Dünya bazarlarında neftin qiymətində növbəti kəskin enmə baş verib və barrel son 10 ayda ilk dəfə 45 dollar psixoloji həddindən aşağıya düşüb. Virtualaz.org xəbər verir ki, bu günkü hərraclarda da enmə davam edir, ancaq ötən günə nisbətən ucuzlaşma cüzidir və hazırda “Brent” neftinin bir barreli 44.66 dollara təklif edilir.
"Financial Times" yazır ki, ekspertlər neftin ucuzlaşmasını həm ABŞ-da şist nefti hasilatının rekord templərlə yüksəlişi, həm də Çinin neftayırma zavodlarında istehsalatın yavaşıması ilə bağlayırlar. Bu iki amil onsuz da ağzınadək dolu qlobal anbarlarda xam neftin azalmasına imkan vermir.
ABŞ neftinin proqnoz qiyməti 98 sent azalaraq bir barrel üçün 42.53 dollara düşüb. Bu, 2016-cı ilin avqustundan bəri ən aşağı qiymətdir.Beləliklə, ötən fevralda bu il üçün pik həddinə çatan neft qiymətləri ümumilikdə 20 faiz düşüb.
Minnesotadakı CHS Hedging LLC firmasının təhlilçisi Entoni Hedrik deyir ki, bazarlar OPEC-in hasilatı ixtisarının balansı dəyişdiyini görmək istəyirlər, lakin bu gözləntilər hələlik doğrulmur. Neft qiymətləri OPEC razılaşmasına müsbət reaksiya göstərərək 2016-cı ilin axırlarında və 2017-ci ilin əvvəllərində dirçəlmişdi, lakin qlobal anbarlarda yığılan neftin həcmləri gözlənildiyi templə azalmadığından qiymətlər aşağıya doğru sürüşməyə başladı.
Eyni zamanda ABŞ-da xam neftin hasilatı günə 9,35 milyon barrelə yüksəlib ki, bu da artıq Rusiya və Səudiyyə kimi ölkələrin hasilat rəqəmlərinə çox yaxındır. Son 22 həftədə ABŞ əməliyyat quyularının sayı artmaqda davam edib. Neftin qiyməti 2017-ci ilin birinci yarısında 20 faiz düşüb. Belə eniş 1997-ci ildən bəri ilk dəfədir baş verir. Hansı ki, əsasən ilin birinci yarısında neftə tələbat ənənəvi olaraq yüksək olur və bu aylarda belə kəskin ucuzlaşma bazarda tələblə təklif arasında tarazlığın necə pozulduğunu göstərir.
Ötən ilin sonlarında OPEC ölkələri və Rusiya neft qiymətlərini qaldırmaq üçün hasilatı günə 1, 8 milyion barrel azaltmaq barədə razılaşma əldə etmişdilər. Lakin Nigeriyada və Liviyada artan hasilat neft qiymətlərinin artımına imkan verməyib.Nigeriyada neft hasilatı avqust ayında günə 2 milyon barrelə çatmalıdır. Bu, son 17 ayda ən yüksək göstəricidir.
İranın neft naziri Bijan Zəngəne deyib ki, OPEC üzvləri hasilatın daha dərindən ixtisarını götür-qoy edirlər, lakin bu, dərhal baş verməyəcək. Eyni zamanda Çində neftin emal templəri azalıb ki, bu da qiymətlərin düşməsinə səbəb olub. Bunu da nəzərə almaq lazımdır ki, Çin dünyanın ən böyük xam neft idxalçısıdır və onun, tələbin yüksək olduğu bir mövsümdə emal əməliyyatlarını azaltması nə deməkdir.
Hazırda ABŞ xam neftinin 2017-ci ilin dekabrından 2018-ci ilin sonlarınadək kontrakt qiymətləri ən böyük güzəştlərlə bağlanıb. Bu isə o deməkdir ki, neft ticarətçiləri bazarda izafi neftin daha uzun müddətdə qalacağını düşünürlər.“Commerzbank”-ın təhlilçisi Eugen Veinberg deyib ki, hazırda bütün gözləntilər neqativdir.
Qeyd edək ki, neftin ucuzlaşması Rusiyada öz təsirlərin göstərməyə başlayıb və dollar son bir neçə ayda ilk dəfə 60 rublu keçib. Bunda Rusiyaya qarşı ABŞ-da tətbiq edilən yeni sanksiyaların da rolu var. Azərbaycanda isə manat deyəsən neftin ucuzlaşmasına əhəmiyyət vermir və milli valyutanın dollara nisbətən məzənnəsində ciddi dəyişiklik müşahidə edilmir. Lakin bu sabitlik nə qədər davam edəcək, ekspertlərin və maliyyə sektoru rəsmilərinin proqnozları fərqlidir.
Azərbaycanın dövlət büdcəsində neftin qiyməti bir barrel üçün 40 dollardan hesablanır və bu baxımdan indiki ucuzlaşma büdcə gəlirlərinə dair proqnoza təsir etməyəcək. Hərçənd ki, neftin 40 dollar səviyyəsinə qədər gerilməsi ölkə iqtisadiyyatı və hasilatçı şirkət üçün yaxşı heç nə vəd etmir.
Paylaş: