Qonşu Rusiya və Türkiyədə milli valyutaları dollara nisbətən dəyər itirməkdədir. Türkiyədə keçirilən seçkidən sonra lirəyə təzyiq artmağa başladı. Hazırda bir dollar almaq üçün 24 lirəyə yaxın vəsait ödəmək lazımdır. Rubl da dəyərsizləşməkdə davam edir. Son bir ayda rubl dollara nisbətən 7 faizə yaxın dəyərsizləşib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
Hər iki valyutaya təzyiqlər davam etdiyini yazan deputat qeyd edib ki, Türkiyədə məzənnənin sadəcə ortamüddətli dövrdə stabilləşəcəyi gözlənilir:
“Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür. Hər iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır.
Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, kursun müəyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur”.
Azərbaycanda hələ də üzən məzənnə rejiminə keçilmədiyini söyləyən V.Bayramov əlavə edib ki, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır:
“Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.
Paylaş: