İqtisadçı alim Məhəmməd Talıblı Türkiyə iqtisadiyyatında ixrac və idxalın strukturu ilə bağlı təhlil yazıb. Onun “Facebook” səhifəsində dərc etdiyi məqaləsini təqdim edirik:
Ticarət balansı
Türkiyə iqtisadiyyatında ciddi problemlərə yol açan əsas makroiqtisadi parametrlərdən biri də xarici ticarət balansının strukturu ilə bağlıdır. Bu strukturun mövcudluğu ölkənin qazandığından daha çox xərcləndiyini ifadə edir. Təkcə ötən il (2017) Türkiyə 157 mlrd. dollarlıq ixrac, 233,7 mlrd. dollarlıq isə idxal əməliyyatları həyata keçirib. Xarici ticarət həcmi 390,7 mlrd. dollar olan ölkənin 76,7 mlrd. dollarlıq mənfi saldo baş verib.
Elmi-nəzəri aspektdən yanaşsaq, ölkələrin xarici borclarının qiymətləndirilməsi göstəricilərindən biri də xarici borcun səviyyəsinin ixracın 200%-dən çox olmaması ilə bağlıdır. Bu prinsiplə yanaşanda və Türkiyənin xarici borcunun 466 mlrd. dollar olduğunu nəzərə alanda həqiqətən xarici borclanmanın təhlükəli həddi qiymətləndirməmək mümkün deyil. Sadə hesablama aparsaq, ölkənin ixracat gəlirlərinin xarici borcunun 1\3 qədər olduğu aydın görünər. Deməli, Türkiyənin nəinki ixracatı, hətta xarici ticarət həcmi belə xarici borcundan kiçikdir.
İxracın təhlili
Türkiyənin ixracatınının struktur təhlilini edərkən bizə bir daha aydın oldu ki, yaxın illər üzrə sadəcə nisbi artımlar özünü göstərib. Belə ki, qardaş ölkənin 2007-2011-ci illər arasında 150 mlrd. dollardan aşağı, 2012-2014-ci illərarası 150-160 mlrd. dollar, 2015-ci ildə 143.8 mlrd. dollar, 2016-cı ildə 142.5 mlrd. dollar və nəhayət 2017-ci ildə 157 mlrd. dollarlıq ixracatı olub. Deməli, 2007-ci ildə 107.2 mlrd. dollar olan ixracat 2017-ci ildə ən yüksək hədd olan 157.6 mlrd. dollara yüksəlib. On illik göstərici üzrə ildə ortalama olaraq ixracat 5 faiz səviyyəsində genişlənə bilib.
Toplam olaraq 157 mlrd. dollarlıq ixrac gücü 81 mln. əhalisi olan ölkə üçün çox da böyük göstərici deyil. Avropa İttifaqı ölkələri ilə müqayisədə bu olduqca kiçik məbləğdir. Hətta Rusiya kimi ölkə müqayisə etsək, məsələn, Rusiya 2017-ci ildə təkcə bir məhsulun – qazın satışından 160 mlrd. dollar gəlir əldə edib. Bu bütövlükdə Türkiyənin ixracatından böyükdür. Son 10 ildir ki, Türkiyənin ixracatında əsasən 5 ölkə – Almaniya, İngiltərə, İtalya, İrak və ABŞ mühüm yer alır. İxracatın demək olar ki, 50% Avropa Birliyinin payına düşür. Avropa İttifaqı ölkələrinin isə ixracatında Türkiyənin payı 1,3%-dir. Avropa Birliyi ilə ticarətdə Türkiyə müsbət saldoya malikdir. Deməli, Türkiyənin Avropa İttifaqı ölkələri ilə iqtisadi inteqrasiya kursunda daha çox israrlı olub, bazar payının artırılmasına nail olmalıdır. Milli valyutasının sürətlə dəyərdən düşdüyü bir vaxtda Türkiyə öncə ixrac olunan məhsulların təsnifatı üzrə potensialını artırmalı və ölkəyə dollarla daxilolma diapazonunu genişləndirməlidir.
İdxalın təhlili
Türkiyə iqtisadiyyatının ən zəif bəndi xarici ticarət balansındakı idxal asıllığı ilə bağlıdır. Ən çox məhsullar idxal edən ölkələr Çin, Almaniya və Rusiya hesab olunur. Türkiyə ixracatda inersiya ilə artıma nail olduğu halda idxal kanalının genişlənməsi daha böyük fərqlə böyüyüb. Apardığımız təhlillərimiz göstərir ki, son illərdə idxalın səviyyəsi aşağı düşmək əvəzinə daha da artır. Əgər 10 il bundan öncə (2008) idxalın səviyyəsi 202 mlrd. dollar idisə, 2017-ci ildə bu rəqəm 234 mlrd. dollara qədər yüksəlib. Deməli, bu illər ərzində idxalda 15,7 faizlik artım baş verib. İdxal-ixrac arasında pozulan nisbətə görə iqtisadiyyatda tənəzzül elementləri daha da güclənirdi. Məhz həm də buna görədir ki, son illər üzrə ortalama olaraq 50-60 mlrd. dollarlıq cari açıkla başa vurur.
Təhlillərimizdən belə nəticə hasil olur ki, Türkiyənin ixracatının idxalı qarşılama səviyyəsi 80-90 faizə qədər yüksələ bilmir. Türkiyə təkcə iqtisadiyyat üçün lazım olan məhsulları (xammal, enerji daşıyıcıları, yarımfabrikat və s.) idxal edir. Hətta zəruri istehlak məhsullarının əhəmiyyətli hissəsini də kənardan alır. Konkret olaraq istehlakın 74 faizi idxal hesabına təmin edilir. Bu o deməkdir ki, ölkədən kənara daha çox valyuta, yəni dollar axını baş verir. Bildiyimiz kimi tədiyyə balansına (milli gəlir, iqtisadi artım, valyuta kursları, inflyasiya səviyyəsi, gəlir bölgüsü, xarici borclar) təsir edən elementlərin bəziləri çox aktivdir. Yəni, mənfi işarəlidir. Məhz buna görədir ki, hətta borclanma hesabına əldə olunan dolların müəyyən bir qismi məhz bu yolla kənara axır və tərəfdaş ölkələrin iqtisadiyyatını qidalandırır. Türkiyədən kənara axan dollar kütləsi isə iqtisadiyyatı gücləndirmir, əksinə zəiflədir. Qardaş ölkənin iqtisadiyyatının diaqnostik qiymətləndirməsində ən təsirli problem məhz bu amilin aradan qaldırılmasını zəruri edir.
Paylaş: