ABŞ dövlət katibi Maykl Pompeo İran xalqını qış günü dönümü (Günəşin göy ekvatorunun ən uzaq ekliptika nöqtəsindən keçməsi vaxtı; bu hadisə ildə iki dəfə olur: yayda iyunun 22-də və qışda dekabrın 22-də) münasibətilə təbrik edib. Öz Twitter hesabına yerləşdirdiyi təbrik icmarıcında Pompeo azərbaycanlıları qıcıqlandıracaq ifadə işlədib. ABŞ dövlət katibi Azərbaycanın dahi klassik şairi olan Nizami Gəncəvini “fars şairi” kimi qələmə verib.
Amerikalı dövlət katibinin bu “tviti” sosial şəbəkələrin Azərbaycan seqmentində böyük rezonans doğurub. Sosial şəbəkə istifadəçiləri Nizami Gəncəvinin azərbaycanlı olmasına dair arqumentlər gətirərək, Pompeonu sərt tənqid atəşinə tutub.
“Yeni Müsavat”a danışan Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, ümumiyyətlə, ABŞ-ın dövlət katibinin bu məsələ haqqında danışması gülüncdür: “Nizamini siyasi məqsədlər üçün farslara bağlamağa çalışırlar. Nizami Gəncəvi Azərbaycan torpağında yaşayıb və Azərbaycana məxsus şairdir. Bu gün heç onun etnik mənsubiyyətini də axtarmırıq. Azərbaycanda yaşayıb və yaradıb. İndi də ölkəmizə xidmət edən elən insanlar var ki, heç onların etnik kimlikləri ilə maraqlanmırıq. Dünya yüz ildir ki, bu kimi mübahisələrdə iştirak edir. Bütün ciddi cəhdlə İran mədəniyyətinin tərəfdaşları Nizamini Azərbaycandan qoparmağa çalışırlar. Ancaq bu, mümkün olan şey deyil. Əlbəttə ki, o dilə xidmət edib və həmin dildə yazılan ədəbiyyatda da onun yeri var. Ancaq bu, Nizaminin Azərbaycan şairi olmadığını təsdiq etməz. Bu gün belə dünyanın müxtəlif ölkələrində yaşayan və məsələn, ingilis dilində yazan onlarla şair var ki, həmin şairlərin heç biri ingilis ədəbiyyatının nümayəndəsi deyil. Eləcə də fransız, rus dilində yazan şairlər, yazıçılar var ki, onlar siyasi şəraitdən, dövlət sistemlərindən asılı olaraq bu dildə yazıblar. Ancaq bu, həmin şəxsləri milli kimliklərindən qoparmayıb. Nizami də türk ruhu ilə yazmış, Azərbaycan torpağının övladıdır. Heç nə ilə də sübut edə bilməzlər ki, o, fars şairidir. Təmiz fars şairləri də bir zamanlar Nizaminin ləhcə ilə yazdığını qeyd edirdilər ki, onun yazdıqları ləhcə dilidir. Nizaminin Azərbaycanca yazılmış şeirləri də tapılıb, güney Azərbaycanda kiçik kitab formasında çap da edilmişdi. Nizaminin adı ilə al-ver etmək istəyənlər onun burada da üzə çıxmasına imkan vermədilər. Çünki burada da Nizamiyə münasibətdə müəyyən siyasi, milli, etnik maraq güdən adamlar var. Onu Azərbaycandan heç kim qopara bilməz. Amerika dövlət katibinin isə bu işə qarışması çox gülüncdür. O, getsin Amerikanın, dünyanın siyasi problemləri ilə məşğul olsun. Pompeo kimdir ki, Azərbaycanda hansı şairin kimə məxsus olduğunu müəyyənləşdirsin. Bu, vaxtilə Stalinin ədəbiyyat işlərinə qarışmasına bənzəyir”.
Rüstəmxanlı hesab edir ki, bizim bu məsələdə təbliğat işi qurmağımıza ehtiyac yoxdur: “Biz nə üçün təbliğat işləri aparmalıyıq? Öz şairimizin bizə məxsus olması ilə əlaqədar nə üçün təbliğat aparmalıyıq? Nizaminin məzarı Gəncədədir. Bunu görmürlər? Nizaminin əsərlərinin nə zaman, harada yazıldığı da məlumdur. Hədiyyə olaraq onun əsərləri Şirvanşahlara verilib, Atabəylərə ithaf olunub. Sadəcə olaraq yalnız burada dil bizim deyil. Yazdıqları, o zaman şərqin mifoloji sujetləri əsasında yazılmış əsərlərdir. Bu da onun fars şairi olduğunu isbat etməz. O zaman ərazi olaraq ”İran" deyilən bir yer vardı. Həmin İran ərazinin də sahibləri türklər idi. Yenə də desələr ki, Nizami Gəncəvi İran ərazisinin şairidir, bunu başa düşmək olar. Çünki həmin ərazidə türk, fars eləcə də başqa şairlər də olublar. Lakin birbaşa demək ki, Nizami Gəncəvi fars şaridir, bu, gülünc məsələdir. Xətrini çox istədiyim, gənc yazar Kəramət Böyükçöl də Nizaminin fars şairi olması ilə bağlı status yazıb. Elə bil ki, bizim cavanların da başı xarab olub. Bunlar kimin dəyirmanına su tökürlər?"
Sabir Rüstəmxanlı hesab edir ki, məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin də münasibət bildirməsinə gərək yoxdur: “Bu, gülünc bir şeydir. Yazıçılar İttifaqı bəyəm sübut etməlidir ki, Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov, Çingiz Hüseynov, Natiq Rəsulzadə azərbaycanlıdır? Rus dilində yazan bizim şairlərimiz çoxdur. Eləcə də ingilis dilində yazanlar da var. Sübut etməlidirlər ki, onlar Azərbaycan şairləridir? Amerikada yaşayıb, ingilis dilində yazan erməni şairi də var. O da sübut etməlidir ki, ermənidir? Dünya bilmir ki, kim kimdir? Nizami Gəncəvi dünya şairidir. Dünyanın hər yerinə onun əsərləri yayılıb. Hər yerdə də Nizaminin yazdıqlarını sevə-sevə oxuyurlar. Nizami Gəncəvi ən az farslara məxsusdur. Çünki farslar hər zaman ona qısqanclıqla yanaşıblar”.
Əli RAİS,
“Yeni Müsavat”
Paylaş: