Xəbər lenti

 “Cənub Qaz Dəhlizi layihəsi strateji layihədir və Avropa İttifaqı onun başa çatmasını səbirsizliklə gözləyir”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərliyi ilə “Caspian Energy” jurnalının nümayəndə heyəti ilə görüşdə bildirib.

O qeyd edib ki, bu layihə Aİ-nin enerji resurslarının divesifikasiyası sahəsində yürütdüyü siyasətə tamamilə uyğundur.

Görüş zamanı Azərbaycan, Xəzər regionu ölkələri və Avropa İttifaqı arasında “Caspian European Club” və “Caspian Energy İnternational Media Group” çərçivəsində informasiya məkanının genişlənməsi perspektivlərinə də toxunulub.

K.Yankauskas bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatların və iqtisadiyyatın diversifikasiyasının Aİ üçün olduqca vacib olduğunu bildirib. O, həmçinin “Caspian European Club” və “Caspian Energy”nin informasiya fəaliyyətindən məmnunluğunu ifadə edib və Şərq Tərəfdaşlığı ölkələri - Gürcüstan, Ukrayna, Moldova çərçivəsində informasiya fəaliyyət sahəsinin daha fəal şəkildə genişlənməsinin zəruriliyini qeyd edib.

İkitərəfli əlaqələrdən bəhs edən Aİ-nin yeni təyin olunmuş səfiri qeyd edib ki, bu gün Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər müsbət istiqamətdə inkişaf edir və onun işə məhz bu siyasətin güclənməsi və həmin əlaqələrin gələcək inkişafı üçün imkanların yaradıldığı bir vaxtda başlaması sevindirici haldır. “Bunun üçün səylərimi əsirgəməyəcəyəm”, - K.Yankauskas deyib.

Alternativ enerji mənbələri mövzusuna toxunan K.Yankauskas “yaşıl” enerji sahəsinin Avropa İttifaqının prioritetlərindən biri olduğunu qeyd edib: “Aİ-nin hazırda dəstək göstərdiyi layihələrdən biri Bakı limanının yaşıl limana çevrilməsinə yardım etməkdir”.

Səfir həmçinin noyabrda baş tutmuş Şərq Əməkdaşlığı Sammitinin nəticələrindən danışaraq Aİ-də Azərbaycanın qeyd edilən prioritetlərinə anlayışın artdığını vurğulayıb: “Hazırda biz əlaqələri qarşılıqlı praqmatik maraqlar əsasında inkişaf etdiririk. Aİ Azərbaycanın sabit, təhlükəsiz, çoxmədəniyyətli, tolerant və çiçəklənən ölkə, rabitəni və alternativ enerji resurslarını təmin edən regional hab kimi qalmasında maraqlıdır. Azərbaycan da, öz növbəsində, Aİ ilə siyasi əlaqələrin inkişafında, öz məhsulları üçün sabit, nəhəng və etibarlı bazarın olmasında, müasir idarəetmə üsullarında və mütərəqqi islahat modellərində maraqlıdır. Aİ Azərbaycanda İttifaqın dəyər və prinsiplərinə qarşı anlayışın artmasını gözləyir. Həmin münasibətlərin başqa səviyyədə inkişafı üçün məkan var. Bu işə hər iki tərəf öz töhfəsini verməlidir”.




Ana səhifəyə qayıt        Baxış: 764          Tarix: 29-12-2017, 19:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma