Xəbər lenti

"Rusiya artıq Qərbdən pul cəlb edə, ABŞ və ya Avropa bazarlarında yeni borclarla ticarət apara bilməz"

"Avropa İttifaqının (Aİ) sanksiyalar paketi LNR və DNR-in tanınmasına səs verən Rusiya Dövlət Dumasının 351 üzvünə və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən 27 fiziki və hüquqi şəxslərə də şamil olunacaq. Aİ-nin sanksiyaları həmçinin, siyasi, hərbi, biznes və media sektorlarını da əhatə edəcək. Eyni zamanda, separatçı bölgələrlə Aİ arasında iqtisadi əlaqələr, Rusiya şirkətlərinin Aİ-nin kapital və maliyyə bazarlarına çıxışları məhdudlaşdırılacaq. Aİ-nin Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib ki, bu birinci addımdır. Biz (yəni Aİ nazirləri) həmrəyik. Bununla yanaşı, ABŞ prezidenti Con Baydenin açıqladığı son paketə Rusiyanın iki böyük bankı və ölkənin suveren borcuna qarşı sanksiyalar daxil edilib". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu qeyd edib.

Partiya sədrinin sözlərinə görə, bu, o deməkdir ki, Rusiya artıq Qərbdən pul cəlb edə və ABŞ və ya Avropa bazarlarında yeni borclarla ticarət apara bilməz: "O əlavə edib ki, sabahdan etibarən ABŞ Rusiya elitasına və onların ailə üzvlərinə qarşı da sanksiyalar tətbiq ediləcək. Xatırladım ki, "Vaşinqton Post"un bu barədə yazısında sanksiya tətbiq ediləcək 35 nəfərin siyahısı açıqlanmışdı. Bundan başqa, Böyük Britaniya Rusiyanın beş bankına (“Rossiya”, “İS Bank”, “General Bank”, “Promsvyazbank” və “Qara Dəniz Bankı”) qarşı sanksiyalar tətbiq edir, sahibkarlar Gennadi Timçenko, Boris və İqor Rotenberqin aktivləri dondurur. Almaniya kansleri Olaf Scholz xalqa müraciət edərək, "Şimal Axını -2" qaz layihəsinin dayandırıldığını və onların qiymət bahalaşmasına hazır olmalarını bəyan edib. Bu bəyanatdan sonra Medvedyev tvit ataraq Avropada 1000 kub metr qazın 2000 avroya qalxacağını anons edib".

Qubad İbadoğlu bildirib ki, bütün bunlar Rusiyanın LNR və DNR-i tanınması görə Qərb dövlətlərinin ilk reaksiyasıdır: "Amma hesab etmirəm ki, yetərlidir. Çox güman ki, bundan sonrakı dövrdə sanksiyaların davamı Putinin davranışlarından asılı olacaq. Çünki Qərb hələ də hesab edir ki, dialoq potensialı tükənməyib".



Ana səhifəyə qayıt        Baxış: 3 524          Tarix: 23-02-2022, 22:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma