Xəbər lenti

OPEK, Rusiya və digər neft ixrac edən ölkələrin məmurları Co Bayden administrasiyası tərəfindən gələn təzyiq cəhdlərinə əhəmiyyət vermirlər. Onlar qərara alıblar ki, öncədən razılaşdırdıqları kimi, dekabr ayında da neft hasilatının gündəlik 400 min barrel artırılması palnının üstündə dursunlar.

Co Bayden və Qərb liderləri Səudiyyə Ərəbistanını və Birləşmiş Ərəb Əmirliklərini hasilatı artırmağa çağrıblar, çünki pandemiya səbəbindən keçən il aşağı yuvarlanan neft qiymətləri hazırda son yeddi ilin ən rekord səviyyəsindədir. ABŞ, Böyük Britaniya və bir sıra Qərb ölkələrində benzinin qiyməti kəskin yüksəlib.

Co Bayden 2 noyabrda deyib: “Neftin sıçrayışı Rusiya və OPEK ölkələrinin daha çox neft çıxarmaqdan imtina etmələri səbəbindən baş verib”. Lakin 4 noyabrda “OPEK+” üzvlərinin aylıq toplantısında Səudiyyə Ərəbistanı və Rusiyanın rəhbərlik etdiyi qruplar (buraya 23 neft çıxaran ölkə daxildir) mövcud razılaşmaya sadiq qalınmasına qərar veribər.

Bu toplantı iştirakçıları təbii qaz bazarındakı qiymətlərin kəskin qalxmasını əsas gətirərək, enerji sektorundakı gərgin vəziyyətin neftlə bağlı olmadığını bəyan ediblər.

“OPEK+” görüşünə başçılıq edən Səudiyyə Ərəbistanının şahzadəsi Əbdel Əziz bin Salmanın təqdim etdiyi diaqrammada açıq görünür ki, mart ayının əvvəlindən indiyədək təbii qazın Avropadakı qiyməti beş dəfə qalxıb, ancaq “Brent” markalı neftin qiyməti yalnız üç dəfə yüksəlib. Ona görə də şahzadə deyib: "Problem neftdə deyil”.
“IHS Markit” analitik firmasının icraçı direktoru Buhushan Bahri bildirib: ”Səudiyyə Ərəbistanının enerji naziri demək istəyib ki, “OPEK+” neft hasilatını digər enerji daşıyıcıları bazarları ilə müqayisədə daha yaxşı tənzimləyir, ona görə də bizi tənqid etmək lazım deyil.”

Səudiyyə Ərəbistanı neft hasilatında artıq pandemiyadan öncəki səviyyəyə qayıtsa da, ABŞ-dakı hasilatın səviyyəsi koronavirus pandemiyasından əvvəlki səviyyədən xeyli aşağıdır.
Co Bayden bazarlardakı tədarükü bir qədər artırmaq üçün ABŞ-ın strateji neft ehtiyatından istifadə olunmasını təklif edib. Bu, öz növbəsində qiymətlərə nəzərət etmək imkanı verərdi. Lakin analitiklər hesab edirlər ki, bu addım yalnız müvəqqəti effekt verə bilər.

Neft tələbatının dayanıqlığı müəyyən şübhə doğurur. Rusiya Baş nazirinin müavini Aleksandr Novak Avropadakı tələbin tədricən azalması əlamətlərinə diqqət yetirib. Yəni ki, pandemiyanın təsiri hələ ki, qalır.

Neft istehsalçılarının öz planlarını dəyişdirməməsinin bir neçə səbəbi var. Söhbət onların hasilatı gündəlik 400 min barrel artırmaları barədə sövdələşməsindən gedir. “OPEK+” toplantısı BMT-nin Qlazqoda təşkil etdiyi iqlim konfransı ilə bir vaxtda keçirilib. Qlazqodakı konfransın məqsədi iqlim dəyişikliyinə səbəb olan zərərli qazlardan, o cümlədən də neft və təbii qazdan tədricən imtina etməkdir. Əgər məsələyə neft hasilatçıları mövqeyindən yanaşsaq, onda bu o deməkdir ki, Bayden və digər liderlər dünyanın yeni gələcəyə yumşaq qədəm qoyması üçün onlardan hələlik daha çox neft çıxarmalarını xahiş edirlər. Amma nəzərdə tutulan gələcək planda neft hasilatçıları oyundan kənar vəziyyətə düşəcəklər.

”RBC Capital Markets” investisiya bankının əmtəə bazarlarının tədqiqi şöbəsinin rəhbəri Helima Kroft öz xidməti qeydiyyatında yazıb: "Əlbəttə, “OPEK+” qrupu içərisində tədricən qıcıqlanma yaranır, çünki Qərb liderləri yenilənə bilən enerji mənbələrinə keçilməsinə və neft dövrünün bitməsinə çağırış edirlər”.

Səudiyyə Ərəbistanının energetika naziri deyib ki, neft bazarının gələcəyi ilə bağlı meydana gəlmiş qeyri-müəyyənlik enerji daşıyıcılarına investisiya yatırmaq stimulunu heçə endirir. O, bu barədə deyib: ”Kim üç və ya dörd illik qısa müddətə sərmayə yatırar?”

İqlim lobbisi tərəfindən gələn təzyiqlər artdığından, “OPEK+” ölkələri yəqin ki, indi mümkün qədər daha çox gəlir götürməyə çalışacaqlar. Digər yandan onlar günəş və külək enerjisi, həmçinin də zamanla nefti əvəzləyəcək başqa yenilənə bilən enerji sahələrinə sərmayə yatırmaq üçün daha çox maliyyə ehtiyatı toplamaq niyyətindədirlər.

Tamamilə ola bilər ki, əksəriyyətin düşündüyündən fərqli olaraq, ”OPEK” və onun müttəfiqlərinin hasilatı artırmaq üçün imkanları azdır. Bu qrup hasilatda özlərinin əsas hədəflərinə çata bilmir. Məsələn, Anqola və Nigeriya kimi üzvlər artıq öz imkanlarının son həddinədək neft çıxarırlar. Çox güman ki, Rusiya da oxşar vəziyyətdədir.

Hasilatı artıra bilməyənlər Səudiyyə Ərəbistanı kimi ölkələrin bunu etməsində maraqlı deyillər, belə ki, bu, qiymətlərin və müvafiq şəkildə də gəlirin azalmasına gətirib çıxaracaq.

Yaxın bir neçə ayda dünyanın başlıca enerji mənbəyi olan neftə tələbat çox böyük ehtimalla artmaqda davam edəcək, çünki pandemiyadan sonra qlobal iqtisadiyyat dirçəlir. Amma tədarük tələbatın artım sürətinə çata bilməyəcək. Müəyyən qədər ona görə ki, neft şirkətləri və investorlar bəlkə də çox tezliklə ortadan çıxacaq sahəyə sərmayə yatırmaq istəmirlər.

Təmiz enerjiyə keçidin nəticələri isə neft sənayesi üçün ağır ola bilər.

“The New York Times” – (ABŞ)

Tərcümə: “AzPolitika.info”



Ana səhifəyə qayıt        Baxış: 3 714          Tarix: 9-11-2021, 11:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma