Xəbər lenti

Reuters, Böyük Britaniya
21.12.2021


Müəllif: Nailə Bağırova
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “Reuters”ə bildiriblər ki, qurum 2022-ci ilin əvvəlinədək yataqlarda neft-qaz hasilatı zamanı sıfır karbon emissiyasına nail olmağa çalışır.

Neft-qaz hasilatçısı olan, Paris iqlim sazişini imzalamış Azərbaycan 2050-ci ilədək “karbon neytrallığı”na nail olmağa can atır. “Biz 2010-cu ildən bəri Dünya Bankının “Səmt Qazının Məşəldə Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) proqramı çərçivəsində bunun üzərində işləyirik”, - deyə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə şirkətin “karbon neytrallığı” ilə bağlı hədəfləri haqda danışarkən bildirib.

Yeri gəlmişkən, SOCAR-ın yataqlarından karbon emissiyaları 2012-ci ildə 9-10% təşkil edirdisə, son dövrdə bu göstərici 2%-ə qədər azalıb.
“2022-ci ildə “karbon neytrallığı”na nail olacağıq”, - deyə R.Hüseynzadə vurğulayıb.

Onun sözlərinə görə, karbon emissiyaların azaldılması yalnız karbohidrogen resursların hasilatı prosesi ilə bağlıdır: “Odur ki, birbaşa hasilata aid olmayan bəzi karbon emissiyaları yaranacaq”. Digər tərəfdən, SOCAR tərəfdaşları ilə birgə hazırladığı layihələr üçün iqlim hədəfləri təyin etməyib.

Şirkət bu ilin yanvar-oktyabr ayları arası öz yataqlarından 6,58 milyon ton neft və 6,55 milyard kubmetr qaz hasil edib. Bu, ölkənin ümumi neft-qaz hasilatının təxminən beşdə birini təşkil edir.

SOCAR bir sıra yataqlarda BP və başqa Qərb şirkətləri ilə birgə fəaliyyət göstərir. O, karbon emissiyalarının azaldılması məqsədilə istismar vaxtı başa çatmış yataqları bağlayır, infrastrukturu və avadanlıqları yeniləyir.

“Görülən işlər sayəsində indi 300-600 min kubmetr əlavə qaz əldə edirik. Bu həcmdə qaz son 20 ildə sadəcə yandırılıb”, - deyə R.Hüseynzadə qeyd edib. O, bildirib ki, SOCAR “Neft daşları” və “Günəşli” kimi dayazsulu yataqlarda ekoloji təmiz texnologiyadan istifadə edərək, illik qaz hasilatını 2 milyard kubmetrədək artıra bilər.

SOCAR və BP bəyan edib ki, onlar tullantıların idarə edilməsi sahəsində, həmçinin təmiz sənayedə birgə fəaliyyət göstərərək “yaşıl enerji”ni inkişaf etdirəcəklər.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Reuters


Ana səhifəyə qayıt        Baxış: 4 205          Tarix: 21-12-2021, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma