“Mən maddi heç nə ummuram, amma mənəvi qayğı da göstərmir yerli hakimiyyət. Lütvəli Babayevin dediklərinin hamısı yalandır”.
Bunu 2016-ci il aprel döyüşlərində qəhrəmancasına şəhid olan Zərdab rayon sakini Nurlan Abdullayevin atası Rasim Abdullayev rayon icra başçısı Lütvəli Babayevin onun ünvanına dediyi sözlərə münasibət bildirərkən deyib. Xatırladaq ki, R.Abdullayev AFN-ə müraciət edərək rayon rəhbərliyinin şəhidin ailəsin ə və adına hörmətsizliklər etdiyini bildirib. Onun sözlərinə görə, rayon hərbi komissarlığı tərəfindən ona verilən 500 manatı icra başçısı Lütvəli Babayev alıb ki, şəhidin məzarının üstü götürülməlidir. Həmçinin L.Babayevin rayondakı dövlət müəssisələrinin rəhbərlərindən şəhidin məzarının üstünü götürmək adı ilə xeyli vəsait topladığı da şikayətdə yer alıb. R.Abdullayevin sözlərinə görə, icra başçısı ona “oğlunun meyitini yarılmağa mən qoymadım ki, bunun üçün 3000 manat xərc lazım olacaqdı, daha nə istəyirsən məndən” deyə minnət qoyub.
L.Babayev bu gün saytlara göndərdiyi yazılı açıqlamada şəhid atasını yalançı adlandırıb, onun fikirlərinin şantaj və böhtan olduğunu deyib. O, həmçinin dövlət tərəfindən şəhid ailəsinə edilən yardımları sadalayaraq, bütün bunlara baxmayaraq, şəhid atasının yuxarı orqanlara ondan şikayət etdiyini deyib. İcra başçısı şəhidin ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atdığını da bildirib.
R.Abdullayevlə əlaqə saxlayıb deyilənlərlə bağlı bir daha mövqeyini aldıq. Şəhid atası bildirdi ki, rayon icra hakimiyyətindən onun açıqlamasına heç bir reaksiya verilməyib: “Saytlara açıqlama verib məni yalan çıxarıb, amma yalançı özüdür. Mən uşağıma özüm başdaşı qoydurmaq istəyirdim, hərbi komissarlıqdan dedilər biz də yardım edərik qoyarsan, amma elə olsa icra hakimiyyəti sökdürə bilər. Oğlumun 40 mərasimi zamanı bizə komissarlıqdan 500 manat göndərdilər məclisi yola verməyə, həmin pulu qardaşım oğluna verdim apardı verdi icraya ondan sonra qəbrin üstü götürüldü. Heç bizə deyilmədi ki, nə qədər pul xərcləndi o işə. Mən Lütvəli Babayevdən heç bir maddi tələb etməmişəm, etmərəm də. Gəlsin quru ayaqla məni yoxlasın, dəstək versin. Dövlətin verdiyi yardımları sayır sonra da deyir daha sənə nə lazımdı. Mənə oğul lazım idi, onu da Vətənə şəhid verdim. Bundan sonra yeganə istəyim diqqətdir. İki ili gəlir oğlumun şəhid olmasının, icra başçısı bir dəfə mənim vəziyyətimlə maraqlanıb, hal-əhval tutmayıb. Quru ayaqla gəlib bizi yoluxsa onun heç nəyi əskilməyəcək, amma bizim təsəllimiz artacaq, dərdimiz azalacaq. Oğlumun məzarı üzərindən endirilən bayrağı mən hələ də saxlayıram. Onu cırılıb deyə endirib götürməkdənsə yeniləyə bilərdilər”.
R.Abdullayevin sözlərinə görə, oğlu təzə şəhid olanda hərbi hissədən ailəyə 2 min manat pul göndərilib: “Götürmürdüm, dedim dövlət edir mənə nə lazımdır, dedilər bunu da general göndərib, şəhid qarşısında borcumuzdur”.
Ailənin mənzil şəraitinin yaxşılaşdırılması məsələsinə gəldikdə, R.Abdullayev bildirdi ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Zərdabda vətəndaş qəbulu keçirəndə onun qəbulunda olub: “2016-cı ilin dekabrında görüşmüşük, deyib ki, aprel şəhidi kimi sizin evinizi növbədənkənar tikəcəyik, amma rayon icra hakimiyyəti sənədləşmə etməlidir. O vaxt bu vaxt hələ heç bir yenilik yoxdur bu istiqamətdə. Odur ki, Lütvəli Babayevin dediklərinin hamısı yalandır”.
HƏBİBƏ
Paylaş: