Xəbər lenti

Qubad İbadoğlu: “Azərbaycan büdcəsi inkişaf büdcəsindən çox istehlak büdcəsinə çevrilir”
2022-ci ildədövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla 28 milyard 974 milyon manat məbləğində (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılır. Bu vəsaitin yarıdan çoxu – 52.4 faizi Dövlət Neft Fondundan birbaşa transfert hesabına formalaşacaq.

 Hökumətin icmal büdcə ilə bağlı proqnozuna görə, Fondan daxilolmalar mərhələli şəkildə azaldılaraq 2025-ci ildə 10 milyard manat civarında olacaq. Neft gəlirlərinin ilbəil kəskin aldığını nəzərə alsaq, Fond üçün bu xərcləri ödəmək aktivlərin əriməsinə gətirib çıxara bilərmi?
Aktual suallardan biri də hökumətin 28.9 milyardı necə xərcləməyi planlaşdırdığı barədədir.

İqtisadçı alim Qubad İbadoğlu “Press Klub”-a şərhində bildirib ki, gələn ilin büdcəsinin hər 100 manatından 18 manat 64 qəpiyi iqtisadi fəaliyyətə, 15 manat 53 qəpiyi müdafiə və təhlükəsizliyə, 12 manat 91 qəpiyi təhsilə, 12 manat 37 qəpiyi sosial müdafiə və təminata, 8 manat 38 qəpiyi məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğa, 8 manat 11 qəpiyi dövlət aparatının saxlanmasına, 6 manat 60 qəpiyi xarici borclara xidmətə, 5 manat 68 qəpiyi əsas bölmələrə aid edilməyən xidmətlərə, 4 manat 98 qəpiyi səhiyyəyə, 3 manat 40 qəpiyi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 1 manat 58 qəpiyi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə, 98 qəpiyi ətraf mühitin mühafizəsinə, 86 qəpiyi mənzil kommunal təsərrüfatına, 69 qəpiyi elmə xərclənəcək.

Neft Fondundan büdcə transferinin həcminin aktivlərə təsirinə gəlincə ekspert bunları deyib: “Maliyyə Nazirliyinin açıqlamasında bəlli olur ki, Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin uzunmüddətli dövrdə dayanıqlığını təmin etmək məqsədilə növbəti illərdə Fonddan büdcəyə transferlər hamar və mərhələli şəkildə azaldılacaq. Amma, proqnoz göstəricilərindən bunun əskini görmək olur. Belə ki, Fonddan büdcəyə transfertlərin azalması yüz milyonlarla proqnozlaşdırıldığı halda Fondun gəlirləri ilə xərcləri arasında fərq milyardlarla ölçülür. Belə olan halda mövcud fiskal siyasət aktivlərin daha sürətlə əriməsinə gətirib çıxaracaq”.

Q.İbadoğlu hesab edir ki, bunun qarşısını almaq üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin qeyri-neft sektorundan əldə ediləcək gəlirlər hesabına əvəzlənməsinə nail olmaq lazımdır.

“Bu isə açıqlamada təsdiqini tapmır. Belə ki, 2022-ci il üçün büdcə gəlirlərinin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini ARDNF-dan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır. Bunlar açıq və birbaşa mənbələrdir. Bununla yanaşı büdcəyə qarışıq və dolayı mənbələrdən də neft pulları daxil olur. Onu da nəzərə alanda büdcə gəlirlərində birbaşa və dolayı neft gəlirlərinin payı 60 faizə qədərdir. Hesab edirəm ki, bu da dövlət büdcəsinin neft gəlirlərindən ciddi asılığın davam etməsinin təsdiqidir”,-deyə iqtisadçı vurğulayıb.

Ekspert təəssüflər qeyd edir ki, bu asılılığı 2015-2016-cı illərdə azaldan hökümət sonradan yenə də Neft Fondundan transfertlərin artırılması siyasətini dəstəklədi.

Büdcə xərclərinə gəlinсə, Qubad İbadoğlu xatırladır ki, növbəti il xərclərin 68,7 faizini cari xərclər, 24,7 faizini əsaslı xərclər, 6,6 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edəcək.

“Baxın, büdcənin ən yaxşı halda 47,6 faizi qeyri-neft gəlirləri hesabına təmin olunarsa, bu mənbədən daxil olmalar büdcəsnin 68,7 faizlik cari xərcilərinin heç 75 faizini belə örtmür. Yəni əgər büdcəyə neft pulları daxil olmazsa onda bizimi qeyri-neft gəlirlərimiz hətta cari xərcləri belə örtə bilmir. Bu isə büdcənin ciddi dayanıqlıq problem sayıla bilər.

 Bu açıqlamada diqqəti cəlb edən və gələn ilin büdcəsini bu ilkindən fərqləndirən cəhətlərdən biri də büdcənin cari xərclərinin artırılması, iqtisadi fəaliyyətlə bağlı xərclərinin azaldılmasıdır. Əlsində bu büdcənin istehlak yönününü gücləndirən dəyişiklikdir. Bu isə o deməkdir ki, bu siyasətlə Azərbaycan büdcəsi inkişaf büdcəsindən çox istehlak büdcəsinə çevrilir. Belə olan halda isə inkişafı özəl bölmə hesabına təmin etmək tələb olunur. Bu isə özəl bölməyə vergi, gömrük və digər ödənişlər üzrə təşfiqlər və stimullar verməklə mümkündür” – deyə, Q. İbadoğlu bildirib. 



Ana səhifəyə qayıt        Baxış: 3 398          Tarix: 11-09-2021, 13:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma