Xəbər lenti


İki ölkənin Suriya və Liviyada toqquşan maraqları ilə bağlı görüşlərdə Türkiyənin mövqeyinin güclənəcəyi bildirilir
Hurriyyet.org xəbər verir ki, “Fatih” kəşfiyyat gəmisinin  Qara dənizdə, Sakarya qaz sahəsindəki Tuna-1 quyusunda Türkiyə tarixinin ən böyük təbii qaz ehtiyatını (320 milyard kubmetr həcmində) tapması dünya mətbuatında böyük əks-səda doğurub. Prezident Ərdoğan isə regionda bundan əlavə də qaz olduğunu və kəşfiyyat işlərinin davam etdiyini söyləyib.

Xüsusilə də rusiyalı ekspertlər xəbərlə bağlı maraqlı açıqlamalar veriblər.
Rusiyanın TASS və RİA Novosti agentlikləri “Türkiyə Qara dənizdə böyük bir qaz yatağı tapdı” başlıqlı yazılar paylaşıblar. İz.ru portalı Ərdoğanın açıqlamaları ilə yanaşı, Türkiyənin Aralıq dənizi və Qara dənizdə neft axtarışları ilə bağlı xəbər dərc edib, Türkiyə tarixində ən böyük qaz ehtiyatının tapıldığını bildirib.

Rusiya təşvişə düşdü
Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun baş analitiki İqor Yuskov deyib: “Türkiyə Mavi Axın və Türk Axını boru xətləri vasitəsilə qaz alır. Türkiyənin bu borular vasitəsi ilə qaz alması yaz və yay aylarında azalır. Təbii qaz ehtiyatı aşkar edən Türkiyə buna görə bu borulardan birindən imtina edə bilər. Mavi Axın Qazproma məxsus deyil. Botaşın da burada səhmləri var. Türklər üçün Mavi Axından qaz alınmasını dayandırmaq daha ağlabatan olacaqdır”.

Qaz sata bilməmək qorxusu.

Türkiyənin aşkar elədiyi qazın nəzərəçarpacaq dərəcədə böyük bir ehtiyat olduğunu söyləyən Yuskov deyib: “2020-ci il Qazprom üçün Türkiyə bazarında ən pis il ola bilər. Türkiyənin təbii qaz ehtiyatlarını kəşf eləməsindən savayı, 2017 və 2019 illərinə nisbətən 2020-ci ildə Türkiyə Rusiyadan daha az qaz alıb. Türkiyə Rusiyanın Avropa bazarındakı müştəriləri arasında ən az qaz ala bilən ölkə ola bilər”.
Rusiyanın mühüm rıçağı zəifləyir, Türkiyənin təzyiq gücü artır

Türkiyənin təbii qaz tapması ilə sona çatan enerji razılaşmalarının yeni danışıqlarda Türkiyəni daha güclü mövqeyə gətirdiyini bildirən Yuskov Liviya və Suriya məsələlərində Rusiya ilə anlaşılmazlıqları olan Türkiyənin indən belə  Moskvaya daha güclü təzyiq göstərə biləcəyini diqqətə çatdırıb.
Rusiyanın ən böyük neft şirkətlərindən olan “RusEnerji” şirkətinin neft və qaz kəşfiyyatı sahəsi üzrə eksperti Mixail Krutikxin, “Exo Moskvı” radiosuna müsahibəsində Türkiyənin ildə 10 milyard kubmetr qazçıxara biləcəyini diqqətə çatdıraraq deyib: “Türkiyə lazımı investisiyaları dərhal qoyacağı təqdirdə, 2023-cü ildə qaz çıxarmağa başlaya bilər.

Hazırda Türkiyə 47-48 milyard kubmetr qaz istehlak edir. Bu qazın bir qismini Azərbaycandan, bir qismini İrandan alır. Bəzi ölkələrdən də qatılaşdırılmış qaz ala bilir. Əgər Türkiyə öz çıxaracağı qazla yanaşı, Azərbaycan və İran alternativlərindən istifadə edərsə, Rusiya qazını almadan keçinə bilər”.



Ana səhifəyə qayıt        Baxış: 3 262          Tarix: 25-08-2020, 17:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma