Xəbər lenti

 

Behbud xan Cavanşir cümhuriyyət dövrünün ən parlaq, ən işgüzar nazirlərindən olub. Erməni məsələsində olduqca qətiyyətli mövqe sərgiləyib. Ermənilər daxili işləri naziri kimi onu və Nazirlər Şurasının sədri Fətəli xan Xoyskini 1918-ci ildə Bakının alınması vaxtı baş vermiş bir sıra ermənilərin ölümündə – hansı ki, ermənilər bunu qırğın adlandırır – ittiham edirlər. Buna görə də ermənilər onların hər ikisini qətlə yetiriblər.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi bildirib.
Onun sözlərinə görə, Behbud xan Cavanşir son nəfəsində şəxsi düşməninin olmadığını bildirib, bu aktı ancaq ermənilərin edə biləcəyini deyib:

“Türkiyənin ilk vəkil qadını, Əhməd bəy Ağayevin qızı Sürəyya Ağaoğlu onun qətli ilə bağlı açılmış cinayət işində vəkil olub. Amma İstanbulda həmin vaxt ingilis komandanlığı idi. Erməni lobbisi bu işi çox güclü hazırlamışdı. Ona görə də prokuror Behbud xan Cavanşiri vuran adama – Misak Torlakyana ölüm cəzası istəsə də həmin prokuror 24 saat ərzində Türkiyədən uzaqlaşmağa məcbur edildi. Yerinə gələn yeni prokuror isə müttəhimə bəraət istədi. Təbii ki, qatilə bəraət verildi və həmin gecə İstanbuldakı ermənilər tərəfindən vəkili ilə birlikdə Amerikaya qaçırıldı”.

Solmaz Rüstəmova-Tohidi daha sonra “Nemezis əməliyyatı” barədə danışıb. Qeyd edib ki, “Daşnaksütyun” Partiyasının keçirdiyi bu terror aksiyasının məqsədi qondarma erməni soyqırımını və guya 1918-ci ildə Bakıda erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınması idi:

“Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri var idi. Əməliyyatın adı qədim yunan intiqam ilahəsi Nemezidanın adından götürülüb. Əməliyyatın keçirilməsi erməni ictimai-siyasi xadimi olan Haqop der Haqopyanın (təxəllüsü Şahan Natali) təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, İrəvanda keçirilən “Daşnaksütyun” Partiyasının IX qurultayında qərara alınıb. O özü sonralar etiraf edib ki, Fətəli xan Xoyskini, Həsən bəy Ağayevi, o cümlədən Behbud xan Cavanşirə qarşı terror aktını özləri təşkil ediblər. Xəlil bəy Xasməmmədovu yaralayıblar. Yəni, etirafları var. Onlar əsas götürürlər ki, guya Bakı alınanda erməni əhalisi arasında qırğınlara yol verilib. Hökumət başçısı olaraq Fətəli xan Xoyski və daxili işlər naziri olaraq Behbud xan Cavanşir guya bunun üçün məsuliyyət daşıyıb. Amma Fətəli xan parlamentin açılışında demişdi ki, hökumət Bakıya şəhər azad olunandan yalnız 3 gün sonra daxil olub və kim olur-olsun Bakıdakı hadisələrin qarşısını ala bilməzdi. Çünki 1918-ci ilin sentyabrında Bakıda baş verən hadisələr mart hadisələrinin cavabı idi. Fətəli xan da bunu deyir, tarixi faktlar da bunu göstərir. Mənim tədqiqatlarımda da o hadisələr tamamilə açılır.

Yəni, Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında həmin cinayətlər sübut olunub. Bunlar mart hadisələri zamanı əllərində siyahılar və silah gəziblər, müsəlmanları öldürüblər. Fətəli xan Xoyski də parlamentin ilk iclasında deyir ki, dünyanın heç bir ölkəsində hökumət hakimiyyət dəyişikliyi baş verəndə baş qaldıran o xaosun qarşısını ala bilməzdi. Həmin hadisələrə ədalət gözü ilə baxılarsa, o baş verməli idi. Çünki 5 aydan artıq idi ki, Bakının bütün müsəlman əhalisi tamamilə təzyiq altında yaşayırdı, böyük itkilər vermişdi. Elə bir ailə yox idi ki, itki verməsin və bu gözlənilən idi. Heç bir hökumətin qüdrəti yox idi ki, o hadisələrin qarşısını alsın. Bütün bunlar həmin dövrün böyük mürəkkəb hadisələri idi. Buna görə də ermənilərin həmin hadisələrə görə qisas əməliyyatı aparmasına heç bir şəkildə bəraət qazandırmaları mümkün deyil”.

Solmaz Rüstəmova-Tohidi bu hadisənin İstanbulda baş verməsi barədə də danışıb. Qeyd edib ki, Osmanlı dövləti həmin vaxt məğlub vəziyyətdə idi və türklər ölkədə baş verən hadisələrə təsir etmək imkanında deyildilər:

“İstanbulda ingilis komandanlığı hökm sürürdü. Məhz bu səbəbdən Behbud xan Cavanşiri qətlə yetirəni cəzalandırmaq mümkün olmadı”.

Qeyd edək ki, 98 il əvvəl bu gün – 19 iyul 1921-ci ildə İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin ikinci daxili işlər naziri (17 iyun-7 dekabr 1918-ci il) Behbud xan Cavanşir qətlə yetirilib. Qatil Misak Torlakyanın işinə Britaniya hərbi tribunalı baxıb, tribunal onu qətli törədməkdə günahkar bilir, lakin əlavə edir ki, Torlakyan qətli törədərkən affekt vəziyyətində olduğundan törətdiyi cinayətə görə məsuliyyət daşıya bilməz. Onu Yunanıstana deportasiya edirlər. Oradan isə ABŞ-a qaçırılır. Qətlin digər iştrakçıları Edvard Fundukyan və Arutun Arutunyans idi.

Behbud xan Cavanşirin qətli 1920-ci ildən 1922-ci ilədək həyata keçirilən “Nemezis əməliyyatı” çərçivəsində Azərbaycan və Türkiyənin dövlət və siyasi xadimlərinjə qarşı törədilən ağır cinayətlərdən biridir.




Ana səhifəyə qayıt        Baxış: 572          Tarix: 18-07-2019, 10:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma