Xəbər lenti

İstehsalçı şirkətlər xaricdən alınan xammala görə rüsum ödəməməlidir. Onları rüsumdan azad etmək lazımdır ki, malın maya dəyəri aşağı olsun və xaricə xammala gedən valyutalar ixracat hesabına bərpa olunsun. 

“Report” xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun nəqliyyat xərclərinin azaldılması üçün də müəyyən təklifləri olacaq: “Nəqliyyat xərcləri ən mühüm məsələlərdən biridir. Bu gün həm ölkə daxilində, həm də ölkə xaricində tikinti materiallarını ixrac edəndə maya dəyərində nəqliyyat xərci 30% təşkil edir. Dünyanın heç bir ölkəsində belə bir fakt yoxdur. Ən çoxu 5% olmalıdır”.

Assosiasiya sədri torpaq vergisi ilə bağlı da problemlərin olduğunu açıqlayıb: “Qanunda deyilir ki, yerin təkindən istifadəyə görə, mədən vergisi ödənilir və onunla da yekunlaşmalıdır. Amma digər ölkələrdən fərqli olaraq bizdə, torpağa görə həm icarə pulu alırlar, həm də torpaq vergisi. Sual yaranır ki, biz torpaqdan istifadə etmiriksə, niyə torpaq vergisi ödəməliyik? Bəs mədən vergisini niyə ödəyirik? Bir şey ki, yerin təki ilə bağlıdır, orda torpaqdan söhbət gedə bilməz. Hesab edirəm ki, gələcəkdə lisenziyalar birbaşa istifadəyə verilməlidir. Orda hər hansı bir torpaq icarəsi yaxud torpaq vergisindən söhbət getməməlidir. Bu, həm Avropada, həm Türkiyədə, həm İranda, həm də Rusiyada belədir. Amma bizdə bu boşluq var”.




Ana səhifəyə qayıt        Baxış: 685          Tarix: 23-12-2017, 11:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma