Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
The National Interest, ABŞ 17.06.2021 Müəllif: Şahmar Hacıyev, Robert M.Katler ABŞ hələ 1996-cı ildə Transxəzər layihəsi təşəbbüsü ilə çıxış etmişdi. O vaxtdan bu kəmər gündəmdə qalsa da, onun tikintisinə hələ də başlanılmayıb. Transxəzər kəməri “Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə Mərkəzi Asiyanın zəngin təbii resurslarını Avropa enerji bazarlarına nəql etməyə hesablanıb. Bu regionun zəngin enerji resurslarını Avropanın enerji bazarına çatdırmağın iqtisadi nöqteyi-nəzərdən ən sərfəli yolu məhz Transxəzər kəməridir. Layihə Mərkəzi Asiyanın enerji xəritəsini dəyişəcək və bu mənada o, mühüm əhəmiyyətə malikdir. Transxəzər qaz kəməri regionun enerji resurslarını Avropaya İran və Rusiyadan yan keçməklə çıxaracaq. Son zamanlaradək bu layihənin icrasına iki əsas maneə olub: 5 Xəzəryanı dövlət arasında dəniz sərhədləri ilə bağlı fikir ayrılığı və Tehranla Moskvanın Transxəzər kəməri ilə bağlı mövqeyi. Əvvəllər bu dənizində həyata keçirilməli olan bütün layihələr 5 Xəzəryanı dövlətlə razılaşdırılmalı idi. Lakin son 4 ildə Xəzər dənizi hövzəsində və Cənubi Qafqaz regionunda əlamətdar və dinamik dəyişikliklər baş verib. 20 il davam etmiş danışıqlardan sonra, 2018-ci il avqustun 21-də 5 Xəzəryanı dövlət – Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan dənizin hüquqi statusu haqda Konvensiya imzalayıblar. Daha sonra Bakı ilə Aşqabad ikitərəfli münasibətlərdə yeni səhifə açıblar. Onlar arasında əlaqələrin kulminasiya nöqtəsi Xəzər dənizində yerləşən yatağın (bir zamanlar Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı) birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması olub. Azərbaycanla Türkmənistan yatağın adını “Dostluq”la əvəzləyiblər. Bundan başqa, 2020-ci ilin sonunda Xəzər dənizi qazını birbaşa Avropaya nəql edən iddialı “Cənub Qaz Dəhlizi” layihəsində tikinti işləri tamamlanıb. Beləliklə, Transxəzər kəmərinin tikintisinə maneələr aradan qalxıb. Xəzər dənizinin hüquqi statusu haqda Konvensiyaya əsasən, dənizinin dibi ilə çəkilməli olan kəmərlər layihədə iştirak edən dövlətlər tərəfindən reallaşdırıla bilər. Bu zaman digər Xəzəryanı ölkələrin ilkin razılığına ehtiyac duyulmur. Doğrudur, Moskva ilə Tehran hələ də iddia edir ki, dənizinin dibi ilə inşa ediləcək kəmər digər Xəzəryanı dövlətlərlə də razılaşdırılmalıdır. Onlar bu məsələdə 2003-cü ilin noyabrında imzalanmış Xəzər dənizində ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına (Tehran Konvensiyası) istinad edirlər. Amma Xəzər dənizinin hüquqi statusu haqda Konvensiyada da Tehran Konvensiyasına istinad edilir. Tehran Konvensiyası isə bu işə ciddi əngəllər yaratmır. Hər halda, Bakı ilə Aşqabad arasında “Dostluq” yatağının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu Xəzər dənizində enerji sahəsi ilə bağlı əməkdaşlıqda yeni imkanlar yaradır, Transxəzər kəmərinin həyata keçiriləcəyinə ümidləri artırır. Qeyd etdiyimiz kimi, Azərbaycan artıq “Cənub Qaz Dəhlizi” layihəsində tikinti işlərini başa çatdırıb. 2021-ci ilin ilk 4 ayında Avropa bazarlarına 954 milyon kubmetr Azərbaycan qazı nəql edilib. Bu dövrdə İtaliya Azərbaycan qazının ən böyük alıcısı olub (734 milyon kubmetr). Həmin dövr üçün Azərbaycan qazının qalan hissəsi Yunanıstana (128 milyon kubmetr) və Bolqarıstana (92 milyon kubmetr) tədarük olunub. “Cənub Qaz Dəhlizi” layihəsi Transxəzər kəməri vasitəsilə şərqə doğru genişlənəcək və o, gələcəkdə “Cənub Qaz Dəhlizi”nin ötürücülük qabiliyyətini artıracaq. Yeri gəlmişkən, Bakı ilə Aşqabad arasında enerji sahəsində saziş Türkmənistanın enerji resurslarının Azərbaycanın mövcud enerji infrastrukturu ilə nəqlinə də əsas yaradacaq. “Dostluq” yatağından hasil ediləcək neft-qazın Qərbə tədarükü iqtisadi nöqteyi-nəzərdən sərfəlidir və nəticə etibarı ilə Transxəzər layihəsinin həyata keçirilməsi həm Avropa İttifaqının (Aİ), həm də Türkmənistanın maraqlarına cavab verəcək. Bu kəmər Aşqabadın qaz nəqli marşrutlarının şaxələndirilməsi niyyətinə də uyğundur. Üstəlik, Transxəzər layihəsi avropalı istehlakçılara Mərkəzi Asiyanın zəngin enerji mənbələrinə çıxış verəcək. Qaz ixracı Türkmənistanın sosial-iqtisadi inkişafında həlledici rol oynayır. Ölkənin neft-qaz sənayesinin inkişafı ilə bağlı milli proqramı ildə 250 milyard kubmetr qaz hasilatına hesablanıb. Bu həcmin 70%-dən çoxu ixrac olunmalıdır. Doğrudur, hazırda Aşqabadın ixrac marşrutlarını şaxələndirməsi üçün elə də çox imkanı yoxdur. Bu ölkədə istehsal olunan “mavi yanacağ”ın böyük hissəsi “Mərkəzi Asiya-Çin” kəməri vasitəsilə Çinə nəql edilir. 2021-ci ilin yanvarında Türkmənistan Çinə 2,786 milyard kubmetr qaz nəql edib. Bu göstərici Aşqabadın qaz kəmərləri vasitəsilə tədarük etdiyi enerji resursunun təxminən 60%-ni təşkil edir. Ötən il “Mərkəzi Asiya-Çin” kəməri vasitəsilə Çinə 39 milyard kubmetr qazın ixrac edildiyini vurğulamaq yerinə düşər. Bu arada, 2009-cu ilə qədər Türkmənistan qazının əsas alıcısı Rusiya idi. Vəziyyət həmin il iki ölkəni birləşdirən qaz kəmərində baş vermiş partlayışdan sonra dəyişib. Bundan sonra “Qazprom” bu ölkədən az təbii qaz almağa başlayıb. 2016-cı ildə isə Rusiya türkmən qazının tədarükünü ümumiyyətlə dayandırıb. “Qazprom” Türkmənistanla bir də yalnız 2019-cu ildə qaz idaxlı ilə bağlı 5 illik müqavilə imzalayıb. Sənədə əsasən, Rusiya bu ölkədən ildə cəmi 5,5 milyard kubmetr “mavi yanacaq” alır. Bu, Türkmənistanın gəlirlərinə ciddi təsir göstərib. Üstəlik, “Türkmənistan-Pakistan-Əfqanıstan-Hindistan” qaz kəmərinin tikintisində ləngimələr Aşqabadı daha bir problemlə üz-üzə qoyub. Odur ki, ixrac marşrutlarının şaxələndirilməməsi Türkmənistanın qaz tədarükündə həqiqətən ciddi problem olaraq qalır. Son dövrlərdə dünyada “mavi yanacağ”ın qiymətinin artması bu problemin həllinin nə qədər önəmli olduğunu bir daha sübut edir. Beləliklə, Azərbaycandan İtaliyaya qədər uzanan “Cənub Qaz Dəhlizi” layihəsində işlərin başa çatması Türkmənistanla Avropanı Transxəzər layihəsini reallaşdırmağa təşviq etməlidir. Qeyd etdiyimiz kimi, Türkmənistan qazının Azərbaycanın mövcud enerji infrastrukturu ilə tədarükü iqtisadi nöqteyi-nəzərdən də sərfəlidir. Bu, Aşqabadın məhdud ixrac marşrutlarından asılılığını azalda bilər. Bir sözlə, Bakı ilə Aşqabad arasında “Dostluq” yatağı ilə bağlı imzalanmış saziş Xəzər dənizində enerji sahəsində əməkdaşlıq üçün yeni səhifə açıb. Bu əməkdaşlıq Transxəzər kəmərinin reallaşması üçün əsas yarada bilər. İki dövlət arasında əməkdaşlıq regionun enerji təhlükəsizliyini də gücləndirəcək. Avropanın qaz sahəsində cərəyan edən son hadisələr “mavi yanacağ”ın mənbə və marşrutlarının şaxələndirilməsini əsas amilə çevirib. Aİ ilə ABŞ Türkmənistanın “Cənub Qaz Dəhlizi” layihəsində iştirak etməsi üçün Aşqabada dəstək olmalıdırlar. Bu gün ABŞ Dövlət Departamenti Transxəzər kəmərinin tikintisinə maddi yardım da ayıra bilər. ABŞ dövləti bununla bağlı qanun layihəsi belə, qəbul edib. Beləliklə, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda geosiyasi vəziyyəti dəyişib. Bu gün bölgədə nəqliyyat əlaqələrinin açılması və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi bölgədə sülh və inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Transxəzər kəməri də Cənubi Qafqazda inkişaf, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və sülhün təşviqi baxımından müstəsna potensiala malikdir. Eyni zamanda, bu layihə vasitəsilə Avropanın enerjiyə olan təlabatını iqtisadi nöqteyi-nəzərdən daha sərfəli şəkildə ödəmək mümkündür. Bu zaman Aİ-nin “Yaşıl enerji” pinsipləri də pozulmayacaq. Bundan başqa, Transxəzər layihəsi Ermənistanın da türkmən qazı almasına imkan yaradacaq. O, Ermənistana alternativ marşrutla da nəql edilə bilər. Əgər Transxəzər kəməri Azərbaycan-Gürcüstan-Türkiyə marşrutuna qoşulacaqsa, bu zaman Ermənistana qaz nəqli Gürcüstandan keçən kəmərlər sistemi vasitəsilə həyata keçirilə bilər. (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar