Məhəmməd Talıblı
Üzümü biz əkirik, şərabı onlar içir. Qarğıdalını biz əkirik, amma süfrəmiz bomboş. Gözlə görülməsə də, zəncirə vurulmuşuq biz, hər kəs, azadsan desə də, əslində biz elə quluq.
Oskar Uald
Müstəqilliyi ikinci dəfə qazananda biz özümüzü əsrin əvvəlindəki cumhuriyyətçi babalarımızın qurduqları respublika quruluşunun varisləri sayırdıq. İyirmi beş ərzində bu şanlı tarixin dərinliklərindən inci çıxaran tarixçi-araşdırmaçılar bizim bu illəri əhatə edən tarix bilgimizi daha da artırmağa xidmət etdilər. Bu əsərləri oxuduqca qurucu babalarımızı daha çox sevdik. Onların etdikləri fədakarlıqları anladıqca, şəxsi faicələrinə acıdıq. Onların cahanşümul ideyalarını dərk etdikcə, intelektlərinə həsəd apardıq. Amma bu tarixi heç də zəif bilməyən çoxsaylı rəsmilər, sifarişli tarix yazanlar çağdaş ideoloji ştamplara özlərini uyğunlaşdıraraq bu tarixin şanlı səhifə olmasına dair bir cümlə də yaza bilmədilər. Bu mövzunu qapatmağa çalışdılar. Bir müddət bu mövzular rəsmi səviyyədə az qala qadağan olunmuş mövzular idilər. İçində cumhuriyyət həsrəti və işığı olan vətəndaşlarımız isə cumhuriyyətin tarixi taleyimizdəki rolunu doğru dərk edərək həmin irsin yaşatmasına nail oldular.
Cumhuriyyt tariximizə baxışda bölünmüş iki cinah yarandı. Birisi, onun tarixi mahiyyətini dərk edənlər və bu yolda israrlı olub onu tarix kimi yaşadanlar. Digəri konyukturaya tabe olaraq rəsmi mesajlara özlərini uyğunlaşdıraraq ona inkarçı mövqedə duranlar. Birincilər hər ilin 31 martını və 28 mayını Novxanıda Rəsulzadənin heykəlini ziyarət etdilər. ADR-in şanlı tarix səhifəsi haqqında hər fürsətdə onu qürur mənbəyi kimi təbliğ etdilər. M.Ə.Rəsulzadə və onun silahdaşlarının tarixi səlnaməsinə sahib çıxdılar. Digərləri müstəqillik tarixinin zamanını qısaldıb bunu son 25 ildən yazıldığını ictimai rəyə təqdim edirdilər. Bu tarixə baxış mübahisəsinə ölkə rəhbərinin bir sərəncamı ikinci cinahda duranların tarixin təkərini geriyə fırlatmaq cəhdini durdurdu. 2018-ci il rəsmi qayda da cumhuriyyət ili elan olundu. Bundan sonra ikinci cinahda yer alanlar dönüb oldular cumhuriyyət tarixinin tərəfdarları. Tarixi rakurslarını dəyişdilər.Tarix haqda təsəvvürlərini 360 dərəcə deformasiyaya uğratdılar. Çünki, tarixi sərəncamlardan anlamışdılar.
Tarixi təcrübədən çıxmış bir gerçəkliyi gərək unutmayaq: tarix mədəniyyətlərə və hadisələrə subyektiv münasibətlərdən asılı olmayaraq öyrəniləndə gerçəkçi məzmun almağa başlayır. Oksford Universitetinin professoru Yuval Harari tarixi ədalətin mövcudluğu haqqında yazdığı iki kitabı çox bəyəndim. (“Sapiens: Bəşəriyyətin qısa tarixi”, 2017 və “Homo Deus: Sabahın qısa tarixi”, 2018) Yuval Noah Hararinin “Homo Sapiens: əvvəli və sonu” əsərində tarixlə bağlı yazır: “Təxminən 3.8 milyard il öncə dünya planetindəki bəzi molekullar orqanizma deyilən mürəkkəb strukturlar yaratdı. Bunu izləyən insan mədəniyyətlərinin inkişafına da “Tarix” deyirik.” Bizim bəzi tarixçilər ADR-in epoxasını mədəni və xronoliji ardıcıllıqlardan bir həlqə olaraq çıxararaq Azərbaycan tarixini bütöv bir zəncir halında təqdim etməkdən az qala imtina etmişdilər. Etdikləri tarixi saxtakarlıq cəhdi zamanı antitezislə heç düşündülərmi ki, hətta bir neçə əsrlik tarixdən 23 aylıq cumhuriyyət “həlqəsini” çıxarsaq, yerdə hansı tarixdə dəyər zənciri qalar? Bu bizim ikinci müstəqillik illərindən sonrakı tarixi mübahisələndirmələrdə ən utanverici səhifəmiz oldu. Şükür ki, indi o səhifə əsasən bağlanıb.
Tarix rəsmi ideologiyalara tabe etdiriləndə...
Uzun illər əsrin əvvəlindəki cümhuriyyət tarixinin milli özünüdərkin əsas mərhələsi sayıldığı dönə-dönə deyilirdi. Bəziləri bu tarixi gözdən salacaq nəinki nadürüsütlik etdilər, hətta bununla böyük tarixi suça yol verdilər. Vaxtı ilə Elçibəy-Rəsulzadə ideoloji identifikasiyasına ironik yanaşanaların tarix “şüuruna” bir rəsmi sərəncam kifayət etdi. Özünü tarixçi sayanlar həmin şəxslər bircə gecənin içərisində dönüb oldular “cumhuriyyətçilər”. Uzun illər rəsmi televiziyalarda siyasi mülahizələr əsasında saxta tarixi cəmiyyətin “mədəsində” üyüdənlər, indi sifariş əsasında başqa tarixi gerçəklikləri interpretasiya etməli oldular. Ölkə başçısının bircə sərəncamı ilə elə həmin tarixi söyərək topa tutanlar, indi həmin tarixi öyməyə başlayıblar. Guya ki, bir sərəncamla bizim tarix şüurumuz bərabərləşdi?
Təbii ki, cumhuriyyət tarixinə baxış fərqi bir sərəncamla dəyişən deyil. Bunu yalnız bayram kimi təqvim kimi düşməsini dar mənada təsəvvür edənlər cumhuriyyət kitabının əzablı səhifələrini indi anlaşılmazlıq içərisində vərəqləyirlər. Qan gölündə azadlığı qazananların həyatlarını da tarixdən və rəqəmlərdən dərk etməkdə çətinlik çəkirlər. Onları yaxından tanımadıqları üçün bəlkə də utanırlar. Lakin bu yolun yolçuları ikinci dəfə əsrin sonunda milli azadlıq hərəkatında iştirak edəndə də həmin əzabları yaşadılar. Cumhuriyyətin yaşatdıqları əzabları öz “dərilərində” hiss etdilər.
Cumhuriyyət tarixini yaşadaraq çağdaş dövrümüzə gələn bu yolda azadlıq və demokratiya uğrunda şəhid olanlar, ömrünü mübarizəyə həsr edərək şəxsi həyatlarını fəda edənlərimiz olub. Onlar azadlıq yolunda milli faciələr dadıblar. Çəkmədikləri çilələr qalmayıb. Həbsxanalardan keçiblər. Azad görmək istədikləri məmləkətin cəfasın görüblər, səfasın yox. Mübaribə görüblər, neft pulları yox. Bu nəslin cumhuriyyət üçün çəkdikləri ilə bu tarixin mahiyyətini anlamayan kosmopolit bir nəslin Vətən qarşısında məsuliyyətlərini və fədakarlıqlarını bir sərəncam necə eyniləşdirə bilər ki?
Sərəncam olmasaydı, bu böyüklükdə tarix insitutu şanlı tarixi ölkə rəhbərliyinə xatırladıb bu tədbirlər üçün hansı işlərin görülməsini müzakirə etməli deyildimi? Tarix üçün gəldi-gedər hökumətlərin millətin tarix səhifəsinin ardicillığını nəzərə almağa çağırmalı deyildimi? Bundan sonra necə olacaq?
Tarixi hökmdarlar yazanda bu gerçək tarix olmur. Tarixi qaliblər yazanda da eyni məzmunda olur. Qalıcı tarixi istəyiriksə, onu çağdaş dövrün ideoloji ştamplarından uzaqda saxlamalıyıq. Tarixi rolları şişirdib və ya onların əhəmiyyətini azaltmaqla eyni dərəcəli ifrata yol verməməliyik. Bu təkcə bizim nəslin yox, bütün nəsillərin yaza biləcəyi ədalətli tarix üçün yeganə meyar olmalıdır.
Tarixə saxtakar və ya yaltaq nəzərlə baxış əsas meyara çevriləndə toplum içindən sınır. Qorxunun təzyiqi altında saxta tarix tirajlanır. Qorxaqlar onu alqışlayır. Cəsurlar isə onunla barışmır və dirəniş göstərirlər. Bu zaman milləti vahid istiqamətə yönəldən tarix yaddaşı formalaşmır. Qeyri-müəyyənliyin təsiri altında “yaralanmış” tarix milli problemlərin həlli üçün cəmiyyəti toparlayıcı gücə çevrə bilmir. Bu konteksdə Fransanın məşhur mütəfəkkirlərindən olan Jan Jak Russonun “İctimai müqavilə” əsərində (“Səslər” bölümündə ) maraqlı bir yanaşa tamamilə yerinə düşür: “Qul halına düşən vətəndaşlar azadlıqlarını və iradələrini itirdikdə mənfi bir hal ortaya çıxır. Belə vaxtlarda qorxu və yaltaqlıq səsləri alqışla əvəz edir, mübahisə sona çatır, insanlar ya səcdə edirlər, ya da lənətləyirlər.” Biz yaxın keçmişimizdə oxşar vəziyyətlə rastlaşdıq. Toplumu səcdə edənlərə, lənətlənmişlərə böldülər. Cəmiyyətdə ortaq dəyərlər, uzlaşdırıcı məqamlar aradan qalxdı. Vahid platformaya yönələn milli güc təşviq edilmədi. Yaradıla biləcək həmin güc sındırıldı. Aşındırıldı. Birləşdirici nöqtələr “qordi” düyünü kimi kəsildi. Cəmiyyət sektalar halına gətirildi. Əslində gələcəyi öyrənmək üçün keçmişi yaxşı oxumalı olduğumuz halda, bizə keçmişi oxuyub öyrənməməyi tərcih edirdilər. Sağ olsunlar, millətin gözünü açan, onu maarifləndirən bir neçə milli mücahidin çiyinləri üzərində bu tarixi unutdura bilmədilər. Cəmil Həsənli, Şirməmməd Hüseynov, Nəsiman Yaqublu və digər tarixçi-araşdırmaçılar keçmişimizi bu günə gətirib çıxara bildilər. Bizlərə cumhuriyyət tariximizi ərməğan etdilər.
Cumhuriyyətə layiq olmayan əməllərimiz
Bu gün (28 may, 2018) ölkədə cumhuriyyət sevincini hamı dada bildi. Ölkədə bayram ovqatı duyuldu. Eyni dünyagörüşü bölüşməsək də, eyni duyğunu bölüşdük. Lakin tarix bir günlük bayram ovqatından ibarət deyil. Bu mənada cumhuriyyətin 100 ili təkcə bir sərəncamın mürəkkəbi qurumamış unudulmalı deyil. Sərəncamın maliyyə və institsional aspekti daha çox real məzmunlu işlər görməyi tələb edir. Görüləsi çox işlərimiz var. Çünki, görülməli olduğumuz işlər sadalanmasa nədən başladığımızı aydın təsəvvür edə bilməyəcəyik. Çünki, cumhuriyyətin banisi olan M.Ə.Rəsulzadəyə münasibət hələ də ürəkaçan səviyyədə deyil. Dəyərli dostumuz Emil Əmiraslanov bununla bağlı dünən tarixləri göstərilməklə bir neçə maraqlı xronologiyasın bəyəndim. Zəhməti üçün çox sağ olsun deyirəm. Həmin qeydlərdən bəzilərinin dəqiq tarixi göstərilməklə sizlərlə bölüşmək istədim. Azərbaycanın əsas ali təhsil ocağı olan BDU-dən Rəsuzladənin adı silinib və büstü düz 18 il bundan qabaq götürülüb. Hələ də bu tarixi ədalətsizlik bərpa olunmayıb. Tərtərdə (2012), Ağsuda(2007), Ağcabədidə(2000), Qobustanda(2011) və Sabirabadda(2012) Məmməd Əminin heykəlləri, bəzilərində isə büstləri götürülərək arxivə verilib. Gəncə də isə abidə hasara alınıb və heykəlin üzərinə torba keçirilib. Bircə dənə metrostansiyasına cumhuriyyətçilərindən nəinki kimsənin adı verilməyib, əksinə 28 may metrostansiyanın təmiri zamanı divarın üzərinə mərmər kafel vurularaq üzəri örtülüb. “Bakmil” metrostansiyasının yanında depo ərazisində Rəsulzadənin büstü sökülüb. (2015) "Ulduz" metrosunun yanında olan büst isə zibilliyin, kol-kosun içində görünməz hala düşüb. M. Ə. Rəsulzadənin ev muzeyi də yoxdur. Çox təəsüf ki, Rəsulzadəyə məxsus mənzil transmilli neft korporasiyası olan ADR-100 illiyi ilə bağlı bəzi sponsorluq layihələrini maliyyələşdirən BP-nin təlim mərkəzinə verilib. Bu ürək sızladan faktları daha da artırmaq olar. Amma faktların çoxluğu və ya azlığı acı reallıqların üstünü örtmür. Onlara olan laqeydlikləri bir daha aşkarlayır. Bu acı reallıqları dəyişməyin yeganə yolu hökumətin cumhuriyyətçi babalarımıza rəsmi münasibətini dəyişməkdən keçir. Onların yaratdıqları tarixi qəhrəmanlıqları bu günə necə daşımağın tanıtım formalarını yaşatmalıyıq. Təkcə Məmməd Əmin bəyi deyil, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Nəsib bəy Yusifbəyli, Fətəli Xan Xoylu və digər cumhuriyyətçi babalarımın adları ölkəmizin hər yerində layiq olduqları yerlərdə anmalıyıq. Nuru Paşanı bu tərkibdən kənarda təsəvvür etməli deyilik. Onların heykəlləri, büstləri, universitetlərə adların verməliyik. Onların müxtəlif tanıtım formalarında ifadə edib dəyərləndirməliyik. Onların övladlarını və nəvələrini bu ölkənin fəxri vətəndaşları etməliyik. Cumhuriyyət tariximiz üçün uğur modellərini bu günə necəsə daşımalıyıq. Daşımaq ağır yükdür, yükümüzdən fərəhlənməliyik!
Paylaş: