Xəbər lenti


Ekspertlər elektrikli avtomobillər üçün infrastrukturun qısa müddətdə inkişafını zəruri sayırlar

Dünya sürətlə ənənəvi yanacaqla işləyən avtomobillərdən hibrid və elektriklə işləyən avtomobillərə keçir. Xüsusilə 2020-ci ildə böyük sürət alan bu proses dünyanın nəhəng avtomobil şirkətlərinin istehsalın xarakterini dəyişməyə, elektromobillərin istehsalına külli miqdarda vəsait yatırmağa vadar edir. Qlobal iqlim dəyişikliklərinin əsas səbəbkarları sırasında göstərilən daxili yanma mühərrikli avtomobillərdən imtina artıq bütün dünyanı əhatə etməkdədir.

Bütün dünya boyu dövlətlər vətəndaşları hibrid və elektromobillərdən istifadəyə stimullaşdırmaq üçün çoxsaylı güzəştlər tətbiq edirlər.  Azərbaycan isə bu sahədə də inkişaf etmiş dünyadan xeyli geridədir. Rəsmi statistikaya görə, 2019-cu ildə Azərbaycanda hər min nəfərə 123 minik avtomobili düşüb. Bu, dəfələrlə aşağı  göstəricidir.  Minik avtomobillərinin sayı 1 milyon 214 min 93 ədəd olub. Bunun 1 milyon 98 min 59 ədədi benzinlə, 106 min 761 ədədi dizellə, 9273 ədədi qazla işləyəndir. 2018-ci illə müqayisədə dizellə işləyənlərin sayında azalma qeydə alınıb - 117 min 67-dən 106 min 761 ədədə. Çox maraqlıdır ki, 2019-cu ilədək statistikamız Azərbaycanda qazla işləyən minik avtomobilinin olmadığını göstərsə də, həmin il belə avtomobillərin sayı 9 273 ədəd göstərilib.

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, bu prosesdə devalvasiyadan sonrakı dövrdə ölkədə sosial durumun pisləşməsi, bankların düşdüyü vəziyyətdən dolayı avtomobil kreditlərini məhdudlaşdırması ilə yanaşı, büdcə maraqları üçün gömrüyün vergi yükünün həddən artıq artırılması da öz rolunu oynayıb. Ekspert ötən il Azərbaycana hibrid və sırf elektriklə işləyən avtomobillərin idxalında artım olmasını müsbət amil kimi qiymətləndirir: “Açıqlanan məlumata görə, 2020-ci ildə Azərbaycana elektriklə işləyən 5247 avtomobil gətirilib. Hələlik çox azdır - ümumi avtomobil idxalının 10 faizi qədər. Amma say az olsa da artım tempi yüksəkdir. 2018-ci ildə cəmi idxal 146 ədəd, 2019-cu ildə 1000 ətrafında olub,  2020-ci ildə 5300-ə yaxınlaşıb. Ötən 2 il üzrə orta hesabla ümumi idxalın heç 1 faizini təşkil etmir. Bu baxımdan 10 faizə də baxıb təskinlik tapmaq olar”.

Rövşən Ağayev
Ekspertin fikrincə, hökumətin əsas hədəfini 2025-dək illik idxalın ən azı 50 faizinin hibrid və ya sırf elektriklə işləyən avtomobillərdən ibarət olmasına nail olmaq təşkil etməlidir: “Bunun üçün həm xalis elektromobillər, həm də hibridlər 0 vergi ilə ölkəyə buraxılmalı, dəyəri 30 min dollara qədər olan maşınlara 2025-ci ilədək 10-20 faiz intervalında dövlət dəstəyi təklif olunmalıdır”.
Məlumat üçün bildirək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvarında Azərbaycana 4 642 ədəd avtomobil gətirilib ki, bunun cəmi 459 ədədi hibrid, 2 ədədi isə elektromobil olub. Bu isə Azərbaycanda ekoloji təmiz enerji ilə işləyən avtomobillərə keçid prosesinin çox ləng getdiyini göstərir.
 

 
Avtomobil mütəxəssisi Fərid Hüseynovun sözlərinə görə, hökumətin yeni qərarı ilə 2019-cu il 1 yanvar tarixindən gətirilən elektromobillər üçün aksiz vergisi və ƏDV ödənmir, avtomobil dəyərinin 15 faizi idxal rüsumu olaraq ödənir və gömrükdə rəsmiləşdirilir: “Lakin bu güzəşt elektromobillərə marağı ciddi şəkildə artıra bilmədi. Bunun da bir neçə səbəbi var. Birincisi, hazırda elektromobillərin qiyməti bahadır - litium-ion batareyaları baha başa gəlir. Lakin görünən budur ki, tezliklə qiymət ucuzlaşacaq  - texnologiya kütləviləşəcək. Azərbaycana elektromobil axınının baş verməməsinin digər səbəbi onlar üçün uyğun infrastrukturun olmamasıdır. Bu gün Bakının özündə belə elektromobillərin enerji toplaması üçün yerləri tapmaq müşkül məsələdir - cəmi 10-a yaxın belə yer var. Bakıdan kənarda isə yoxdur. Bakıdan kənarda sürmək mümkün deyilsə, vətəndaş niyə baha qiymətə elektromobil alsın ki?”

Mütəxəssis həmçinin elektromobillər üçün tətbiq olunan güzəştlərin hibrid avtomobillərə də şamil olunmasını təklif edir: “Ümumiyyətlə, Azərbaycandakı avtomobil sahəsinin mütəxəssisləri artıq bir neçə ildir ki, ciddi şəkildə həyəcan təbili çalırlar. Ölkəmiz orta hesabla 2 ildən bir avtomobil gömrük rüsumlarını qaldırır, bu gün elə avtomobillər var ki, gömrük rüsumları onların alış qiymətindən çoxdur. Nəticədə qiymətlər çox bahalaşır və vətəndaş məcburən köhnə avtomobillərə üz tutur. Bu avtomobillər isə adətən Avropa və Amerikadan gətirilmiş, çox vaxt öz ömrünü tamamlamış və gətirildiyi ölkədə artıq satışı qadağan olunmuş çox köhnə maşınlardır. Bu maşınlar əvvəla, ekoloji normalara cavab vermir, ətrafı çirkləndirir. İkincisi, bu avtomobillər o qədər köhnədir ki, onların mülki yollarda olması təhlükədir, ciddi təhlükədir vətəndaşların sağlamlığına! Mütəxəssislər həyəcan təbili çalır ki, Azərbaycan Cənubi Qafqazın avtomobil ”metallomuna" çevrilir və artıq çevrilib. Hökumət bu ciddi məsələni gözardı edir və gələcəkdə bu metallomu necə təmizləyəcəyi ilə də bağlı plan və proqramı yoxdur. Buna görə də hibrid avtomobillərin idxalına da elektromobillər kimi güzəştlər tətbiq olunmalıdır. Eyni zamanda elektromobil istifadəçilərinə avtomobili almaq üçün subsidiya təqdim olunmalı, yol vergisi və digər bəzi vergilərdən azad edilməli, enerji pulsuz verilməlidir. Azərbaycanda özəl şirkət enerjitoplama stansiyası açsa belə, enerjini alıb elektromobil sahiblərinə ən azı kilovatsaatı 12 qəpikdən satmalıdır. Əvvəla, sahibkarın topdansatıcısından enerjini almasını tənzimləyən hüquqi baza yoxdur. İkincisi, elektromobillər üçün enerjitoplama avadanlıqları bahalı avadanlıqlardır. Sahibkara bu avadanlıqları alıb gətirməsi üçün güzəştli kredit verilməlir, enerji isə ən azı ilkin mərhələ üçün ucuz qiymətə satılmalıdır. Sahibkar minimum 5 illik olacaq bu mərhələdə qoyduğu vəsaiti çıxara bilməlidir ki, bu işə girişməkdə maraqlı olsun".

Onu da qeyd edək ki, elektromobillərə qlobal tələbin sürətli artımı ənənəvi yanacaq üçün xammal olan neft istehsalçılarına heç də yaxşı perspektiv vəd etmir. Hesab olunur ki, 2030-cu ilədək dünyada dizelə olan tələbat 5 dəfəyə yaxın azalacaq. 2040-50-ci illərdə benzinə olan tələbatın isə indikinin 30 faizinə yaxın olacağı proqnozlaşdırılır. Bu isə neft hasilatçısı olan ölkələrin əsas gəlir mənbəyini təşkil edən məhsula tələbatın kəskin azalması demək olacaq. Bu baxımdan, ekspertlər gəlirlərinin əsasını neft ixracı təşkil edən Azərbaycanın indidən bu məhsuldan asılılığı minimuma endirmək üçün zəruri addımlar atmalı olduğunu bildirirlər. Azərbaycanın neft ixracını təmin edən “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinə dair ikinci müqavilənin müddəti 2040-cı ildə bitir.Yəni ona qədər yeni yataqlar aşkarlanmazsa, Azərbaycanın neftdən asılılığı təbii olaraq aradan qalxacaq: çünki satmağa neft olmayacaq. Bu isə o deməkdir ki, ölkənin həmin ana hazırlıqlı olması üçün müvafiq addımların indidən atılması zərurətə çevrilib. Bu hazırlıq həm iqtisadiyyatın  neftdən kənar sektorlarının inkişafını, həm də ölkənin avtomobil parkında say nisbətini elektromobil və hibrid avtomobillərin xeyrinə kəskin dəyişməyi nəzərdə tutmalıdır.

Dünya SAKİT,

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 2 593          Tarix: 5-03-2021, 09:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma