Sabiq Müdafiə naziri Rəhim Qazıyevlə Heydər Əliyevin hərbi səlahiyyətli nümayəndəsi Urfullah Qurbanovun arasında gedən söz dueli davam edir.
Xatırlayırsınızsa, Urfullah Qurbanov saytımızda dərc olunan xatirələrində 1992-ci ildə Naxçıvana silah göndərilməsi üçün sabiq Müdafiə naziriylə görüşdüyünü və Rəhim Qazıyevin “Naxçıvanı, getsin, Heydər Əliyev qorusun” deyərək, bu istəyi geri çevirdiyini bildirmişdi. Rəhim Qazıyev isə bu iddianı təkzib edərək, Urfullah Qurbanovu tanımadığını və belə bir hadisəni xatırlamadığı irəli sürmüşdü. Bundan sonra Urfullah Qurbanov həmin görüş zamanı Rəhim Qazıyevə təqdim etdiyi Naxçıvan Ali Sovetinin sədr müavini Asif Kələntərli tərəfindən imzalanmış məktubu ictimailəşdirmiş, və tərəf-müqabilindən “Bəs, bu məktubu necə, xatırlayırsınızmı?” deyə, soruşmuşdu.
Sabiq Müdafiə naziri Rəhim Qazıyev ona ünvanlanan suala cavab olaraq redaksiyamıza göndərdiyi məktubunda həmin sənədi xatırladığını bildirib və onun hekayəsi barədə yaddaşında qalanlardan danışıb.
Azərbaycanın ən yaxın tarixinə işıq tutan cavab məktubunu Ovqat.com oxucularına təqdim edirik:
““Ovqat” saytının 12.10.2017 tarixində oxuculara təqdim etdiyi “Urfulla Qurbanovdan Rəhim Qazıyevə cavab, Bu məktubu necə, xatırlayırsınızmı?” yazısına cavab olaraq qeyd edirəm – bəli, həmin məktubu xatırlayıram və cavab verirəm.
Birincisi məktubun MN-nə ünvanlandığı tarixdən cəmisi 12 gün öncə, 15 may 1992-ci il MDB-nin Daşkənd sammitindəki razılaşmaya əsasən 04.06.1992-ci il tarixində, ilk dəfə, o vaxt ərazimizdə yerləşən keçmiş sovet ordusunun hərbi hissələrindən birini, konkret olaraq Gəncə şəhərində yerləşən 23-cü diviziyanın əmlakını qəbul etdik. Həmin diviziyanın hərbi əmlakının (zirehli texnikalarının, artileriya qurğularının, atıcı silahlarının və sürsatlarının) böyük hissəsi hələ 1990-91-ci ildə sovet ordusu rəhbərliyi tərəfindən ermənilərə dəstək məqsədi ilə, məşhur azərbaycanlıların və Xocalı soyqırımının qatilləri olan 366-cı polkla birlikdə Stepanakertə göndərilmişdi.
İkinci, hələ o dövürdə yaradıldığının səkkizinci ayında olan Müdafiə Nazirliyinin ancaq könüllülərdən ibarət olan silahlı qüvvələri 1992-ci ilin iyun ayının 12-dən 13-nə keçən gecə uğurlu “Ağdərə” əməliyyatına başlamışdı. Həmin dövrdə son dərəcə məhdud olan hərbi imkanlarımıza baxmayaraq, təqdim etdiyiniz məktubun MN-ə göndərilməsindən xeyli əvvəl Naxçıvanda hərbi strukturun yaradılması, müdafiə sisteminin qurulması məqsədi ilə general Sərdar İsrafilov mənim əmrimlə muxtar respublikaya göndərildi.
Üçüncü, həmin məktubdan qısa müddət sonra o vaxt 777-ci hərbi hissəsini (komandir polkovnik leytinant Elçin Məmmədov) bilavasitə özüm Naxçıvana gətirdim və Naxçıvan Müdafiə Komitəsinin yerləşdiyi (oradakı diviziyanın keçmiş qərərgahı) qərərgahda yerləşdirdim.
Cənab Qurbanov, tarix qərəzlə, hikkə və təhriflərlə yazılmır. Mənim gündəmdə qalmağa zərrə qədər də ehtiyacım yoxdur. Unutmayın ki, o vaxt, yəni mən Müdafiə naziri təyin olunanda (17.03.1992-ci il) MN-nin, nəinki, bir dənə də olsun hərbi təlim görmüş taboru vardı, heç MN-nin müstəqil binası, nizamnaməsi, əsasnaməsi, milli hərbi kadrları, silah-sürsat arsenalı anlayışı belə yox idi. Keçmiş rus-sovet ordusunun Azərbaycanda yerləşən hərbi hissələrindən heç birinin əmlakının alınmasına cəhd belə, göstərilməmişdi. Baxmayaraq ki, prezident Ayaz Mütəllibovun məlum və məşhur 18 oktyabr 1991-ci il fərmanının müddəalarına əsasən, ərazilərimizdə yerləşən keçmiş rus-sovet ordusunun bütün hərbi əmlakı (tərpənən, tərpənməz, daşınan, daşınmaz) milliləşdirilərək, yenicə yaranmış respublika MN-nin sərəncamına verilməli idi. Bu vacib, cox vacib işin görülməsi həmin dövrdə Nazirlər kabinetinə - Baş nazirə və onun müavinlərinə tapşırılmasına baxmayaraq, mən nazir təyin olunan günə kimi, necə deyərlər, barmaq– barmağa belə vurulmamışdı. Respublikanın həmin dövrdəki rəhbərliyinin məsuliyyətsizliyi, laqeyidliyi nəticəsində heç bir maneyəyə, müqavimətə rast gəlməyən ərazimizdəki rus hərbi birləşmələrinin rəhbərliyi, həmin hərbi əmlakı dayanmadan ərazilərimizdən çıxararaq RF-yə göndərirdilər. Göndərə bilmədikləri hərbi texnikanı və əmlakı metalloma, hərbi oyektləri və binaları isə dağıdıb xarabalıqlara çevirirdilər. Hələ bu da azmış kimi, şərəfsiz, namərd qonşularımızın ərazi iddiası ilə vətənimizə qarşı 1988-ci ilin əvvəlindən başladıqları, arxalarında rusların, Qərbin, ABŞ-nın durduğu elan edilməmiş amansız müharibənin getdiyinin dördüncü ilində - 1992-ci ilin mart ayında daxili siyasi qüvvələr hakimiyyət uğrunda “ölüm-dirim” savaşına başlamışdılar.
Cənab Qurbanov, tarixi qərəzssiz və tərəfsiz yazıb millətə təqdim etmək hər bir vicdanlı, namuslu, vətənpərvər ziyalının vətən-xalq qarşısında müqəddəs borcudur.
Unutmayın ki, mən sizi debata dəvət edəndə, sizin düşündüyünüz kimi gündəmdə qalmağı yox, tariximizi həmin qanlı-qadalı, ağrılı-acılı məqamlarına doğru-düzgün qiymət vermək kimi zəruri, pak bir məqsədi nəzərimdə tutmuşdum.
Yenə də siz öz mövqeyinizdə qalın!
P.S. Çox hörmətli Urfullah Qurbanov, bir də xatırlatmaq istərdim ki, mən Rəhim Qazıyevəm, cəmisi on bir ay Müdafiə Naziri olmuşam, 24 ildir ki, məndən danışırlar, baxmayaraq ki, həmin müddətdə 164 il Azərbaycanı təpiyi altında əzən işğalçı rus-sovet ordusu, hərbi əmlakı bizə qalmaqla, ərazimizdən çıxarıldı, Dağlıq Qarabağın 52%-i düşməndən təmizləndi, Milli ordumuzun təməli qoyuldu. Yəni, mənim gündəmdə qalmaq üçün nə isə çaba göstərməyə ehtiyacım yoxdur. Bəs indi sənə nə düşüb ki, ölkəmizdə iqdisadi böhranın tüğyan etdiyi, ərazilərimizin 20%-nin işğal altında, bir milyon qaçqının olduğu, sosial problemlərin pik həddə çatdığı bir vaxtda qərəzli bir tarixlə gündəmə gəlirsən? Unutma ki, Heydər Əliyevin şəxsi göstərişi ilə barəmdə iki dəfə məhkəmə prosesi gedib. Yaxşı olardı ki, vicdanlı vətəndaş kimi məhkəməyə gəlib, mənim “xəyanətim” haqqında orda danışa ifadə verəydin”.
Paylaş: