Xəbər lenti

Azərbaycan üçün hansı perspektiv görünür; “qoca qitə”nin 30 milyard kubmetrdən yuxarı boşluğun doldurulması üçün əlavə mənbələrə ehtiyacı var

Avropa İttifaqı Rusiyadan maye qaz idxalını tədricən məhdudlaşdırmaq barədə qərar qəbul edib. Rusiya mətbuatının yazdığına görə, bir sıra birlik ölkələri idxalın tamamilə dayandırılmasını tələb etsələr də, rəsmi Brüssel əvəzləyici müəyyənləşmədən bu addımı atmağa tələsmir. Aİ-nin hazırlanmaqda olan və iyunda qəbulu gözlənilən 14-cü sanksiya paketinə Rusiya maye qazından təsricən imtinanın salınması nəzərdə tutulur. Bəzi analitik mərkəzlər paket üzərində işlər yekunlaşana qədər Brüsseldə mövqenin dəyişərək, qadağanın Rusiya maye qazının idxalını tamamən əhatə edəcəyini gözləyirlər.

2023-cü ildə Avropa Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) tədarükünü 3 dəfə artıraraq 12,7 milyard kubmetrə çatdırıb. Rusiyadan boru kəməri ilə Avropaya qaz satışı 2023-cü ildə çoxillik minimuma düşərək cəmi 25-27 milyard kubmetr təşkil edib. Bunun yarıdan çoxu Ukrayna üzərindən nəql olunub və 2025-ci ilin 1 yanvarından bu nəqlin dayanması gözlənilir: Ukrayna birmənalı şəkildə öz ərazisindən Rusiya qazının nəqlinə dair müqavilənin müddətini uzatmayacağını açıqlayıb və Avropada artıq bu varianta hazırlıqlar başladılıb. Bu zaman əsas gözləntilər Ukrayna üzərindən qaz alan Avstriya və İtaliyanın ehtiyacının maye qaz hesabına təmin olunmasınadır. Belə bir şəraitdə Avropa eyni zamanda Rusiyadan maye qaz idxalını da dayandırmağa hazırlaşır. İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, Avropa İttifaqı Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoyulması ideyasını 14-cü sanksiyalar paketinə daxil etmək fikrindədir. Onun fikrincə, “14-cü sanksiyalar paketinin tətbiqi ən vacib vəzifələrdən biridir” və iyuna qədər paket üzərində işlərin yekunlaşacağına əmindir.

Hazırda mayeləşdirilmiş qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə sonrakı vurulması gücü maksimumun 46 faizlə yüklənir. Martda Avropada qazın orta alış qiyməti min kubmetr üçün 302 dollar təşkil edib, aprel ayında təxminən 321 dollardır.

Qışdan rekord həcmdə ehtiyatla çıxan Avropanın yeraltı qaz anbarları 62,01 faiz doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 18,07 faiz bəndi yüksək), onlarda 67,92 milyard kubmetr qaz var.

Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatına əsasən, qışın sonunda Avropa anbarlarında rekord qaz ehtiyatları və yayda anbarlara qaz vurulmasına aşağı tələb regionda spot qaz qiymətlərinin aşağı düşməsinə səbəb olacaq. Hesabata görə, hədsiz mülayim qışa görə anbarlardan indiyədək görünməmiş həcmdə az qaz götürülüb: “Avropa bazarı 2024-2025-ci illərin qış mövsümünə hazırlaşır, çünki qaz anbarlarının tutumu maksimuma yaxın olacaq və qarşıdan gələn yay mövsümündə cəmi 40 milyard kubmetr xalis qaz vurulması tələb olunacaq”.

Ötən qış Avropa anbardan cəmi 42 milyard kubmetr qaz çıxarıb ki, bu da son on ildə ikinci ən aşağı göstəricidir. GECF qeyd edir ki, bu, son 12 ilin ən isti qışının səbəb olduğu istilik tələbatının azalması fonunda baş verib. Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin mart ayında havaların istiləşməsi və sənaye tələbatında artımın olmaması fonunda qaz istehlakını illik müqayisədə 9 faiz azaldıb. Bununla yanaşı, keçən ay Aİ-yə boru kəməri qazı idxalı 4 faiz, ümumilikdə isə bu ilin birinci rübündə onun Rusiyadan Avropaya tədarükü 23 faiz artıb.

Bu ilin birinci rübündə Aİ-də ümumi qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz azalaraq 113 milyard kubmetr təşkil edib. Almaniyada qaza tələbat martda 10 faiz azalaraq 7,4 milyard kubmetrə düşüb. İtaliyada - 6 faiz artaraq 5,7 milyard kubmetrə, Fransada - 13 faiz artaraq 3,3 milyard kubmetrə, İspaniyada - 7 faiz artaraq 2,4 milyard kubmetrə çatıb. Böyük Britaniyada isə qaz istehlakı 12 faiz azalaraq 5,9 milyard kubmetr təşkil edib.

Martda Aİ-yə boru kəməri qazının idxalı 14 milyard kubmetr təşkil edib ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə 12 faiz, keçən ilin mart ayı ilə müqayisədə isə 4 faiz çoxdur. Ümumilikdə, 2024-cü ilin yanvar-mart aylarında Aİ-yə boru kəməri tədarükü 5 faiz artaraq 40 milyard kubmetrə çatıb. GECF qeyd edir ki, bu artım Rusiyadan tədarükün 23 faiz artması ilə əlaqədardır. Fevralda boru kəmərinin tədarükünün ümumi həcmində Norveç qazının payı 57 faiz, Rusiya qazının payı 18 faiz təşkil edib.

Martda Avropaya mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü illik ifadədə 20 faiz azalaraq 9,14 milyon tona düşüb. LNG idxalının azalması qaza tələbatın azalması, anbarların dolu olması və boru kəməri idxalının artması ilə əlaqədardır. Ümumilikdə, 2024-cü ilin birinci rübündə Avropa 30,31 milyon ton - keçən illə müqayisədə 13 faiz az maye qaz idxal edib.

Avropada rekord ehtiyatlar hesabına qaz qiymətlərində yaranan ucuzlaşma bir sıra mərkəzlərdə Azərbaycan qazına tələbin olmayacağına dair rəylərin səsləndirilməsinə səbəb olub. Lakin nəzərə alsaq ki, Avropa İttifaqı Rusiyadan həm boru, həm də maye qaz idxalını dayandırmağa hazırlaşır, onda bazarda yaranacaq 30 milyard kubmetrdən yuxarı boşluğun doldurulması üçün əlavə mənbələrə ehtiyacın olacağını söyləmək mümkündür. Üstəlik, Avropada iqtisadi artımın sürətlənməsi, sənayedə qaz istehlakının artmasını qaçılmaz edir. Bu şəraitdə Azərbaycan qazına tələbatın azalması deyil, əksinə, artması daha gözləniləndir.

Rəsmi statistikaya əsasən, bu ilin 3 ayında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”(AÇG), 6,9 milyard kubmetri “Şahdəniz”, 0,4 milyard kubmetri “Abşeron”, 2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatında 0,4 milyard kubmetr və ya 3,2 faiz artım qeydə alınıb.

Birinci rübdə xaricə qaz satışı 6,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən eynidir. Avropaya 3,2 milyard kubmetr, Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 1,3 milyard kubmetr qaz nəql olunub.

Azərbaycanda qaz hasilatının “Abşeron” yatağının istismara başlanmasından sonra xeyli artması gözlənilir. “Ümid” və “Babək” yataqlarından da hasilatın artırılması, eyni zamanda alternativ enerji istehsalı müəssisələrinin yaradılması ölkənin qaz olan daxili tələbatının ödənməsi, həmçinin xarici ölkələrə ixracla bağlı öhdəliklərə vaxtında əməl olunması imkanı yaradacaq. 

Bu ilin əvvəlindən Azərbaycan artıq Rusiyadan qaz idxalını dayandırıb. Birinci rübdə yalnız Türkmənistandan İran üzərindən svopla qaz alınıb. DSK-nın məlumatına əsasən yanvar-fevral ayları ərzində Azərbaycan Türkmənistandan ötən ilin eyni dövründəkindən 2,4 faiz çox - 208.87 milyon kubmetr qaz alıb. Bu həcm üçün Aşqabada 31.33 milyon dollar ödənilib. Bu isə o deməkdir ki, cari ildə Azərbaycan Türkmənistan üçün təbii qaz üzrə idxal qiymətlərini qaldırıb. Belə ki, 2023-cü ilin əvvəlində Azərbaycan Mərkəzi Asiya ölkəsindən aldığı hər 1000 kub metr qaza görə 140 ABŞ dolları ödədiyi halda, cari ildə qiymətlər 150 dollara qaldırılıb. Bu, Azərbaycanın Qərbə satdığı təbii qazdan 219 dollar və ya 59 faiz aşağıdır: cari ildə Azərbaycan təbii qazın hər 1000 kub-metrini xaricə 369 dollara satıb.

Qeyd edək ki, 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə uyğun olaraq, Azərbaycan Türkmənistandan ildə 1.5-2 milyard kubmetrədək qaz almalı idi, sonradan həcmlərin 3-4 milyard kubmetrə qədər artırılması nəzərdə tutulurdu. 2023-cü ildə Azərbaycan Türkmənistandan 1 milyard 517.33 milyon kubmetr təbii qaz alıb və onun idxal dəyəri 218.23 milyon dollar təşkil edib.

Yanvar ayında İran mənbələri qiymət məsələsində razılığa gəlinmədiyinə görə Türkmənistandan Azərbaycana qaz nəqlinin dayandırıldığına dair məlumat yaydılar. Bildirilirdi ki, Türkmənistan Azərbaycanın öz qazını Avropaya satdığı qiyməti tələb edir. Nə rəsmi Bakı, nə də Aşqabad bu məlumatla bağlı hər hansı açıqlama vermədilər. Rəsmi statistikanın açıqladığı rəqəmlər göstərir ki, tərəflər qiymət barədə anlaşa biliblər. 

Onu da bildirək ki, Avropada qazın qiymətinin ucuzlaşması, eyni zamanda Azərbaycanın neft ixracındakı azalma ölkənin əldə etdiyi gəlirlərin də azalmasını şərtləndirib. Rəsmi məlumata görə, 2024-cü ilin yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun büdcə gəlirləri 5 milyard 268,3 milyon manat, büdcə xərcləri isə 3 milyard 205,4 milyon manat təşkil edib. Birinci rübdə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 421,4 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 milyard 645,5 milyon manat, bonus ödənişləri 775,9 milyon manat, tranzit gəlirləri 0,3 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə fond mənfəət neftinin və qazın satışından 4 milyard 829,9 milyon manat gəlir əldə etmişdi.

Dünya SAKİT,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 3 558          Tarix: 23-04-2024, 12:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma