Xəbər lenti

 

Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinin (TAP) Apuliyada  (İtaliya) yerləşən 1,5 km uzunluğundakı mikrotunelinin inşası yekunlaşıb.

“Report” xəbər verir ki, bu barədə “II Sole 24” nəşri yazıb.

TAP-dan qeyd edilib ki, yay mövsümü bitəndə İtaliyada boru kəmərinin inşası işləri davam etdiriləcək. Artıq İtaliyada 3 km boru torpaqdadır.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə, təxminən, 10,5%-ni qarşılayacaq.




Ana səhifəyə qayıt        Baxış: 362          Tarix: 26-08-2019, 18:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma