Xəbər lenti

“Qətərin OPEK-i tərk etməklə bağlı bəyanat verməsi neqativ hadisədir. Qətər və Səudiyyə Ərəbistanı siyasətdə antaqonist mövqeli dövlətlərdir. Qətərin OPEK-dəki xüsusi çəkisi 1,85 faizdir və onun qərarı bazara o qədər də təsir etmədi”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Qətərin OPEK-dən çıxmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, OPEK üzvlərinin sayı 12 və 14 arasında dəyişir, bu səbəbdən Qətərin təşkilatı tərk etməsi ciddi nəticəyə gətirməyəcək: “OPEK dinamik təşkilatdır, üzv dövlətlərin sayının xüsusi təsiri olmur”.

İlham Şaban qeyd edib ki, Qətər Azərbaycandan az neft hasil edir və onun hasilatı 600 min barelə çatmır: “Azərbaycan neftinin təqribən 75 faizini Azəri-Çıraq-Günəşli (AÇG) bloku hasil edir – 588 min barel. Ümumən gündəlik hasilat isə 750 min barel səviyyəsindədir. Qətərin hasilatı isə 580 min bareldir. Qətər elə AÇG qədər neft hasil edir.

Həm də bu ölkə İran və Rusiyadan sonra dünyanın üçüncü qaz hasilatçısıdır. 77 milyon ton sıxılmış qaz istehsal edir və qeyd edirlər ki, hasilatı 110 milyon tona qədər artırsınlar”.

Ekspert neftin qiymətinin 5 faiz qalxmasını belə izah edib: “Şənbə və bazar günü bazara pozitiv siqnallar daxil oldu. Argentinanın paytaxtı Buenos-Ayresdə Vladimir Putinlə Səudiyyə kralının neft hasilatının azaldılması ilə bağlı fikirləri birjalarda özünü göstərdi.

Söhbət ondan gedir ki, OPEK gündəlik 1,3 milyon barel neft hasilatını azaldacaq. Qeyri-OPEK ölkələri isə hasilatı 0,4 və ya 0,5 milyon barel aşağı salacaq.

Bazara gələn il üçün təqribən 2 milyon barelə qədər izafi neftin çıxarılması proqnozlaşdırılır. Hazırda neftin qiyməti 62,35 dollar təşkil edir. Bu axşam, yaxud sabah ola bilər, neft 3 dollar aşağı düşəcək”.

 




Ana səhifəyə qayıt        Baxış: 404          Tarix: 3-12-2018, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma