərkən hökmən vergi güzəştləri də tətbiq olunmalıdır. Buna ABŞ- da Ronald Reyqan, Böyük Britaniyada M. Tetçer hakimiyyəti dövründəki təcrübə əyani misaldır. Əgər pulun dövriyyədən yığılması belə davam edərsə, staqfiliyasiya riskləri kəskinləşər, investisiya mühiti tamamilə sıradan çıxar, yoxsulluğun və işsizliyin səviyyəsi isə artar. Unutmaq olmaz ki, qiymətləri aşağı səviyyədə saxlamaq nə qədər gərəklidirsə, vergilərin də adekvat azaldılması bir o qədər vacibdir. Çünki istehsal xərcləri və məhsulun qiymətinə bilavasitə təsir göstərən amil vergidir. Ona görə də istehsalı vergi yolu ilə stimullaşdırmaq lazımdır. Əks təqdirdə vergilər qiymətlərin artımına səbəb olacaq. Yəni vergilər sərtləşdirildiyi və ya olduğu kimi saxlanıldığı halda istehsal rentabelsiz nəticələrə köklənəcək. İnvestisiya mühiti sıradan çıxacaq.
Tələbi süni şəkildə məhdudlaşdırmaq üçün bu proqramın bütün meyarları nəzərə alınmalıdır. Vergilər iqtisadi mühiti düzgün təşviq etmədiyi üçün korrupsiya və rüşvət üçün geniş imkanlar yaradacaq. Əgər yadınızdadırsa, çox yaxın keçmişdə, təxminən 6-ay öncə ARDNŞ –in işçilərinin peşə-ixtisas dərəcələri aşağı salınaraq onların əməkhaqları 30- 40 faiz azaldıldı. Bildiyimiz kimi, bu aksiya çox geniş sferanı əhatə edir. ARDNŞ yalnız bir misaldır. Əgər məcmu gəlir azalırsa, təbii ki, istehlak xərcləri də azalır. Çünki tələb azalır, iqtisadi dövriyyə aşağı düşür. Digər tərəfdən də təsəvvür edin ki, vergilər artırılarsa nə baş verməlidir?!
Paylaş: