Azərbaycanın əsas ticarət tərəfdaşları Rusiya, Türkiyə və İranın milli valyutalarının dollar qarşısında zəifləməsinin manata da təsiri olacaq.
Bu sözləri keçmiş deputat, iqtisadçı Əli Əlirzayev bildirib. İqtisadçı deyib ki, Azərbaycan adları çəkilən ölkələrlə eyni regionda yerləşir və bu dövlətlərlə ticarət əlaqələri, mal mübadiləsi var: “Bəxtimizdən dünya bazarında neftin və qazın qiyməti qalxıb. Amma indiki vəziyyətin müsbət və mənfi halları da var. Müsbət tərəfi odur ki, dollar vasitəsilə ölkəyə mal gətirə bilirik. Sadəcə, gətirilən məhsulların qiymətinin bahalaşması təhlükəsi var, ona görə tənzimlənmə siyasəti aparılmalıdır. Müəyyən işlər görülür, manat qorunur. Əgər, gətirilən malların qiyməti ensə, insanların rifah halı yaxşılaşar”.
Əli Əlirzayev maliyyə-iqtisadi sabitlikdən ötrü çevik siyasətə ehtiyacın olduğunu söyləyir. Bununla belə, hesab edir ki, sözü gedən qonşu ölkəlkərin valyutalarının indiki durumu uzun müddət davam edərsə, manata mənfi təsirlər şübhəsizdir.
Başqa bir keçmiş deputat və iqtisadçı Nazim Bəydəmirli də bildirib ki, qonşu ölkələrin valyutalarının zəifləməsi ilk əvvəl psixoloji təsirini göstərir. Vətəndaşların, istehlakçıların ehtiyatlanması səbəbindən xarici valyutaya tələbat artır.
Ancaq Nazim Bəydəmirli deyir ki, qonşu ölkələrin valyutaları ucuzlaşırsa, Azərbaycan sahibkarlarına sərf edən məqamlar yaranır: “Çünki idxalçılara dollarla daha çox məhsul almaq mümkündür. Bu mənada qonşuların valyutasının ucuzlaşması ticarət baxımdan yerli bazara müsbət təsir edir. Ancaq daxili bazarda istehsal baxımdan mənfi təsir göstərir. Məsələ ondadır ki, monopoliya səbəbindən daha ucuz mal gəldiyindən daxili istehsala maraq azalır. Ona görə ölkələr xarici ticarəti inkişaf etdirmək, stimullaşdırmaq üçün milli valyutanın kursunu ucuzlaşdırmaqda maraqlı olurlar, amma kəskin ucuzlaşma çox təhlükəlidir”
Nazim Bəydəmirli vurğulayıb ki, 2015-ci ildə devalvasiya qərarları süni olduğundan yerli iqtisadiyyat hələ də həmin şokdan çıxa bilməyib və nəticədə istehsal sahələri kifayət qədər azalıb, vətəndaşlar kasıblaşıb: “Əslində, Azərbaycan idxaldan asılıdır, əsas gündəlik tələbat malları xarici valyutada alınır. Həm də vətəndaşın maaşı xarici valyutaya nisbətən daha aşağı alıcılıq qabiliyyətinə malik olduğundan az məhsul alır. Çox təəssüf ki, Azərbaycan MDB-də orta aylıq əməkhaqqına və yaşayış minimumunun dərəcəsinə görə dollar ekvivalentində son yerlərdədir”
Nazim Bəydəmirli hesab edir ki, yeganə mütərəqqi yol daxili istehsalı stimullaşdırmaq, iqtisadi fəaliyyəti və yerli sahibkarlara dəstəyi artırmaqdır: “ Vergi dərəcələrini sabit saxlamaq və kiçik, mikrosahibkarlıq üçün daha da azaltmaq lazımdır. Belə olsa ölkədə mal, xidmət bolluğu yaranar və qiymətlər stabilləşər. Bu yol da “məmur sahibkarlığının”, inhisarçılığın ləğvindən, köklü islahatlardan keçir” (Azadlıq Radiosu)
Paylaş: