Xəbər lenti

“İran iqtisadiyyatında neft-qazdan sonra 2-ci yerdə avtomobil sənayesi gəlir ki, bu da ÜDM-nin təxminən 10 faizini formalaşdırır”.

Bu sözləri İran iqtisadiyyatının hazırkı durumunu dəyərləndirən iqtisadçı ekspert Rövşən Ağayev deyib.

Ekspert bildirib ki, İranda avtomobil sənayesi tarixən lisenziya ilə xarici markaların (“Volvo”, “Pejo”, “Reno”, “Kia”) ölkə daxilində yığımı əsasında formalaşsa da, son illərdə yerli markalar da (“İran Xodrou Samand”, “Saypa Tiba”, “İran Xodrou Runna”) yaradılıb:

“Amma hələ də hər il ölkə əhalisi tərəfindən alınan 1 milyon minik avtomobilinin təxminən 70%-i xarici, 30%-i milli markaların payına düşür. Bundan başqa, İranda tibb sənayesinin iqtisadiyyatda mühüm rolu var və bu sənayenin illik ümumi dövriyyəsi 28 milyard dollara yaxın qiymətləndirilir. Ölkədə 400-ə yaxın tibbi araşdırma təşkilatı fəaliyyət göstərir. 90 dərman şirkəti mövcuddur, ölkənin dərman tələbatının 95%-i yerli istehsalla qarşılanır. İran hər il 1.5 milyard dollar ətrafında tibbi xidmət ixrac edir və bu xidmətlərdə əsas yeri orqan köçürməsi, göz və diş müalicəsi təşkil edir. Hər il müalicə üçün ölkəyə təxminən 200 min əcnəbi gəlir. Əsas tibbi xidmət idxalatçılarının ilk beşliyinə Əfqanıstan, Azərbaycan, İraq, Birləşmiş Ərəb Əmirliyi və Oman daxildir. Dünya Səhiyyə Təşkilatının reytinqində İran tibbi xidmət ixracının həcminə görə 6-cı sıradadır”.

Ekspert bütün bunlara baxmayaraq, İran iqtisadiyyatının ABŞ-ın yeni embarqoları qarşısında çox dayanıqlı olduğunu düşünmür:

“İranla bağlı 2015-ci ildə təxirə salınan sanksiyalar bərpa olunsa, ölkədə vəziyyət çətin olacaq. İranda mülki aviasiyada istifadə olunan təyyaralərin orta yaşı 25 ildən çoxdur. Park təzələnməlidir, amma sanksiyalar buna imkan verməyəcək. Digər tərəfdən, dərman sənayesi üçün xammal xeyli hissəsi xaricdən alınır, bu sahədə problemlər yarana bilər. Maliyyə sanksiyaları yenidən ölkənin SVIFT-dən izolyasiyası ilə nəticələnsə, bunun çox ağır nəticələri olacaq”.

Qeyd edək ki, Tramp İranla nüvə anlaşmasından çıxdığını bəyan edib. ABŞ prezidenti Tehrana qarşı sanksiyaların bərpa ediləcəyini açıqlayıb/Axar.az.

 




Ana səhifəyə qayıt        Baxış: 646          Tarix: 10-05-2018, 16:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma